"Azərbaycan millisinə çoxlu qol vurmaq üçün fürsət yaranarsa, əlbəttə ki, bundan çəkinməyəcəyik" - Kilian Mbappe

15:23 - 9 Oktyabr 2025

Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az "Real"ın forvardının fikirlərini diqqətinizə çatdırır:

- Sabah oynamaq istəyirəm, məşqçi də mənim oynamağımı istəyir. Düşünürəm ki, ciddi bir problem olmayacaq. Bu gün komanda ilə məşq edəcəyəm, bu, son sınaq olacaq. Amma xüsusi bir narahatlığım yoxdur və dünya çempionatına doğru yoluma davam etməyi planlaşdırıram.

- Keçən mövsüm çox qol vurmusan, amma indi daha yaxşı görünürsən. Nə dəyişib?

- Yeni mövsümdür, bir az dincələ bildik, tətil etdik, yaxşı hazırlaşdıq. Yaxşı başladım, baxmayaraq ki, mövsüm çox uzun olacaq. Komanda ilə birlikdə yaxşıyıq, məşqçinin qurmaq istədiklərini başa düşməyə başlayırıq. Çox qol vurmağı bacardım. Bunu həmişə etmişəm. Amma oyunda da özümü daha yaxşı hiss edirəm, daha yaxşı vəziyyətdəyəm, baxmayaraq ki, hələ daha yaxşı ola bilərəm. Futbolçu karyerasında belə şeylər olur. Madridə yaxşı uyğunlaşdım, orada özümü daha rahat hiss edirəm. Bu, Fransaya qarşı bir tənqid deyil, sadəcə orada Parisdəki qədər sürətli ritm yoxdur. Başımı və ayaqlarımı yenidən qaydasına sala bildim. Amma hələ oktyabrdır, göstəriləsi çox şey var.

- Azərbaycanla matç elə bir oyundur ki, çoxlu qol vurmaq lazımdır?

- Əgər desəm ki, istənilən rəqibə qarşı qol vura bilərəm, doğru olmaz. Azərbaycan millisi Ukrayna ilə heç-heçə edib. Biz də Ukrayna ilə matçda asanlıqla qələbə qazana bilmədik. Bu, sadəcə üç xal dəyərində bir oyundur. Məqsəd təkcə çoxlu qol vurmaq deyil, amma fürsət yaranarsa, əlbəttə ki, bundan çəkinməyəcəyik. Olivye Jirunun rekorduna gəlincə, düşünürəm ki, onu qıracağam, amma nə vaxt olacağını bilmirəm. Bəlkə sabah, kim bilir?

- Oyununda hələ də inkişaf etdirmək istədiyin cəhətlər var?

- Bunlar əsasən oynadığın komandadan asılı olaraq inkişaf edən şeylərdir. Öz keyfiyyətlərini komandanın tələblərinə uyğun inkişaf etdirmək lazımdır. Mənim böyük azadlığım var, amma mərkəzdən çıxıram, bu da fərqlidir - fərqli qaçışlar, fərqli situasiyalar... Bu da mənə daha universal oyunçu olmağa imkan verir.

- Bazar günü qardaşın Etan Mbappe PSJ-yə qol vurdu. Bunu necə qarşıladın?

- Əslində ora getməyini istəmirdim, amma o, özü istədi. Bu, Fransanın, hətta Avropanın ən yaxşı komandasına qarşı böyük bir oyun idi. Mən çox şadyanalıq etməməli idim, çünki keçmiş komandam PSJ-yə qarşı çox sevinmək olmaz (gülür). Amma qardaşım üçün sevinirəm, o, buna layiq idi.

- Millilərin klublara nisbətən rolu ilə bağlı son müzakirələr haqqında nə düşünürsən\?

- Bilmirəm, Fransada bu barədə bir az çox danışılır, çünki son toplanışda baş verənlərdən sonra məsələ yenidən gündəmə gəldi. Hər zaman bu problem var. Klub oyunçuya maaş verir və onu itirmək istəmir. Amma bizim üçün milli komanda hər şeydən vacibdir. "Real"la çox açıq ünsiyyətimiz var, zədədən sonra da heç bir maneə olmadı, klub anlayışla yanaşır. Mən oynamaq istəyirdim və Xabi Alonso ilə daim əlaqə saxlayırıq. Bununla bağlı heç bir problem yaşanmadı.

Elçin Əlixan

Xəbər xətti