"Ola bilər, Ramil Şeydayev düşünür ki, belə şans, təklif bir daha olmayacaq"

10:39 - 24 May 2023

Azərbaycan milli komandasının forvardı Ramil Şeydayev mövsüm başa çatan kimi Taylandın "Buriram Yunayted" klubu ilə müqavilə imzalayacaq. Sportal.az xəbər verir ki, "Qarabağ"ın üzvünün Avropada qalacağı ehtimal edilsə də, o, Asiyaya yollanmaq qərarı verib. Şeydayevin qərarına azərbaycanlı futbol mütəxəssis Sənan Qurbanov şərh verib. Saytımıza açıqlama verən Qurbanov, Ramilin seçimi haqda bunları deyib: 

"Bu mövsüm Ramil üçün uğurlu alındı. "Sabah"da olduğu dönəmdə yaxşı formada deyildi. Amma "Qarabağ"a keçəndən sonra onda yüksəliş başladı. Avrokubok, çempionat və milli oyunları üçün uğurlu keçdi. Nəzərə alaq ki, biz çempionatın bombardiri haqda danışırıq. Aktivində 22 qol var. O, tək qollarla deyil, həm də oyunu ilə də "Qarabağ"a çox fayda verdi. Doğrudur, bizim akademiyalardan çıxmayıb, amma təmiz azərbyacanlıdır. Çox nadir hallarda belə hündür, sürətli, müdafiədə və hücumda faydalı olan futbolçularımız olur. Çox istəyərdim ki, bu cür mövsüm keçirdikdən sonra Avropada çıxış etsin. Ancaq Taylanddan çox yaxşı təklifi var. Görünən budur ki, digər klubların təklifindən 2-3 dəfə yüksək məbləğdir. Ona görə belə qərar verir.

Ramil Avropada qalaraq daha da inkişaf edərdi. Elə "Qarabağ"ın özündə də oynamağa davam edə bilərdi. Onlar daim avrokuboklarda çıxış edir. Ramil də orada özünü yaxşı tərəfdən göstərirdi. Görünən odur ki, Taylandı seçir. Mətbuatdan oxuduğuma görə, sırf maliyyə məsələsidir. Məbləğ yüksəkdir. Ola bilər, Ramil düşünür ki, belə şans, təklif bir daha olmayacaq. Reallıq var. Mövsümü analizi edəsi olsaq, onun üçün çox uğurlu keçdiyini söyləmək mümkündür".

Qurbanovun fikrincə, Şeydayev Tayland çempionatında oynasa da, Azərbaycan millisinə dəvət ediləcək: "Ramil milliyə 100 faiz dəvət alacaq. Çünki elə geniş heyətimiz yoxdur. Onsuzda milliyə güc-bəla ilə futbolçu tapırıq. Ramil harada oynayırsa-oynasın milliyə dəvət alacaq".

Mirbağırağa

Xəbər xətti