"Sabah"ın futbolçusu: "Bu etimad qarşıdakı oyunlarda məsuliyyətimi ikiqat artıracaq" - MÜSAHİBƏ

13:24 - 3 Yanvar 2022

“Sabah” azarkeşlərinin ötən il komandanın ən yaxşı futbolçusu seçdiyi Amin Seydiyev “FutbolPress”ə müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

- “Sabah” azarkeşləri sizi keçən ilin ən yaxşısı seçdilər...
- Mənim üçün xoş sürpriz oldu. Səs verən hər kəsə təşəkkür edirəm. Bundan sonra da əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum.

- Ən yaxşı seçiləcəyinizi gözləyirdiz?
- Düzü, mənim üçün bir qədər gözlənilməz oldu. Sağ olsunlar, həm tribunada, həm də ondan kənarda dəstəyi həmişə hiss edirdim. Ancaq məncə, ən yaxşı adına layiqli oyun nümayiş etdirən kifayət qədər yaxşı futbolçumuz var. İkinci dövrədə komanda halında çox yaxşı oyun nümayiş etdirdik. Ayrı-ayrı adlar çəkmək istəmirəm, ancaq komandanın son matçlarda uğurlu nəticə qazanmasında kifayət qədər əziyyəti keçmiş, bu ada layiq olan futbolçularımız var.

- Azarkeşlərin bu etimadı yəqin ki, məsuliyyətinizi artırır...
- Əlbəttə, bu etimad qarşıdakı oyunlarda məsuliyyətimi ikiqat artıracaq. Meydanda əlimdən gələni edəcəm ki, azarkeşlərin seçimini doğruldum. Bir daha hər birinə təşəkkür edirəm.

- Geridə qalan 2021-ci ildə öz çıxışınızı, “Sabah”ın, həm də üzvü olduğunuz millinin nəticələrini necə dəyərləndirirsiz və 2022-ci ildən gözləntiləriniz nələrdi?
- Ötən illə bağlı çox danışmaq istəməzdim. Təəssüf ki tam istədiyimiz nəticələrə imza ata bilmədik. Lakin çox şükür ki, ikinci dövrədə müsbət nəticələr əldə edərək, yeni ilə müsbət əhval-ruhiyyədə yollandıq. İlin sonlarında qazandığımız nəticələr gələcək üçün ümid verir. Qeyd etdiyim kimi, ötən illə bağlı çox danışmaq istəmirəm, çünki keçmiş yox, gələcək barədə düşünürəm. Hazırda həm mən, həm də komanda yoldaşlarım yalnız qarşıdakı oyunlara köklənmişik. Ümid edirəm ki, həm "Sabah"la, həm də milli komanda ilə bu il hədəflədiyimiz nəticələrə imza ata biləcəyik.

- Qarşıda tam iki dövrə var. Yaxşı nəticələr mövsümü istədiyiniz pillədə başa vuracağınıza dair inam yaradıb?
- Əlbəttə, ikinci dövrədəki oyunumuz, nəticələrimiz mövsümün qalan hissəsində uğurlu çıxış üçün inamımızı artırıb. Ancaq hazırda bizim üçün əsas olan qış təlim-məşq toplanışından maksimum yararlanmaq və mövsümün ikinci yarısında uğurlu oyunlar seriyamızı davam etdirməkdi.

- Sizə millidə debüt imkanı yaradan baş məşqçi – De Byazinin yığmada qalmasına münasibətiniz necə oldu?
- Millidə çıxış etmək hər bir futbolçu üçün fəxrdi. Mənim üçün də həmçinin. Bəli, millidə ilk oyunumu De Byazinin rəhbərliyi altında keçirmişəm. Mənə bu şansı verdiyinə görə təşəkkür edirəm. De Byazi təcrübəli mütəxəssisdi. İnanıram ki, onun rəhbərliyi altında yaxşı nəticələrə imza ata bilərik. Mən futbolçuyam mənim işim yığmada kimin baş məşqçi olmasından asılı olmayaraq, millinin uğur qazanması üçün əlimdən gələni etməkdi.

- Qarşıdan yığmanın Millətlər Liqasında oyunları olacaq. Qrupda neçənci yeri tuta bilərik?
- Hər oyunda maksimum güc sərf etməliyik. Hazırda Avropada zəif rəqib yoxdu. Hamı futbol oynamağı bacarır. Əvvəlcədən proqnoz vermək çətindi. Sadəcə, şans veriləcəyi halda, hər oyunda yaxşı nəticə qazanmağımız üçün var qüvvəmlə mübarizə aparacağıma söz verə bilərəm.

Xəbər xətti