Bakıdakı dünya çempionatının açılış mərasimi keçirildi

21:39 - 29 May 2023

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.

Sportal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər. Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlətimizin başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər. Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim etdi. Dövlətimizin başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər.

Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi.

Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu. Sonra Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladıb.

Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb.

K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi.

Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi.

Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu.

Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.

Xəbər xətti