"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" son turda "Səbail"ə qalib gəlməyi bacardı. Matç istədiyiniz kimi alındı, yoxsa çətinliklə qalib gəldiniz?
- "Səbail"ə qarşı oyunu bizim üçün finala bərabərə idi. Çünki qalib gəldiyimiz təqdirdə, ən azından iki pillə yuxarı qalxacaqdıq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Amma çox çətin qələbə qazandıq.
- "Sumqayıt" son üç oyundan 7 xalla ayrıla bildi. Demək olar ki, hər şey qaydasına düşüb?
- Düzdü, üç oyuna 7 xal yaxşı nəticədir. Amma hər şeyin yaxşı getdiyini demək düzgün olmaz. Çünki sonuncu pilləyə düşmək ehtimalımız yenə var. Uğursuzluq zolağından tam çıxmamışıq. "Sabah"la oyunda maksimum xal qazanmaq lazımdır ki, rahat nəfəs ala bilək.
- Növbəti turda "Sumqayıt"ın rəqibi "Sabah" olacaq. Çempionluq uğrunda mübarizə aparan rəqibinizi məğlub edə biləcəksiz?
- Elə durumdayıq ki, rəqibin kimliyindən, hansı pillədə olmasından asılı olmayaraq, meydana uğurlu nəticə üçün çıxmalıyıq. Çalışacağıq ki, evdə yaxşı nəticə qazanaq. Demək olar ki, finala bərabər daha bir oyuna çıxacağıq.
- Həm üç oyunluq uğurlu seriya, həm də sonuncu pillədən qurtulmağınız "Sabah"la görüşdə sizə nə dərəcədə motivasiya verəcək?
- Təbii ki, yaxşı nəticələr olanda həm psixoloji durum, həm özünəinam daha yaxşı olur. Oyuna istəkli çıxacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Necə alınacaq, bunu oyun göstərəcək.
- Komanda Samir Abasovun oyun fəlsəfəsinə tam öyrəşə bilib?
- Baş məşqçinin dediklərini tam olmasa da, yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, üçüncü dövrəyə daha yaxşı "Sumqayıt" görəcəksiz. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Avrokuboklara yer verən 4-cü pillədə qərarlaşan "Zirə"dən 15 xal geridə olan "Sumqayıt"ın qışdan sonra Konfrans Liqasına yollanmaq mübarizəsinə qoşulmağa gücü, vaxtı və imkanı çatacaq?
- Avrokuboklara düşmək çətin görünür. Doğrudur, mümkünsüz heç nə yoxdur futbolda. Amma düzü, bu dəqiqə əsas məqsədimiz xal ehtiyatımızı artırıb aşağı pillədən uzaqlaşmaqdır.
Mirbağırağa