"Sabah" gənc futbolçularını başqa klublara icarəyə göndərəcək?

17:24 - 24 May 2022

Premyer Liqada hər komandanın start heyətində 21 yaşa qədər futbolçunun yer alması ilə bağlı qərarın ləğv olunması klublarımızın transfer siyasətinə də təsir edəcək.

 

Bu məsələ ilə bağlı ən mürəkkəb vəziyyət “Sabah” klubundadı. Heyətində Yusif İmanov, Nicat Mehbalıyev, Rustam Samiqulin, İdris İnqilablı, Veysəl Rzayev, Abdullah Xaybullayev, Camal Cəfərov, Ceyhun Nuriyev, İldar Alekperov, Kamran Quliyev kimi gənc futbolçuları olan klubun gələn mövsüm üçün strategiyası maraq doğurur.    

 

Heyətində legioner futbolçuların da çoxluq təşkil etdiyi klub gənclərlə bağlı da siyasətini müəyyənləşdirməlidir. Sportal.az saytına açıqlama verən klubun mətbuat katibi Elnur Həmidov bu istiqamətdə hələ ki müzakirələrin aparılmadığını dedi:

 

“Qeyd etdiyiniz oyunçuların klubla müqaviləsi var. Hazırda hansısa gənc futbolçunun icarəyə göndərilməsi ilə bağlı qərar qəbul edilməyib. Mövsüm hələ yeni yekunlaşıb. Təkcə gənc futbolçularla yox, ümumi heyətlə bağlı məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək”.

 

Qeyd edək ki, “Qəbələ”nin baş meneceri Nail Kərimov saytımıza açıqlamasında qapıçı Nicat Mehbalıyevi gələn mövsüm də icarəyə götürməyə çalışacaqlarını deyib.

 

Xəbər xətti