"Yerli baş məşqçi Canni De Byazidən pis olmayacaq" - MÜSAHİBƏ

Azərbaycanın əsas millisinin sabiq forvardı Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib. Hazırda Belarusda "Slaviya-Mozır" klubunda oynayan Qurbanov milli komandamızın son nəticələrindən danışıb.

- “Slaviya”dakı işlərin necə gedir? Belarus çempionatının ilk turunda, BATE-yə qarşı oynamamağın nə ilə əlaqədardı?
- Xırda zədəm var idi. Baş məşqçi də buna görə məni heyətə daxil etmək istəmədi. Onun dediyinə görə hazır deyildim. Amma belə, hər şey əladı və mən öz üzərimdə işləməyə davam edirəm.

- Qışda Azərbaycana qayıtmağın üçün təklifin olmuşdu?
- Xeyr, təklif olmamışdı. Fikrimcə, Azərbaycandan bir də təklif gəlməyəcək. Orada 8 klubun 6-da oynamışam. Yəqin ki, Azərbaycanda heç kimə lazım deyiləm və buna görə də təklif gəlmir.

- Azərbaycan millisinin nəticələrilə yəqin maraqlanırsan. Malta və Latviyaya məğlubiyyət sənin üçün gözlənilməz olmadıki?
- Əlbəttə, həm Azərbaycan çempionatı, həm də millini daim izləyirəm. Gözləyirdim ki, Azərbaycan həm Malta, həm də Latviyanı məğlub edəcək. Amma futboldu, belə hadisələr baş verir. Təbii ki, məğlub olmaq pisdi. Çünki azarkeşlər də qələbə gözləyir.

- Bəs, səncə nəyə görə milli Latviya və Malta kimi rəqiblərə uduzur?
- Düzünü deyim, problemin nədə olduğunu bilmirəm. Bizim futbolçuların həmin komandaların futbolçularından zəif olduğunu da düşünmürəm. Demək ki, baş məşqçi uşaqları elə də yaxşı hazırlayıb, oyuna yaxşı kökləyə bilməyib. Bütün günahı Canni De Byazinin üzərinə atmaq da düzgün deyil. Fikrimcə, qələbələr olacaq. Azərbaycan millisinə və futbolçularımıza uğurlar arzulayıram.

- Bəziləri baş məşqçini tənqid edir, bəziləri isə futbolçuları qınayır. Bəs sən, necə düşünürsən ?
- Dediyim kimi, tək baş məşqçini günahlandırmaq da doğru deyil. Amma şübhəsiz ki, əsas məsuliyyət onun üzərindədi. Məsələn, digər baş məşqçilərlə milli Malta və Latviyaya uduzmurdu. Ancaq indi onlara uduzuruq. Baş məşqçi hər şeyə görə məsuliyyət daşıyır, cavabdehdi.

- Millinin kapitanı Maksim Medvedev mediada və sosial şəbəkələrdə yazılanların futbolçulara psixoloji cəhətdən təsir etdiyini bildirib. Səncə, hər hansı təzyiq var?
- Bəli, belə şey ola bilər, Maksimlə razıyam. Əminəm ki, uşaqlar xalqı sevindirmək istəyir. Yaxşı olardı ki, onlar yazılanların hamısını oxumasınlar. Xalqı da başa düşmək olar. Axı, onlar da nəticə istəyir.

- Malta və Latviyaya uduzan yığmamızdan Millətlər Liqasında uğurlu nəticə gözləmək olar? Səncə, milliyə yerli, yoxsa xarici məşqçi kömək olar?
- Yerli baş məşqçi millidə Canni De Byazidən pis olmayacaq. Bu, mənim şəxsi fikrimdi. Ancaq AFFA De Byazini seçibsə, onlar daha yaxşı bilər. Millətlər Liqasından nə gözləmək olar? Düşünürəm ki, uşaqlar əla hazırlaşıb, rəqiblərin hər birinə qarşı yaxşı mübarizə göstərəcək. Ümidvaram ki, onlar bizi sevindirəcək.

- Belarusda oynadığına görə bu ölkənin milli komandasının gücünə də yaxşı bələdsən. Səncə, onları məğlub edə biləcəyik?
- Hər bir rəqibə qarşı oynamaq çətin olacaq. Eləcə də, Belarusla. Çünki Belarus zəif komanda deyil. Bu komandada keyfiyyətli oyunçular oynayır. Hər bir oyuna sonuncu matç kimi hazırlaşmaq lazımdı. Belədə, sonda nəticə yaxşı olacaq. Robert Prosineçkinin vaxtında belə oynayırdıq, nəticəni də hamı görürdü.

Tarix: 30 Mart [11:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio