İbrahimov "Gent" - "Qarabağ" matçı üçün hazırlanmış səfər paketi haqda: "500-dən çox müraciət daxil olub"

14:12 - 31 Yanvar 2023

"CanSports" bir neçə gün əvvəl "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə səfər oyununu izləmək istəyən azarkeşlər üçün səfər paketi təklif etmişdi.

Sportal.az xəbər verir ki, adıçəkilən idman turizmi və konsaltinq şirkətinin sahibi Nurlan İbrahimov həmin səfər paketinə olan maraqdan söz açıb:

"Qarabağ"da işlədiyim zaman bununla bağlı çoxlu söz-söhbətlər olurdu. Deyirdilər ki, niyə "Qarabağ" azarkeşlər üçün hər hansı səfərlər təşkil etmir. İndi Konfrans Liqasının pley-offudur, önəmli oyundur, Gent də gözəl şəhərdir. Bununla bağlı biz də bir təklif hazırladıq. Həm klub olaraq "Qarabağ", həm də Gənclər və İdman Nazirliyi bunu çox yaxşı qarşıladı. Nazirlikdəki dəyişikliklərdən sonra bu sahədə çox aktivdirlər, ölkə futbolunun, Azərbaycan idmanının inkişafına dəstək olmağa çalışırlar. Sosial şəbəkə hesablarından da paylaşdılar. Yaxşı səs-küy oldu. Neçə nəfər səfərə gedəcək, bilmirəm, bunu zaman göstərəcək, amma ən azından 500-dən çox müraciət daxil olub. Bu işlərə bir yerdən başlamaq lazımdır, belə düşünürəm".

Mediasport.az

Xəbər xətti