"Başakşəhər"in prezidenti: "Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq"

22:27 - 23 Oktyabr 2020

Türkiyənin "Başakşəhər" klubunun prezidenti Göksel Gümüşdağ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin II turunda "Vilyarreal"a qarşı ev oyununu bu komandanın stadionunda keçirməsinə münasibət bildirib.

Sportal.az xəbər verr ki, o, "Anadolu" Agentliyinə açıqlamasında deyib:

"Dünən bazaya gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də va. Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".

Gümüşdağ "Qarabağ"ın hər 3 ev matçının onların stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Oktyabrın 28-də Çempionlar Liqasında PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə "Qarabağ" "Vilyarreal"la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, "Qarabağ" klubunu ən yüksək səviyyədə qonaq edəcəyik. "Qarabağ"ın hər üç ev oyununu burada keçirilməsinə razılıq verdik. Ancaq UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, "Qarabağ" digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər".

UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq "Qarabağ"ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.

Xəbər xətti