Uşaq futbolu ilə bağlı layihə çərçivəsində növbəti reportajımızı Azərbaycan futbolunun beşiyi sayılan Tovuzdan hazırladıq.
Artıq 5-cü mövsümdür ki, Tovuz I Divizionda təmsil olunur. Hazıda ilk dövrəsi başa çatan 2017/18-ci illər mövsümünü “Turan Tovuz” 5-ci yerlə başa vurub. I Divizionda çıxış etməsinə baxmayaraq “Turan Tovuz” lisenziyalaşdırma prosesinin demək olar ki, bütün ktireriyalarına cavab verir. İstər infrastruktur baxımından istərsə də, uşaq futbolu baxımından bir çox elita klublarından üstündür.
Tovuzda futbol üçün şərait və imkanlar...
Tovuz şəhər stadionu ilə yanaşı Tovuzda yerləşən “Top KLub” qapalı idman meydançası və trenajor zalı da “Turan Tovuz”un istifadəsi üçün ayrılıb. Stadion ərazisində tikintisi yarımçıq qalmış qapalı manej və süni örtüklü mini meydança da var. Mini meydançanın ölçüləri 42-24m-dir.
Əsas meydança FİFA-nın 2 ulduz sertifikatlı süni örtükdür. Meydançanın ölçüsləri 105-60m-dir. Tribunanın azarkeş tutumu 6500 nəfərdi. Tribunada xüsusi şüşəli VİP loja var. Burada maksimum 15 nəfər oturub oyuna baxa bilər. Tribunanın bir tərəfi üstü örtülü, qarşı tərəfi isə üstü açıqdı. Stadionda 4 soyunub-geyinmə otağı var. Futbolçuların təlim-məşq zamanı qalmağı üçün bazada 13 otaqdan ibarət bina var. 2-3 nəfərlik otaqlardı. 1 baş məşqçi və 1 köməkçi məşqçilər üçün otaq var. Bazada hakimlər otağı, həkim otağı-dopinq nəzarət otağı, massaj otağı, yeməkxana və muzey də var.
Tovuzda futbol üçün resurs və şərait baxımından imkanlar çox genişdi. İnfrastruktur yüksək səviyyədədi. Yeganə sıxıntı isə yenə maliyyə ilə bağlıdır. Futbolumuzun beşiyi olan Tovuza olunacaq istənilən dəstək gələcəkdə Azərbaycan futboluna böyük xeyir verəcək.
Tovuz futbolunun hazırkı durumu ilə bağlı "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyevlə söhbət elədik. O, Azərbaycanda futbol məktəbi sayılacaq Tovuzun maliyyə sıxıntıları ucbatından daima əngəllər yaşadğınıı bildirdi: “Tovuz futbolu haqda çox danışmağa ehtiyac yoxdur. Nailiyyətlər, futbolumuza verdiyi töhvələr özü Tovuzun futbolumuzun beşiyi olduğunu təsdiq edir. Bİr çox ilklər məhz “Turan”la bağlıdır. Yetirmələrinin adını saymaqla bitməz. Çox təəssüf ki, maliyyə problemləri daim komandanın önünü kəsib. Ümid edirəm ki, sponsor məsələsi həllini tapacaq və Tovuz futbolu əvvəlki əzəmətini qaytaracaq. Bütün çətinliklərə baxmayaraq yüksək liqa klubları səviyyəsində uşaq futbolumuz, infrastruktrumuz var. Buraya ediləcək yatırımdan gələcəkdə tək “Turan Tovuz” yox, bütün Azərbaycan futbolu faydalanacaq”.
