Azərbaycan millisi Rusiyaya uduzdu

Bu gün Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində Azərbaycan millisi ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız ilk sınağında meydan sahibi Rusiya ilə qarşılaşıb.

 

Oyunda ilk real qol epizodunu futzalçılarımız yaradıb. Amadeu qapıçı ilə üzbəüz qaldığı epizodda rəqib qolkiperi məğlub edə bilməyib. Ümumiyyətlə ilk 10 dəqiqə bir qədər kəşfiyyat xarakteri daşıdığından komandalar ehtiyatı əldən verməyiblər. Azarkeşlər isə ilk qolu 12-ci dəqiqədə görüb. Meydan sahiblərindən Kodziev hesabı açıb. Fasiləyə 28 saniyə qalmış komandamız ikinci qolu buraxıb.

 

İkinci hissədə dərhal fərqi minimuma endirmək olardı. Amma Eduardonun zərbəsindən sonra top qapı dirəyinə dəyinə dəyib. 32-ci dəqiqədən etibarən Alesio qapıçını meydan oyunçusu ilə əvəzləyib ki, bu funksiyanı Rizvan Fərzəliyev yerinə yetirib. Komandamızın hücumu zamanı top itkisi meydan sahiblərinə boş qapıya düşmək imkanı qazandırıb. Kardoso özünü yetirərək buna imkan verməyib. 35-ci dəqiqədə fərq minimuma enə bilərdi ki, son anda qeyri-dəqiqlik buna mane olub. Amma 37-ci dəqiqədə Eduardo rəqib torunu silkələməyi bacarıb. Son saniyələrdə isə rəqib qapıçı matçda hesabın bərabrələşməsinə imkan verməyib. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Futzalçılarımız növbəti oyununu sentyabrın 23-də saat 16:00-da İran millisinə qarşı keçirəcək.

 

Futzal, Caspian Cup-2019

22 sentyabr

 

Rusiya – Azərbaycan 2:1
Qollar: Kudziev, 11:34, Niyazov, 19:32 – Eduardo, 36:21.
Hakimlər: Yuri Neverov (FİFA), Vladimir Kadıkov (FİFA), Qriqori Zelençov (FİFA).
Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00.

 

Rusiya: 1. Georgi Zamtaradze (q), 4. Dmitri Lıskov, 9. Sergey Abramov (k), 14. Danil Davıdov, 17. Artem Antoşkin, 12. Nikolay Balaşov (q), 2. Valeri Demin, 3. Romulo, 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 8. Yanar Asadov, 10. Artem Niyazov, 13. Nikolay Şisterov, 18. Andrey Afanasov.
 

Baş məşqçi: Sergey Skoroviç.

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 13. Cardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto.

 

Baş məşqçi: Joze Alesio Da Silva.

Tarix: 22 Sentyabr [18:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2019
22  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio