Son illər azarkeşlərini klubun adına layiq nəticələrlə sevindirə bilməyən "Neftçi" rəhbərliyi bu dəfə uğur axtarışına Yuri Vernidubla çıxıb. Ukraynalı mütəxəssis böyük təcrübəyə malik adamdır. Futbolun gəlişini-gedişini bilən məşqçilərdəndir.
Vernidubun təyinatına bir də tanınmış futbol agenti Vaqif Heydərlidən sözardı istədik. Sportal.az saytına danışan Heydərli Vernidubun iş prinspirlərinə daha çox diqqət edilməli olduğunu dedi:
"Təcrübə baxımdan nə qədər önəmli biri oldğunu demək artıqdır. Əsas özəlliyi ondadır ki, çalışdığı yerlərdə istədiyi komandanı qura bilib. Xüsusən də, oyunçu seçimləri ilə həmişə fərqlənib. Vernidubun elə "Zarya"ya gətirdiyi oyunçuları götürsək, qısa zamanda parlayıb yuxarı səviyyəyə qalxa bilmişdi əksəriyyəti.
Həmin oyunçu seçmək keyfiyyətini "Krivbas"da da göstərmişdi. Vernidub aşağı pula gətirdiyi futbolçulardan yaxşı komanda qura bilmişdi. "Şerif"dəki işləri də hamıya məlumdur. Söhbət tək yaxşı oyunçular tapıb gətirməkdən getmir. Həm "Zarya", həm "Krivbas"la bürünc medalları qazana bilmişdi. Ukraynada ilk iki pillənin "Dinamo" və "Şaxtyor"un ələ keçirdiyini nəzərə alsaq, 3-cü pilləni qazanmağın yaxşı nəticə olduğunu bilirik. "Zarya" ilə Avropa Liqasının qrup mərhələsində, "Şerif"lə Çempionlar Liqasında yaxşı nəticələr əldə edib.
"Neftçi"də isə durumlar bir az fərqlidir. "Neftçi"yə gələn məşqçi dərhal nəticə verməyə məhkumdur. Verniduba istədiyi komandanı qurmaq üçün zamanın verilib-verilməyəcəyini demək çətindir. Bildiyim odur ki, Vernidub iddiasız klublarda işləmək istəmir. O vaxt "Zarya" əsas futbolçuları satmaq qərarına gələndə, Vernidub buna etiraz edib çıxmışdı oradan".
saytlarin hazirlanmasi
