Murad Musayev: "Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər"

20:59 - 2 Aprel 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"ı, azarkeşlərini təbrik etmək istəyirəm. Önəmli nəticə əldə etdik. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, "Sabah"ın tarixinə bu cür anları yazacağıq. Oyuna gəlincə, rəqibin qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. "Qəbələ" yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram.

- Avrokuboklara vəsiqə qazanmaq qarşınıza qoyulan maksimum hədəf idi?

- Avrokuboklara vəsiqəni təmin etmək qarşımıza qoyulan məqsəd idi. Amma biz rahatlaşa bilmərik. Oyunçularla da danışanda dedik ki, mövsüm ərzində böyük iş görmüşük və dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır. Qarşıdakı 8 oyunu "Qəbələ"yə qarşı ikinci yarıda keçirdiyimiz kimi keçirməliyik.

-  Azərbaycan müsəlman ölkəsidir və insanların əksəriyyəti oruc tutur. Baş hakim iftar vaxtı olduğu üçün oyunu dayandıranda etiraz etdiniz. Etirazınız nəyə idi?

- Mən hörmətlə yanaşıram və bilirəm ki, İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi. Nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər.

- Milli komandanın köməkçi məşqçisi bildirib ki, futbolçular fiziki olaraq çatdıra bilmir və bu səbəbdən də 60-70 dəqiqə oynaya bilirlər. "Sabah"da fiziki durumla bağlı problem var?

- Aleksey İsayev İsveçlə görüşdə meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Avstriya ilə oyunda pis çıxış etdi, çünki pis formada idi. Bu da məlum idi. Çünki o əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız da əla formadadır. "Qarabağ"ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, "Krasnodar"la "Sabah"ın göstəricilərinə baxdıqda, heç də geri qalmırıq. Hətta "Sabah"ın futbolçularının fiziki göstəriciləri əvvəlki sabiq komandamın göstəricilərindən daha yaxşı olur. Ümumi götürsək, çempionatın intensivliyinin artması üçün, oyunlarda daha az pauzalar olmalıdır. Aşağı pillələrdə qərarlaşan və nəticəyə oynayan komandalar çox pauza edirlər, oyunu gecikdirirlər, yalandan qıcolmalar tutur. Bütün bunların qarşısını ala biləcək şəxslər hakimlərdir. Onlar buna qarşı çox sərt olmalıdırlar. Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər.

- Avstriya məğlubiyyətinə görə futbol ictimaiyyətində çox adam Yusif İmanov və Bəxtiyar Həsənalızadəni qınadı. Bu hadisədən sonra onları psixoloji olaraq necə geri qaytaracaqsınız? 

- Bəxtiyar ümumiyyətlə hazır deyildi. Ona bu mövzuda toxunmaq lazım deyil.  Yusifə gəldikdə, bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin.

Mirbağırağa

Xəbər xətti