Artıq 3-cü mövsümdür ki, “Zirə” Premyer Liqada çıxış edir. Cəmi-cümlətanı 4 yaşı olsa da, özünü yaşından böyük aparmağı bacarır. Sırf komandanın göstərdiyi nəticələri nəzərdə tuturuq. “Qartallar” yarandığı ilk mövsümdə elitaya vəsiqə qazandı. Premyer Liqada debüt mövsümündə isə hamını təəccübləndirərək gümüş medal qazandı. Ancaq UEFA-nın qaydalarına əsasən hələ yaranmasından 3 il keçmədiyindən avrokuboklara qatıla bilmədi. Növbəti mövsümdən, yəni cari 2017/18 mövsümündən arzularına çatdılar. Zirəlilər Avroliqada debüt etməsinə baxmayaraq bir mərhələ adlamağı bacardı. Bu mövsüm də medallar uğrunda mübarizə aparırlar. Ən azı bürünc medalı qazanmağa yaxındılar.
Göründüyü kimi, komanda üzərinə düşən vəzifəni yerinə yetirir - nəticə verir. Bəs klub? Maddi baxımdan “Zirə”də heç bir problem yoxdur. Bir neçə sponsoru olan paytaxt klubu israfçılığa da yol vermir. Yəni burada maliyyə qənaətlə sərf olunur. Bunu “ayrılan vəsait təyinatı üzrə xərclənir” ifadəsi ilə də əvəz edə bilərik. Ancaq daha böyük kluba çevrilmək üçün daha qlobal işlər görülməlidi. “Zirə” ilk növbədə baza problemini həll etməlidir. Standartlara uyğun stadion və məşq meydançaları, akademiya üçün tələb olunan infrastruktur qurulmalıdır. Mətbuat departamentinin də tərəqqiyə ehtiyacı var. Bu yazını oxuduqda bu fikrimizi siz də təsdiqləyəcəksiniz.
Sayt
Ənənəyə sadiq qalaraq saytın fəaliyyətindən paylaşırıq. “Zirə”nin rəsmi veb ünvanı bir qədər bəsit formada dizayn edilib. Bölmələrin sayı çox azdı və məlumat bazası zəngin deyil. Birinci bölmədə komanda üzvləri ilə tanış ola bilərsiniz. Ancaq dərhal görünür ki, bu bölməyə yay “transfer pəncərəsi” bağlandıqdan sonra “əl gəzdirilməyib”. Yoxsa qışda komandadan ayrılan Qabriel Matey, Yusif Nəbiyev, David Manqa, Təmkin Xəlilzadə və Nicat Qurbanov kimi futbolçuların adları hələ də heyətdə olmazdı. Təbii ki, belə olan surətdə qış fasiləsində transfer edilənlərin adlarına rast gəlməməyimizi də normal qarşılamaq məcburiyyətindəyik. İkinci bölmənin sırf ev oyunlarının keçirildiyi stadiona həsr olunması mənasızdır. Ondansa klubun rəhbərliyi və tarixi haqqında məlumatlar əksini tapsaydı, daha məqsədəuyğun olardı. 3-cü bölməyə daxil olanda önünüzdə Premyer Liqanın turnir cədvəli açılır. Ancaq cədvəl sizi yanılda bilər. Çünki bu bölmə də hələ qış yuxusundan ayılmayıb. Fasilədən sonra 3 tur geridə qalsa da, saytda hələ də 2-ci dövrənin yekununa əsasən formalaşmış cədvəl olduğu kimi qalıb. Üstəlik, fevralın 10-da “Zirə”nin evdə “Sumqayıt”la qarşılaşacağına işarə edilərək iki komandanın statistik göstəriciləri yerləşdirilib. Ən normal və işlək olan bölmə “xəbərlər/qalereya” bölməsidir. Burda xəbərlər müntəzəm yenilənir. Son iki bölməni “Zirə”yə xas, spesifik saya bilərik. “Reklam əməkdaşlığı” və “sponsorluq” bölmələrini çətin ki, hansısa azarkeş və media nümayəndəsini maraqlandırsın. Burda daha çox marketinq fəaliyyətinin detalları ilə tanış olmaq olar. Qısası, bu bölmələrdə “Zirə” ilə necə sponsorluq əməkdaşlığı etməyin, stadionun müxtəlif yerlərində reklam bannerləri yerləşdirməyin yolları haqqında informasiya verilib. Klub saytı, həmçinin, ingiliscə fəaliyyət göstərir. Xəbərlərə nəzər saldıq və ən son xəbərin də əcnəbi dilə tərcümə edildiyini gördük. Klub saytından yalnız “facebook” səhifəsinə keçid qoyulub. Ancaq digər sosial şəbəkələr unudulub.
Klubun fəaliyyətini bu sosial şəbəkə vasitəsi ilə izləyənlərin sayı 4900-a yaxındır. Ancaq “Zirə”nin səhifəsi o qədər də fəal deyil. Çempionat oyunlarından əvvəl promo video hazırlanmır, oyunların görüntüləri yerləşdirilmir, maraqlı videoçarxlar hazırlanmır. İnformasiya qıtlığı da dərhal hiss olunur. Aktiv olmayan səhifənin izləyicilərinin ciddi surətdə artması isə mümkün deyil. Amma bu, hələ şükürlü olanıdır. Digər sosial şəbəkələrdə vəziyyət daha acınacaqlıdır.
