Samir Abasov AFFA-nı “bombaladı”: “Nikola Yurçeviçi saxlayanlar bizə nə verəcəyini fikirləşsin”

“CBC Sport”da efirə gedən “Bizim futbol”un qonağı “Zirə”nin sabiq baş məşqçisi Samir Abasov olub.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki çıxışı barədə danışıb. O, yığmanın Uelslə oyunu (0:2) barədə bunları deyib:

 

“Daha öncə danışmışdıq ki, Uelslə qarşılaşmadan sonra bu verilişə dəvət alacam. Ona görə də məcbur idim ki, oyunu izləyim. Əvvələr azarkeş kimi baxırdımsa, bu dəfə verilişdə fikir söyləmək üçün izlədim. Nəticəni kənara qoyaq, azarkeş və mütəxəssis kimi bu oyun məni üzdü. Başqa oyun gözləyirdik. Rəqibin himni səslənəndə və start fitindən sonra britaniyalı azarkeşlərin fəallığı göstərdi ki, Uels bura hansı məqsədlə gəlib.

 

Təəssüflər olsun ki, Yurçeviçə oyundan sonra heyətlə bağlı sual verilmədi, buna heç yerdə rast gəlmədim. Tsiklin son ev matçını oynayırdıq. Heyət düzgün seçilməmişdi. Bu, onu göstərirdi ki, evdə qol buraxmayım, ən azı heç-heçə olsun. Uels bu qrupda evdə udulası komandalardan biri idi. Bizim gücümüzə görə idi. Seçimlərdə böyük səhvlər var idi. Şəhriyar Rəhimovun əvəzin start heyətdə Təmkin Xəlilzadə və ya Ağabala Ramazanov ola bilərdi. Yurçeviçin Pavel Paşayevin üzərində dayanması mənim üçün təəccüblüdür. Uelsi udmaq istəyiriksə, hücumameyilli oynamalıyıq. Ancaq seçim baş məşqçinindir. Sadəcə, mənim üçün bunun izahı yoxdur”.

 

Abasov komandanın oyun üslubunun olmadığını deyib:

 

“Biz yolumuzu düz tutmamışıq. Rəqibin standart vəziyyətlərindən danışırıq, bəs biz qol vurmaq üçün nələr etdik? Gəlin, bundan danışaq. Rəqibin digər qolu standart vəziyyətdən olmadı. Emil Balayevin qurtardığı epizodlar var. Bəs buna nə deyək? Məncə, rəqib nəyi bacarırsa, onun üzərində durmalı deyilik. Səhv deyirəmsə, bağışlasınlar. Oyun üslubumuz olmalıdır. 

 

Bu qrupdakı komandalar son Avropa çempionatının iştirakçılarıdır. Onlara qarşı oynamaq üçün sənin keyfiyyətli oyunçuların olmalıdır. Bu rəqiblərdən geri qalırıq, reallıqdır. Rəqibi analiz etdin, lap yaxşı, Qaret Beylin sol ayağını bağlayacaqsan? Onun sağ ayağı işləmir ki? Fikrini Beylə yönəltdin, yarımmüdafiədə Natan Ampadu qalır. Ampadu Qara Qarayevi o tərəfə, bu tərəfə apardı”.

 

Mütəxəssis Nikola Yurçeviçin Emin Mahmudova şans verməməsi barədə danışıb:

 

“Hər məşqçinin seçimləri var. Mən şəxsən Dmitri Nazarovun yerinə Emin Mahmudovun oynamalı olduğunu deyərəm. Amma mən deməklə olmur, qərar Yurçeviçindir. Maksim Medvedevin yoxluğunda sağ cinahda Tural Axundov, Ömər Buludov və ya Abbas Hüseynov kimi oyunçular var. Emin Mahmudovun oynamağı düzgün olardı. Bəlkə də gəldiyi çempionata görə Dima startdadır. Bir dəfə siz jurnalistlər Nazarova sual verin ki, səni uşaqlıqda kim aldadıb ki, güclü zərbələrin var? Adamın ayağına top düşən kimi qapıya zərbə vurur, gedib çərçivəyə də çatmır.

 

Abasov hakimin Uelsin qapısına təyin etmədiyi penalti epizoduna münasibət bildirib:

 

“100 faiz penalti idi. Uelsin sayılmayan qolu da təmiz idi, referi qeydə almadı. Bəli, penalti verilsəydi, qol olsaydı, nəsə dəyişə bilərdi. Bəlkə də bizi qızışdırardı. Amma bu oyunda nələrsə edəcəyimizə işarə olmadı. Həmin epizodda öncəki və sonrakı çıxışımıza baxın. Reallıqla danışsaq, rəqibin də təmiz qolunu saymadılar”.

 

Samir Abasov milli üzvlərinin 11 küncə zərbəsini boşa verməsi barədə bunları deyib:

 

“Tək-tük sayda olub ki, bizim futbolçular başla ideal oynasın. Standart vəziyyətdə başla zərbə vurmaq üçün futbolçuda bacarıq olmalıdır. 11 deyil, lap 100 dəfə künc zərbəsi yerinə yetir, bunu qolla tamamlamayacaqsansa, nə xeyri var? Rəqib səndən az korner yerinə yetirib, amma bir qol vurub.

