"Formanı bərpa etmək üçün 3 həftə çox azdır" - Nicat Qurbanov ilk məşq günündən danışdı

16:29 - 1 İyun 2020

Koronavirusa görə dayandırılan Gürcüstan çempionatı iyunun 25-i bərpa olunacaq. Ötən gün klublar hazırlığı bərpa edib.

 

"Samtredia"da çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Sportal.az-a açıqlamasında ilk məşq günündən danışıb:

 

"İlk məşqdən sonra elə də yorğunluq yox idi, çünki ağır hazırlıq verilməmişdi. Məşq yaxşı keçdi. Addım-addım məşqlərimiz ağırlaşacaq və bundan sonra yorğunluq yaranacaq. Uzun müddət məşq etməmək ağır hissdir. Üç aya yaxındır evdəyik. Hamının üzündə məşqlər başladığı üçün təbəssüm var. Əsas hazırlığı bərpa etmək idi, qalan məsələlər də düzələcək".

 

28 yaşlı yarımmüdafiəçi forma yığmaq üçün 3 həftənin az müddət olduğunu deyib:

 

"Sözsüz ki, ayın 25-dək futbolçular 100 faiz forma yığa bilməyəcək. Mən belə düşünürəm. Çünki 3 ay futboldan kənar qalmaq böyük müddətdir. Formanı bərpa etmək üçün 3 həftə çox azdır. Ancaq başqa çıxış yolu yoxdur. Ehtiyatlı olub, maksimum güc sərf edib, formanı bərpa etmək lazımdır".

 

Gürcüstan çempionatı martın ilk həftəsi dayandırılmışdı. Yüksək liqada 2 tur oynanılıb.

Xəbər xətti