Əvvəlki yazılarımızda da qeyd etmişik ki, Azərbaycanda bu sosial şəbəkəyə başqa ölkələrdəki qədər maraq yoxdur. Ancaq buna baxmayaraq “Qarabağ”, “Qəbələ” və “Neftçi” kimi klublarımız gündəlik “twitter”də paylaşımlar edir, üzvlərin sayını artırmağa çalışır. Bəs “Zirə”də vəziyyət necədir? Klubun “twitter” səhifəsi 2016-cı ilin yayında açılıb. Sonuncu xəbər isə Yovan Krnetanın transferi haqqındadır. Belə olan şəraitdə “Zirə”nin bu sosial şəbəkədəki səhifəsini cəmi 17 nəfərin izləməsi tam məntiqə uyğun gəlir.
Klubun “İnstagram” səhifəsi “twitter”ə baxanda toya getməlidir. Burda indiyədək 1036 video və şəkil paylaşılıb. Ancaq xəbər operativliyindən söhbət gedə bilməz. Sentyabrın 9-dan bu yana nə bir video, nə də bir şəkil paylaşılıb. Bu səhifədən “Zirə”ni izləyənlərin sayı 2819-a bərabərdir.
Youtube
Bu sosial şəbəkədən isə ümumiyyətlə, danışmağa dəyməz. Ad olaraq “Zirə”nin “youtube” səhifəsi var. Gülünc miqdar olsa da, 41 izləyici də toplayıb. Ancaq səhifədə indiyədək bir video belə paylaşılmayıb. Buna formal var olmaq desək, yəqin ki, daha doğru olar.
Wikipedia
“Zirə”nin 19 dildə “wikipedia” səhifəsi var. Əvvəlcə Azərbaycan dilində olana baş çəkdik. Səhifədə məlumat çox azdır. Heyətə nəzər saldıqda ən son transferlərin saytda olduğu kimi, burada da əksini tapmadığını gördük. İngiliscə olan səhifəyə irad bildirmək üçün ciddi əsas yoxdur. Burada heyət dəqiq göstərilib. Bundan əlavə, klub tarixində ən çox qol vuran və ən çox oyun keçirən futbolçuların, komandanın yarandığı gündən baş məşqçisi olmuş mütəxəssislərin adları əksini tapıb. Alman dilində olan səhifə keçmişdə ilişib qalıb. Belə olmasaydı, sabiqlər – Vüqar Astanovla Adil Şükürov müvafiq olaraq, klub prezidenti və baş məşqçi kimi təqdim olunmazdı. Heyətdən də əsər-əlamət yoxdur. Türkcə olan səhifədə Ayxan Abbasov çalışdırıcı kimi göstərilsə də, Astanov başqan kimi qalmaqdadır. Komandanın heyəti isə ötən mövsümün heyətidir. Rusca olan səhifədə də əsas diqqəti çəkən nöqsan komandada hazırda olmayan futbolçuların adlarıdır. Eltun Hüseynov, Ruslan Poladov, İqor İvanoviç, Rəşad Abdullayev, Alberto Dies Luis, Mirkamil Həşimli və s. İspan, italyan, fransız, portuqal kimi dünyada işlək olan dillərdəki səhifələrdə də “N” qədər nöqsan tapmaq olar.
Mətbuat katibinin fikri
Elmar Abdullazadə: “Mətbuat xidmətində bir nəfər fəaliyyət göstərir. O da mənəm və 2 aya yaxındı ki, fəaliyyət göstərirəm. Sosial şəbəkələrdəki səhifələri marketinq şöbəsinin əməkdaşları işlədir. Təbii ki, müəyyən məsləhətləşmələrimiz də olur. Azarkeşlərimizin fikirləri bizim üçün çox vacibdir. Ona görə də ünvanlanan bütün suallar cavablandırılır. Tam səmimi deyim ki, işlədiyim 2 ay ərzində bir dənə də olsun nalayiq ifadə ilə qarşılaşmamışam. Amma bu cür hallarla rastlaşacağımız halda müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, klub olaraq daha çox inkişaf etməliyik. İnkişaf getdikcə bu da gələcəkdə bütün sahələrdə olduğu kimi mətbuat xidmətinə də öz təsirini göstərəcək. Ümumiyyətlə, klubda inkişaf getdikcə bu, bütün sahələrə təsirini göstərəcək”.
Göründüyü kimi, vəziyyət qətiyyən Premyer Liqanın bir iddialı klubuna yaraşacaq səviyyədə deyil. Bütün bu çatışmazlıqlara görə “Zirə”nin mətbuat katibi Elmar Abdullazadəni tənqid hədəfinə çevirmək fikrindən uzağıq. Birincisi, gənc həmkarımız cəmi 2 aydır ki, klubda fəaliyyətə başlayıb. İkincisi, tək əldən səs çıxmaz. Peşəkar klubun sadalanan problemləri həll etməsi üçün bir yox, bir neçə əməkdaşa ehtiyacı var. Ən azı 3-4 nəfər mətbuat xidmətində çalışmalıdır ki, heç olmasa aşkar görünən, üzdə olan nöqsanlar və çatışmazlıqlar aradan qaldırılsın.
Mərdan Həsənov / Newsport.az
saytlarin hazirlanmasi