Azərbaycan Premyer Liqasında IV tura doğru - AFİŞA

14:57 - 13 Sentyabr 2019

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

 

Tur Sumqayıtda başlayacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Komandaların Premyer Liqada üz-üzə gəldiyi son dörd görüşdə zirəlilər üstündür. Qəsəbə klubu üç dəfə qalib gəlib, bir dəfə uduzub. Oyunu maraqlı edən digər amillərdən biri də baş məşqçilərdir. Ayxan Abbasov baş məşqçi karyerasına başladığı “Zirə”ni, Samir Abasov isə doğma şəhərinin komandasını məğlub etməyin yollarını axtaracaq.

 

 

“Sumqayıt” cari mövsüm bir qələbə qazanıb. Komanda son turda “Neftçi”yə yaxşı müqavimət göstərsə də, bir xalı son saniyələrdə əldən verdi. Qalmaqallı görüşdə Ayxan Abbasov cəzalı duruma düşdüyü üçün texniki zonada olmayacaq. Heyəti ciddi hədəflər üçün yetərli olmayan “Sumqayıt” hər oyuna mübarizə aparmaq və bacardığı qədər xallarını artırmaq üçün çıxır. “Gənclik şəhəri” təmsilçisi bu mövsüm doğma meydanda ilk dəfə qalib gəlməyə çalışacaq.

 

“Zirə” üç tura dörd xal toplayıb. Yaxşı heyət formalaşdıran “Qartallar” Sumqayıt səfərinə iddialı yollanacaq. Xal itkisi isə vəziyyəti bir qədər çətinləşdirə bilər.

 

Qalib gəlməyən komandaların dueli

 

Günün ikinci görüşündə cari mövsüm qələbə qazanmayan iki komanda – “Sabah”la “Qəbələ” üz-üzə gələcək. İddialı heyət quran paytaxt təmsilçisi ilk üç turda iki xal toplamaqla gözlənitləri vermədi. Elşad Əhmədovun kollektivi uğursuz seriyaya autsayderlə oyunda son qoymaq niyyətindədir.

 

 

“Qəbələ”də isə baş məşqçi dəyişikliyi reallaşdı. Ötən tur “Keşlə”yə böyük hesabla uduzan komandanın çalışdırıcısı Sənan Qurbanov postundan getdi. Müvəqqəti baş məşqçi təyin edilən Elmar Baxşıyevin komandanı necə hazırladığını oyun günü görəcəyik.


Komandalar Premyer Liqada dörd dəfə qarşılaşıb. Bölgə təmsilçisi iki dəfə qalib gəlib, bir dəfə uduzub. Tərəflər bir matçda “sülh”ə razılaşıb.

 

"Keşlə", yoxsa "Səbail"?


İkinci oyun günündə mövsümə pis başlamayan “Səbail”lə “Keşlə”nin dueli reallaşacaq. Hər iki komandanın üç turdan sonra altı xalı var. Bir neçə legioner futbolçunun “Səbail”dən ayrılmasından sonra komandanın çempionatda iddiası olmayacağını gözləyənlər daha çoxdur. Aftandil Hacıyevin kollektivi tam əksinə, mövsümə pis başlamayıb. “Dənizçilər”i ötən tur “Qarabağ”a böyük hesablı məğlubiyyətinə görə qınamaq olmaz.

 

 

“Keşlə”də isə yayda böyük dəyişikliklər edildi. Baş məşqçi Tərlan Əhmədov heyəti öz istədiyi kimi qurub və komandası pis çıxış etmir. “Ağ-qırmızılar” da “Səbail” kimi bu mövsüm yeganə məğlubiyyətini “Qarabağ”dan alıb. Qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini gözləmək olar.

 

Paytaxt təmsilçilərinin son dörd duelində “Səbail” üç dəfə qalib gəlib, bir görüşdə isə uduzub.

 

Azərbaycan derbisini kim qazanacaq?

 

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni qəbul edəcək. “Qarabağ”ı bu qarşılaşmadan dörd gün sonra Avropa Liqasında “Sevilya” ilə çətin sınaq gözləyir. Üstəlik, futbolçular milli komandaların düşərgəsindən geri dönüb. Sıx təqvimi nəzərə alan Qurban Qurbanov bəzi oyunçulara istirahət verə bilər. Nəzərə alaq ki, ağdamlıların heyətində Riçard Almeyda, Rahil Məmmədov, Filip Ozobiç və Bədavi Hüseynov zədədən əziyyət çəkir. Bədavinin “Neftçi”yə qarşı oyunda meydana çıxacağı gözlənilir. Almeyda isə “Sevilya” ilə görüşə hazırlanır.

 

Premyer Liqada çempionluq yoluna çıxan “Qarabağ” əsas rəqibini məğlub etmək əzmindədir. Belə olan halda “Neftçi” ilə xal fərqi səkkiz olacaq. Bu isə mövsümün əvvəli üçün böyük fərq hesab ediləcək.

 

 

Mövsümə yaxşı başlamayan “Neftçi” “Sumqayıt”a qalib gəlməklə vəziyyəti nisbətən düzəltdi. Ancaq “ağ-qaralar” lider “Qarabağ”dan beş xal geridir. Mövsüm hələ yeni başlayıb. Paytaxt klubu isə iki cəbhədə mübarizə aparan komandadan xeyli aralanır. Bu oyunda məğlubiyyət vəziyyəti daha da gərginləşdirəcək. Xal fərqinin daha da böyük olması növbəti turlarda futbolçuların motivasiyasına da mənfi təsir göstərəcək.

 

Bu qarşılaşmada “Neftçi”ni “Forza Neftçi” azarkeş qrupu stadionda dəstəkləməyəcəyini bəyan edib. “Sabah”la ilk turdakı görüşdən sonra fanatlar komandanı boykot edib.

 

Komandaların son dörd görüşündə “Qarabağ” bir dəfə qalib gəlib, bir dəfə isə məğlub olub. İki qarşılaşmada qalib müəyyənləşməyib.

 

Mehman

Xəbər xətti