Tovuzda uşaq futbolu
Tovuzda uşaq futbolu Maliyyə problemlərinin olmasına baxmayaraq uşaq futbolu heç vaxt diqqətdən kənarda qalmayıb. Kasad büdcə ilə varlığını sürdürməyə davam edən “Turan Tovuz” xüsusi diqqəti uşaq futboluna, istedadlı gənclərə yönəldir. Təsadüfi deyil ki, əsas komandaya 15-16 yaşlı Fərid Xasıyev, Ülvi Hüseynov, , Elmin Bayramov, Elvin Sadıqov, Muxtar Cəfərov, Ramin Süleymanov kimi gənclər dəvət olunaraq peşəkar liqada öz ustalıq səviyyələrinin artırılmasına şərait yaradılıb. Sevindirici haldır ki, futbol üzrə Azərbaycanın əsas milli komandasının heyətində Tovuz futbolunun 5 yetirməsi də yer alır. Elvin Məmmədov, Budaq Nəsirov, Cavid Tağıyev, Rəhman Hacıyev və Amil Yunanov əsas millimizdə Tovuzu layiqincə təmsil edirlər. Uşaq futbol məktəbində 300-ə yaxın uşaq və yeniyetmə futbolçu futbolun sirlərini öyrənirlər. Bu say getdikcə artmaqdadır. Seleksiya işləri ilə yanaşı ətraf rayon və kəndlərdən də “Turan Tovuz”a qoşulan kifayət qədər istedadlı uşaqlara rast gəlmək mümkündür. Bütün məşqçilər müvafiq kateqoriyaya malikdirlər. Son müşahidələr onu göstərir ki, klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün əllərindən gələni edir. Uşaq futbolu ilə bağlı Tovuzun Uşaq Futbol Məktəbinin rəhbəri Rasim Əliyevlə söhbət etdik. O, uşaq futbolu ilə bağlı nikbin fikirlər bildirdi: “Futbol məktəbimiz fəaliyyətini uğurla davam etdirir. İstər isteadlı uşaqların sayının artması, istərsə də qazanılan nəticələr bunu deməyə əsas verir. Bu mövsümdən etibarən qərara aldıq ki, bütün komandalar vahid məşq proqramı üzrə hazırlıq keçsin. Məşqlərimiz də bu proqrama uyğun keçir. Hazırlığın gedişatı haqda müsbət fikirlər söyləmək olar. Məşqlərin keyfiyyətində, yeni qoşulan uşaqların adaptasiyasında nəzərə çarpacaq dərəcədə irəliləyiş var. Xeyli yeni uşaq cəlb olunub. Onların arasında istedadlıları da kifayət qədərdir. Məqsədimiz yeni-yeni istedadları üzə çıxarıb onları futbolumuza qazandırmaqdır. Mütəmadi olaraq seleksiya işləri aparırıq. Valideynlərin də marağı olduqca artıb”. Rasim müəllim, Tovuzun uşaq futbolunda çalışan məşqçilərin hamısnın yüksək səviyyədə olduğunu söylədi: “Bütün məşqçilərimiz savadlı, ixtisaslı, öz işinə məsuliyyətlə yanaşan insanlardır. Hamısı futbolun içindən gəlib. Müvafiq məşqçi kateqoriyalarına malikdirlər. Kateqoriyaların artırılması üçün daim kurslarda iştirak edirlər. Buna da birlikdə hazırlaşırıq. Toplantılar keçirib fikir mübadiləsi aparırıq. Belə olan təqdirdə məşqçilərimizin bilikləri artacaq, bu da öz növbəsinə məşqlərin keyfiyyətinə müsbət təsirini göstərəcək”. Digər önəmli bir iş futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsidir ki, bu sahə AFFA-nın son illərdə gördüyü mühüm işlərdəndir. Yerli ixtisaslı məşqçi və müəllimlərin hazırlanması prosesinə tovuzlu mütəxəssislər də qoşulub. Hazırda Nizami Sadıqov, Rasim Əliyev, Eltay Aslanov, Ruslan Abbasov, Eldəniz Hüseynov, , Nadir Nəbiyev, Həsən Əhmədov, Xəyal Qarayev, Etimad Qurbanov, Elxan Abdıyev, Kamal Ələkbərov, Nİzami Ocaqverdiyev, Ənüşirəvan Ağazadə UEFA və AFFA-nın müvafiq ali məşqçilik kateqoriyalarına malikdirlər. Hazırda Tovuzda futbol hakimlərin yetişməsinə də ciddi önəm verilir. Futbolun inkişafı həm də obyektiv hakimlikdən ibarətdir. Artıq Yaşar Abbasovun adı ölkə futbol hakimlərinin ən qabaqcılları sarasındadır. Dəfələrlə beynəlxalq oyunlar idarə etməklə, Y.Abbasov futbol hakimliyində öz sözünü deyib. Sevindirici haldır ki, hazırda iki region hakimindən biri Kərim Kərimovdur. O, artıq gənc və perspektivli hakim kimi həm əvəzedicilər, həm də birinci dəstə komandaları arasında oyunları idarə edir. Onun briqadasında istedadlı yan xətt hakimi Elsevər Alıyev də yer alır. Samir Ələsov, Elşən Məmmədov kimi hakimlər də inanırıq ki, tezliklə uğurlu idarəçilikləri ilə ölkəmizi təmsil edəcəklər.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”
HƏMİD
saytlarin hazirlanmasi