"AFFA-da şlaqbaumdan başlayıb, "krışa"sına qədər dəyişməyin vaxtıdır" - SORĞU

16:46 - 20 Noyabr 2019

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində 1 xalla qrupda sonuncu olub. 

 

Bununla da yığma komandamız 24 illik anti-rekordunu yeniləyib. AÇ-1996-dan başlayaraq, beynəlxalq arenada çıxış edən Azərbaycan millisi həmin il də cəmi 1 xal qazanmağı bacarmışdı. 

 

Millinin bu çıxışı ilə bağlı olaraq Sport7.az tanınmış jurnalistlərin fikirlərini öyrənib: 

 

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): "Son günlər sosial şəbəkədə bu mövzuda dəfələrlə fikirlərimi yazmışam. Bəli, insafla desək, Azərbaycan milli komandasının yer aldığı qrup bu dəfə yetərincə çətin idi. Amma bir məsələ var: aradan keçən illər ərzində Azərbaycan millisi az da olsa, inkişaf etməli, güclənməli idi ki, bu cür rəqiblərə qarşı mübarizə aparsın. Biz mübarizə apardıqmı? Apardıqsa, hanı nəticəsi? Bakıda Xorvatiya millisindən alınan o 1 xal da olmasa, biz sanki seçmə mərhələdə olmamış kimi olacaqdıq. Hərçənd, Xorvatiyanın Bakıda xal itirməsi ilə bağlı da müəyyən şübhələrim var.
 
Təkcə rəhbər postlarda dəyişiklik etməklə bu azardan, rüsvayçılıqdan xilas olmaq mümkün deyil. Bizim toplum olaraq topa, futbola baxışımız dəyişməlidir. Dəyişə bilməyəcəyiksə, futbolla vidalaşmağımız lazımdır. Azərbaycan futbolunun göz yaşlarından, ağrılarından, sancılarından pul qazanan adamların hamısı - Elxan Məmmədovdan tutmuş, AFFA İcraiyyə Komitəsinin üzvlərinə kimi qovulmalıdır. Uşaq futbolundakı məşqçilər test edilməlidir, onların hansı şəraitdə futbolçu yetişdirdikləri öyrənilməlidir. Görünən budur ki, Azərbaycan futbolu adına futbolçu yox, nəsə başqa şeylər hazırlayırlar".
 

 

Səbuhi Sədəf (Lent.az saytının redaktoru): "Bircə söz deyəcəyəm, 2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramına az qala 1 milyard dollar xərclənib və bunun müqabilində 1 xal! Simvolikdir..."

 

Əli Sahib (Fanat.az saytının baş redaktoru): "Bir xal deməyək! Futbolumuzu idarə edənlərin işinə verilən qiymət deyək. Ədalətli qiymətdir, hətta çoxdur. Nə deyim ki, başlayacaqlar gücümüz budur, olanımız budur. Əslində, bu fikir də səhvdir. 12 il futbolçu yetişdirmək, ölkədə futbol siyasətini düzgün qurmaq üçün kifayət edəcək müddətdir. Bəhanələri var - futbol ölkəsi deyilik. Heç biz də millimizdən Avropa çempionu olmağı tələb etmirik. Yorğanımıza görə ayağımızı uzadıb, oyundan-oyuna, mərhələdən-mərhələyə inkişaf, irəliləyiş görmək istəyirik. Görünən odur ki, Elxan Məmmədovlar futbolumuzu uçurumun dibinə yuvarlatdı. Normalda çıxıb hesabat vermələri lazımdır. Məşqçi, nə bilim tərcüməçi istefası boş söhbətdir. Futbolumuzun qərargahı - AFFA-da şlaqbaumdan başlayıb, "krışa"sına qədər dəyişməyin vaxtıdır, bəlkə də gecikirik. Bu qədər maxinasiyanı, zir-zibili ört-bastır etmək istəyən Məmmədovun xadimələri belə futbolumuzdan rədd olub getməlidir".

Xəbər xətti