"Durumu bildirmək lazımdır ki, bəlkə kənardan dəstək verdilər" - MÜSAHİBƏ

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Zirə" ilə görüşdən sonra komandadakı vəziyyət necədir? Komandanın yaxşı müdafiə olunmasına baxmayaraq, sona az qalmış qollar buraxmağınız inamsızlıq yaratmayıbki?
- "
Zirə" ilə oyundan sonra komanda toparlanmağa çalışır. Müdafiə xətti etibarlı çıxış etdi. Amma rəqibin oyununu qeyd etmək lazımdır. "Zirə" bəlkə də, son turlardakı ən yaxşı oyununu keçirdi. Ola bilər ki, zədədən qayıdan futbolçuların futboldan darıxması, bir-birini yaxşı başa düşməsi bizə çətin anlar yaşatdı. İstədiyimiz qədər hücum edə bilmədik. Bunun səbəbləri var, çünki heyətdə itkilər olmuşdu. Son oyunlarda stabil heyətlə oynaya bilmirik. Bu, oyunumuza təsirini göstərir. Futbolçularımda inamsızlıq olacağına inanmıram. Mənim onlara güvənim sonsuzdur. Çətin durumdan birlikdə çıxa biləcəyimizi düşünürəm. Məğlub olandan sonra səhvlərimiz haqda danışırıq ki, növbəti matçlarda onları təkrarlamayaq. Qarşıdakı matçlarda daha yaxşı olmağa çalışacağıq.

- Qarşıda sizi "Kəpəz"ə qarşı oyun gözləyir. Gəncədən Tovuza lazımı nəticə ilə qayıda biləcəksiz? 
"Kəpəz" və "Turan Tovuz" güc baxımından bir-birinə yaxın komandalardır. Hər iki klubda yeni futbolçular var. Azarkeşlər maraqlı oyunların şahid olacaqlar. Kubokda səfər qolunun üstünlüyü yoxdur. Geniş heyəti olmayan iki komandanın sıx qrafikdə oyunlara çıxması güc tələb edir. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik. İkinci oyunun da marağı böyük olacaq. Futboldur, hər şeyə hazır olmaq lazımdır. 

- Yəqin ki, qış fasiləsinə yarımfinalçı kimi yollanmaq sizin üçün böyük uğur hesab olunacaq? Ölkə kubokundakı şəxsi təcrübəniz sizə kömək ola bilər?
Əlbəttə ki, yarımfinala yüksəlmək bizim üçün böyük uğur olardı. Əskiklərimiz olsa da, çalışacağıq, mübarizədən çəkinməyəcəyik. Fərqli komandalarla kubokda iştirak etmişik. İndi isə, komandanı "Kəpəz"lə oyuna hazır etməyə çalışırıq. Futbolçularım da inanır. Onlarda istəyi görürəm. Futbolda hər zaman istədiyini həyata keçirə bilmirsən. Yeni komanda olmağımız bəzi oyunlarda görünür. Gənc oyunçularımız çoxdur. Onlara oyun praktikası lazımdır. Ötən mövsüm öz klublarında az oynayıblar. Lakin oyundan-oyuna artırdıqlarını görürük. Hər şeyə vaxt lazımdır. Yarımfinal həyəcanı yaşaya biləcəyimizə inanıram.

- Hər həftə zədəliləiniz çoxalıb, heyətinizin də geniş olmaması yəqin ki, sizi daha çox sıxır. Demək olar ki, baş məşqçi kimi karyeranızda ən çətin durumdasınız? 
-  
Mərkəz müdafiəçiləri birdən-birə zədələndi, cinah müdafiəçilərimiz azdır. Yarımmüdafiənin mərkəzində də itkilərimiz oldu. Natan Oduva bəzi oyunlarda yox idi. Komandanı quranda da, böyük büdcəyə malik deyildik. Ehtiyat kimi gəncləri düşünürdük. Bilirdik ki, bu hadisə başımıza gələ bilər. "Sumqayıt"da bir hücumçumuz var idi, o da Əli Qurbani. Fikirləşirdik ki, kim zədələnsə də, Əli zədələnməsin. Amma birinci elə Əli zədələnmişdi. 6-7 tur hücumçusuz oynadıq. "Zirə"ni çalışdırdığım dövrdə də, zədə epidemiyası yaşanmışdı. Komandada 4-5 mərkəz müdafiəçisi var idi, onlardan bəziləri sıradan çıxmışdı, bəziləri isə cəzalı durumda idi. Vüqar Mustafayevlə Viktor İbekoye mərkəz müdafiəçiləri kimi oynamışdı. Məşqçilərin də işi odur ki, düşdüyü vəziyyətdən çıxa bilsin. Əlimizdə olan futbolçularla heyəti komplektləşdirərək, hər oyunda mübarizə aparmaq istəyirik.

- Demək olar ki, hər oyundan sonra keçirilən mətbuat konfranslarında, müsahibələrinizdə maaliyyənin yüksək olmaması barədə danışırsız. Maraqlıdır, bu məsələnin gündəmdə qalması heç effekt vermir?
-
Bəli, hər dəfə konfranslarda, müsahibələrdə bu məsələyə toxunuruq. Bilirsiz, qışda transferlərin olub-olmaması barədə suallar verilir. Hamı gözləyir. Biz də, gərək açıq danışaq, məsələni bildirək. Sevinirik ki, ayrılan bücdə ilə komanda qurmuşuq, Tovuzun illər sonra Premyer Liqaya qayıtması sevindiricidir. Yüksək liqada iştirak etmək üçün həmin büdcəyə malik olmalısan. Lakin bu büdcə ilə böyük işlər görmək, iddialı klublara qarşı oynamaq çox çətindir. Futbol günü-gündən inkişaf edir. Premyer Liqanın öz tələbləri var. Şərait baxımından digərlərinə yaxınlaşmalısan. Bir çox məsələlər var ki, geri qalmamalısan. Çətinlikləri bilib bura gəlmişik. Buna baxmayaraq, həvəsdən düşmürük. Transferlərin olub-olmayacağı haqda suallar verilir. Bildiririk ki, kənardan dəstək lazımdır. Bu durumu bildirmək lazımdır ki, bəlkə kənardan dəstək verdilər, sponsorun çıxması komandaya böyük kömək olardı. Yəni, rəhbərlik və məşqçilər olaraq, suallara səmimi cavab veririk.


Mirbağırağa

Tarix: 8 Dekabr [12:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio