Prezident və xanımı 14 yaşlı dünya çempionunu təbrik etdi

12:55 - 13 Oktyabr 2019

Prezident İlham Əliyev Hindistanın Mumbay şəhərində 14 yaşlı oğlanlar arasında şahmat üzrə keçirilən dünya çempionatında qalib olan Aydın Süleymanlını təbrik edib.

 

Sportal.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz Aydın,

 

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

 

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

 

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Aydın Süleymanlını təbrik edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

 

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”

Xəbər xətti