 

Sevindiricidir ki, bu seçmə mərhələdə Bəhlul kimi futbolçu qazandıq. Artıq əsas heyətdə özünə yer edib. Bəzi səhvləri var, o da keçib gedəcək. Xahiş edirəm, Azərbaycan millisi üçün analizdən danışmasınlar. Rəqib bizi daha yaxşı araşdırmışdı. Futbolçuların oyundan sonra verdiyi müsahibələr analizsiz olur. Onları indi dindirsək, matçla bağlı tamam fərqli danışarlar. Matça baxmasaydım, futbolçuların müsahibələrini oxuyanda həvəsə gələrdim ki gedim oyunu izləyim. Uşaqlar, biz bu oyunda heç nə etməmişik. Alışıb-yanmaq yox idi”.

 

Abasov gələn ilin fevralında müqaviləsi bitəcək yığmanın çalışdırıcısı Nikola Yurçeviçin millidə qalıb-qalmaması barədə bunları səsləndirib:

 

“Qrupumuz həddən artıq çətin idi. Mən baş məşqçiyəm, etikanı qorumalıyam. Efirdə hansısa baş məşqçiyə sual verilsə ki, Samir Abasov qalmalıdır, yoxsa getməlidir və o da ikincini cavablasa, xoşuma gəlməz. Bəlkə də reaksiya vermərəm, amma hamı Samir Abasov deyil. Bu gün şəhərə çıxıb sorğu təşkil edilsə, azarkeşlərin 99 faizi Yurçeviçin getməsini istəyəcək. Kiminsə gedib-qalmağını azarkeşlər və Samir Abasov həll etmir. Bizdə qaranlıq məqamlar var ki, ictimaiyyətə, mətbuata açılmır. Bu gün azarkeşlərimiz kifayət qədərdir. Gətirdiyimiz məşqçi bizə nə verəcək və ondan nə istəyirik? Federasiya deyir ki, məqsədimiz Avropa çempionatıdır. İki oyundan sonra Yurçeviç deyir ki, mənə belə söz deyilməyib. Buna aydınlıq gətirilməlidir. Bilməliyik ki, bu adam niyə gətirilib. U-21-də də əcnəbi çalışdırıcıdır. Lixtenşteynlə oyundan sonra ona sual verilir ki, bu gün millinin ən azı 3:0 hesablı qələbəsini gözləyirdik. O da deyir ki, Azərbaycan bu günə kimi böyük hesabla udub ki? Xatırlayıram, Nikola Yurçeviç də Qurban Qurbanova konfransda söz atmışdı. Bəs sizi bura ona görə gətiririk ki, böyük hesabla qalib gələk də. Biz azərbaycanlı məşqçilər bunu edə bilmiriksə, siz ona görə gətirilmisiniz ki, bunu reallaşdırasınız. Bu gün Yurçeviçi saxlayan insanlar fikirləşsin ki, bizə nə verəcək? Əgər o getsə, yerinə gələcək şəxs nələr edəcək? Fikirləşməlidirlər ki, bizə gələcək məşqçi necə kömək ola bilər? Bizə böyük taktikaları olan məşqçi, məsələn, Pep Qvardiola kimi birisi fikrimcə, faydalı olmaz. Bizim oyunçuların bir nöqtəyə qədər keyfiyyəti var. Motivasiya etməyi daha yaxşı bacaran məşqçinin olması müsbət məqam olardı.

 

Bu qrupa San Marino və Lixtenşteyni də qoşsaq, final mərhələsinə çıxmaq real deyil. Bu tsikldə nə iş görüldü? Bəhlulun qazanılması böyük iş görünür? Sən bizə nə perspektiv verdin? Hansı ümidlə tribunalara gedək? Son göstərilən oyundan sonra gərək, azarkeşlər stadiona getməsin. Amma sağ olsunlar, fanatlarımız sadiqdirlər, yenə də gəlirlər. İstəyirlər ki, nəsə görsünlər. Amma gətirdiyimiz məşqçi bizə nəsə göstərməyə ümid verirsə, üzərində qalaq. Bu gün bizim deməyimizlə iş dəyişməyəcək. Referendum deyil ki, xalq getsin və qalsın seçimini etsin. Məşqçilər Komitəsi var, yəqin nəsə iş görüb, fikirlərə təsir edirlər. Onların öz təcrübələri ilə dediyim fikirlərin üzərində düşünməlidirlər. Məndən fikrimi soruşsalar, onlara deyərəm, amma efir var, etikanı qorumaq lazımdır.

 

Təsəvvür edin, Uelsi və Slovakiyanı udmuşuq. Bu bir göstəricidir ki, məşqçini postunda saxlayaq? Niyə milli Macarıstan və Slovakiyaya böyük hesablarla uduzanda göndərilmədi? Onda bu da göstərici olsun da. Həmin bərbad oyun, bərbad nəticələr. Biz yolumuzu düz tutmamışıq. Gələn tsikl də belə oyun olsa, Nikola Yurçeviç yox, Samir Abasov olsun, bu adamla davam etdirmək olmaz. Bu görünən işlə qığılcım varsa, kimsə perspektiv görürsə, buyurun, davam edin.

 

Bizim bəxtimizdən son oyunlar rəqib üçün vacib xarakter daşıyır. Slovakiya mütləq qalib gəlməlidir. Çətin olacaq. Səfər matçlarımız ağır olur. Azarkeş kimi yaxşı bir oyun gözləyirəm və ümid edirəm. Bu ümidlə sabah matça baxacam”.

Tarix: 19 Noyabr [00:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio