Top səsləri - İlqar Tağıyevin yazısı

1992-ci ilin yayı idi. 15 yaşım vardı. Hər il olduğu kimi yay tətilini Tovuzun Papaqçılar kəndində, baba yurdunda keçirirdim. İlk dəfə top səsini o vaxt eşitmişəm. Hamımız çox qorxmuşduq. Təkcə babam Göycə kişidən başqa. Dünyagörmüş insan idi, İkinci Dünya müharibəsinin od-alovunu keçmişdi. 20 Yanvar hadisələri zamanı güllə səsi ilə "tanışlığım vardı". Amma top səsi... Çox vahiməli idi.

 

İlk dəfə qaçqın düşən insanları da Papaqçılarda görmüşəm. Gədəbəyin Mutudərə və Qasımağalı kəndlərinin sakinləri pay-piyada arana tərəf axışırdı. Amma arana çatmaq onlara qismət olmadı. Çünki...

 

Papaqçılar Tovuzun ucqar kəndidir, dağların qoynunda yerləşir. Başkəndlə kəndimizi el arasında Tayadaş adlandırılan dağ ayırır. 1992-ci ildə Başkənd ermənilərdə idi. Ermənilər Başkəndə gediş-gəlişi təmin etmək üçün 1992-ci il avqustun 6-da Gədəbəyin 2 kəndini - Mutudərə və Qasımağalını işğal etmişdilər. Cəmi 2 gün sonra Azərbaycan ordusu əks-hücuma keçərək nəinki işğal olunmuş kəndləri azad etdi, Başkəndə də nəzarəti ələ keçirdi. Əgər bu baş verməsəydi, Şınıx da daxil Gədəbəyin 26 kəndi mühasirədə qalacaqdı. Üstəlik, Tovuzun bir neçə kəndi də təhlükə ilə üzləşəcəkdi. Başkəndə hücum zamanı toplarımızdan biri Papaqçılarla Həsənli kəndləri arasındakı yüksəklikdə yerləşdirilmişdi. Ermənilər Mutudərə və Qasımağalıda cəmi 2 gün duruş gətirə bildilər. Ordumuz avqustun 8-də nəinki itirilən kəndlərimizi qaytardı, üstəlik, erməniləri Başkənddən didərgin saldı.

 

Başkənd alınanda topumuzun yerləşdiyi yüksəkliyə qalxdığım yaxşı yadımdadır. Başkənd toz-dumanın içindəyidi. Maraqla görmək istədiyim topu əsgərlərimiz aparmışdılar. Yalnız boş mərmilər, pulemyot və avtomat gilizləri qalmışdı.

 

Bütün cəbhədə olduğu kimi, 1992-94-cü illərdə Tovuzda da vəziyyət gərgin idi. Ermənilər elə gün olmurdu ki, sərhəd kəndlərini - əsasən Ağdamı, Əlibəylini, Koxanəbini atəşə tutmasınlar. Ən böyük hədəf isə Tovuz idi. Tovuzla sərhəd arasında məsafə qısadı. "Qrad"dan, topdan atılan mərmilər rahatlıqla Tovuza çatırdı. Tovuzla yanaşı, rayon mərkəzinə bitişik Bozalqanlıda, Qazquluda, Öysüzlüdə, Dondar Quşçuda və bir çox başqa kəndlərimizdə çox evlər dağıldı, dinc sakinlər həlak oldu. Təbii ki, o vaxt da indiki kimi ermənilər layiqli cavablarını alırdılar. Ölüm təhlükəsinin olmasına baxmayaraq, insanlar adi həyatlarını yaşayırdılar. Kimi əkin-biçində, kimi həyət-bacada, kimi iş-gücündə... Heç kim ev-eşiyindən, el-obasından çıxmağı ağlına gətirmirdi.

 

Tovuzda belə bir adət var. Təzə ev tikiləndə girişdə evin inşa olunduğu tarix yazılır. Bu adət başqa rayonlarımızda da var. Bu gün Tovuzda girişində "1992", “1993” yazılan onlarla evə rast gəlmək olar. Hamısının himi çətin günlərdə qoyulub.

 

Ermənilərin topla ən çox vurmaq istədiyi yerlərdən biri də Tovuz şəhər stadionu idi. Müharibənin qızğın vaxtında Tovuzda çempionat oyunları keçirilirdi. Özü də dolu tribunalar qarşısında. Futbol insanlara çətinlikləri unutduran bir nəsnəyə çevrilmişdi. İnsaf naminə, həmin vaxt Tovuzu təmsil edən "Turan" çox güclü idi. Tovuzda rəqib komandanın qalib gəlməsi müşkül məsələ idi.

 

Adını çəkməyəcəm, sayılıb-seçilən veteran futbolçularımızdan birinin söhbəti yadıma düşdü. "Turan" Tovuzda komandalardan birini qəbul edirmiş. Oyunun gedişində ermənilər Tovuza bir neçə top atıblar. Onlardan biri stadionun yaxınlığına düşüb. Partlayış səsindən səksənən qonaqların bir neçə futbolçusu oyunun dayanacağını düşünüb soyunub-geyinmə otağına qaçmaq istəyiblər. Amma oyun davam edib. Tovuzlu futbolçular üçün bu, adi hal idi. Azarkeşlər də oturduqları yerdən qalxmayıblar. Başqa necə ola bilərdi?

 

Tovuzda demək olar ki, hər oyunun gedişində top, güllə səsi eşitmək adi hala çevrilmişdi. Amma bir dəfə ermənilər stadionu "vura" bilmişdilər. "Qrad" mərmisi indiki bazanın yerinə düşmüşdü. Yaxşı ki, həmin vaxt nə oyun, nə də məşq olmadığından kimsə xəsarət almamışdı.

 

Stadiondan söz düşmüşkən, maraqlı bir əhvalatı xatırladım. Atəşkəsdən əvvəl şəhər stadionundan təkcə futbol deyil, başqa məqsədlər üçün də istifadə olunurdu. Məsələn, yaxınlıqda aerodromun olmaması üzündən hərbi və mülki vertolyotlar birbaşa futbol meydanına enirmişlər. 1992-ci ildə "Turan" Bakının "İnşaatçı" komandasını qəbul edirmiş. Oyunun gedişində heç kimin gözləmədiyi halda meydana vertolyot düşür. Tovuzlular buna adi hal kimi baxsalar da, bakılılar əməlli-başlı təəccüblənirlər. Hətta bir qədər qorxurlar. Həmin vaxt "Turan" hücumda imiş. Vertolyot isə "Turan"ın qapısının yaxınlığına eniş edib. Vertolyotu düz meydana endirən pilot vəziyyətin fərqinə vardıqdan sonra onu qapının arxasına çəkib. Bundan sonra 5-10 dəqiqəlik fasilə ilə oyun bərpa olunub.

 

Ermənilərin hədəfində olan yerlərdən biri də Bozalqanlı kənd orta məktəbi idi. Hansı ki şagird həyatımın son ili bu məktəblə bağlıdır. Qismətdən 1993-cü ilin yayında "Turan"ın bir parçasına çevrildim.

 

Ermənilər tez-tez rayon mərkəzini və kəndləri top atəşinə tuturdular. Həmin dövrdə rayonda qaz təchizatı yox dərəcəsində idi. Elektrik enerjisi gündə 2 dəfə, o da qısa müddətə verilirdi. Su isə "vodovoz"larla daşınırdı. Üstəlik, ərzaq məhsulları da qıt idi. Çörək talonla verilirdi. Əhali çörəyi Bakıdan gətirdi. Belə çətin vəziyyətdə 1 ilə yaxın Tovuzda yaşamaq məni bir neçə yaş böyütdü. Çətinlik, aclıq, xəstəlik gördüm. Tək mən yox, Tovuzda mənim kimi uşaq və gənclər çox idi. 1 il müddətində kiminsə rayondan çıxdığının, ruhdan düşdüyünün şahidi olmadım.

 

Bozalqanlı məktəbindən danışırdım. İşıq və qazın olmaması üzündən qış aylarında dərslər 45 dəqiqədən 25 (!) dəqiqəyə endirilmişdi. 6 dərs cəmi 3 saata başa çatırdı. O da çatsaydı. Mərmi səsi eşidən kimi müəllimlərin etirazına rəğmən uşaqlar himə bənd imiş kimi məktəbi tərk edirdilər. Xeyr, qorxu-filan yox idi. Sadəcə, soyuq sinif otağında oturmaq heç kimin ürəyincə deyildi.

 

"Turan" 1992-ci ilin fevralında təsis edilib. İlk üzvlərindən biri də rəhmətlik Sakit Alıyev olub. Bu söhbəti ilk dəfə Sakitdən eşitmişdim. Komanda yeni qurulandan az sonra futbolçular bir nəfər kimi o vaxt Tovuz könüllülərindən ibarət "Boz Qurd" batalyonuna yazılmağa gediblər. Amma batalyonun rəhbərliyi hamını "siz bizə meydanda lazımsınız" deyərək, geri qaytarıb. Bunu nəyə görə xatırladım? "Turan" 1993-94-cü illərdəki çempionluğu, əvvəlki 2 mövsümdə mükafatçılar sırasına düşməsi ilə həqiqətən əhalinin ruh yüksəkliyinin qorunmasında misilsiz xidmət göstərib. "Cəbhədə əsgərlər, meydanda futbolçular!" Yeri gəlmişkən, komandanın üzvlərindən qapıçı Eldəniz Hüseynov uzun müddət yerli özünümüdafiə batalyonunun tərkibində vuruşdu. Hücumçu Etimad Qurbanov da cəbhədə idi, ancaq oyunlara gəlirdi. "Turan" həm də şəhid verən klubdur...

 

"Turan"ın farm-klubu olan "Turan-2"yə yeni qoşulmuşdum. İndiki zamanla komandanın əvəzedicilərinə. Bir hücumçumuz var idi - Vaqif Tağıyev. Komandanın ağsaqqallarından idi. Həm də məşqçimiz  Tahir müəllimin kiçik qardaşı idi. 1-ci divizionda çempionat yeni başlamışdı. Bir gün eşitdik ki, Vaqifi ordu sıralarına çağırıblar. Üstündən heç bir ay keçməmiş Vaqifin ölüm xəbərini aldıq. Səhv etmirəmsə, Kəlbəcər tərəfdə snayperlə vurulmuşdu.

 

... Bunlar müharibə şəraitində olan Tovuzda şahidlik etdiyim hadisələrin bir hissəsidir. Eşitdiklərimi yazsam, bir kitab olar. Gənc ikən Tovuzda gördüklərim 27-28 il sonra yenidən təkrarlandı. Budəfəki döyüşlər daha şiddətli keçsə də, illər əvvəl olduğu kimi kimsə qorxmadı, çəkinmədi. Xalqımla, Tovuz camaatı ilə bir daha fəxr etdim! Ordumuzun döyüş gücünü, 27-28 il əvvəl heç dünyaya gəlməmiş gənclərimizdə vətənpərvərliyi görəndə fəxarət hissim daha da artdı. Demək, vətən sevgisi qanımızdadır. Doğulduğumuz yerdən asılı olmayaraq hamımız Aprel döyüşlərində füzulili, tərtərli, cəbrayıllı, ağdamlı idik,  indi tovuzluyuq, qazaxlıyıq - birik, birlikdəyik. Biz birlikdə güclüyük.

 

İlqar Tağıyev / "525-ci qəzet"

Tarix: 19 İyul [14:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio