Nikolaz Baçaliaşvili: "Ən böyük xəyalım Azərbaycanın əsas millisində oynamaqdı" - MÜSAHİBƏ

12:21 - 28 İyun 2022

"Qəbələ"nin futbolçusu Nikolaz Baçaliaşvili Sportal.az saytına müsahibə verib. Azərbaycanda doğulan gürcü futbolçu U-20 yığmamızın da üzvüdü. Saytımıza müsahibəsində o, Azərbaycan millisində oynamaq istəyindən söhbət açıb.

- Özün barədə məlumat verərdin. Futbola harada və nə vaxt başlamısan?
- 2002-ci ildə Qaxda dünyaya gəlmişəm. Yəqin ki, bilirsiz Qaxda gürcülər az deyil. Valideynlərim də gürcüdü. Qaxa tətil üçün gedirəm. Futbola 7 yaşında “Torpedo”(Kutaisi) klubunda başlamışam. İki il sonra isə “Dinamo”ya(Tbilisi) keçmişəm. Orada da 4 il oynadım. 15 yaşımda isə “Qəbələ”yə keçdim və bu klubda oynamağa başladım.

- Bildiyim qədərilə “Dinamo”(Tbilisi) klubunun akademiyasında da olmusan. Maraqlıdı, orada niyə qalası olmamışdın?
- 14 yaşına qədər “Dinamo”da oynamışam. Sadəcə olaraq, mən Azərbaycan vətəndaşıyam və ona görə də sonradan sənəd problemləri çıxdı ortaya. Ya Gürcüstan vətəndaşlığını almalıydım, ya da Azərbaycanda qalmalıydım. Həmin vaxtı şans düşdü və keçdim “Qəbələ”yə. Elə sonradan da bu komandada qaldım.

- “Qəbələ”nin əsas komandasında qalmaq ehtimalın yoxdu? Əsas komandaya düşmək çox çətindi?
- “Qəbələ”də 4 il oynamışam. Bu klub futbolda mənə çox şey qazandırdı. Ona görə də “Qəbələ” mənim üçün çox şey ifadə edir. Düzü, əsas komandadan şans gözləyirdim. Sadəcə məşqçinin fikirləri başqa cürdü. Əsas komandaya düşə bilmədim. Futboldur da, olur belə şeylər. İstənilən halda bu komandaya uğurlar arzu edirəm.

- Bir ara “Kəpəz”də oynamışdın. Bu komanda Premyer Liqaya yüksəkdi. Orada qalsaydın, hər halda yüksək liqada oynamaq şansın olacaqdı?
- “Kəpəz” çox böyük, köklü klubdu. Gəncədə futbolu çox sevirlər. Orada altı ay oynadım, sonradan kiçik problem oldu. Məhz bu səbəbə görə “Kəpəz”də qalası olmadım. Orada qalsaydım, yəqin ki, şans düşərdi.

- Gürcü olduğuna görə Gürcüstan klublarından təkliflərin olur?
- Bəli, Gürcüstandan mənə təkliflər var. İndinin özündə də 3-4 komanda məni heyətinə qatmaq istəyir. Sadəcə olaraq, mən Azərbaycanda qalmaq istəyirəm.

- Azərbaycanın U-20 yığmasının da üzvüsən. Aşağı yaş qruplarında da oynamısan. Azərbaycanın əsas millisində oynamaq arzun var?
- Əlbəttə ki, Azərbaycan millisində oynamaq xəyalımdı. Onun üçün də həmişə çalışacam. Ümidvaram ki, bu, məndə alınacaq.

- Gələcəkdə karyeranda yüksəliş olacağı təqdirdə, Gürcüstan millisindən dəvət olarsa, buna necə reaksiya verəcəksən?
- Futbol karyeramda hər şeyi Azərbaycan mənə verib. Lazımı vaxtda Azərbaycan mənim yanımdaydı. Ona görə də çox sağol deyirəm hər kəsə. Bunu heç vaxt yaddan çıxarmayacam. Yenə deyirəm, ən böyük xəyalım Azərbaycanın əsas millisində oynamaqdı.

Xəbər xətti