"Askoli"nin azərbaycanlısı: "İtaliya A seriyasında oynayacağıma inanıram, niyə də olmasın?" - MÜSAHİBƏ

15:24 - 1 İyun 2023

İtaliyanın "Askoli" klubuna məxsus olsa da, qış fasiləsindən bu yana icarə əsasında "İmoleze"də çıxış edən Raul Yaqubov Sportal.az saytına müsahibə verib. U-17 yığmamızın sabiq üzvü olan 19 yaşlı futbolçu başa çatan mövsümü və İtaliyadakı perspektivlərindən danışıb. 

- Ötən həftə "İmoleze"nin gənclərdən ibarət komandasının heyətində debüt elədin. Matç necə keçdi, debütün niyə bu qədər gec alındı?

- Bəli, debüt etdim. Debütümün gec olmasının səbəbi baş məşqçinin taktiki sxemində mənə yer olmaması idi. Hücumçu arxasında oynayıram. Məşqçimiz isə 4-3-3 sxeminə üstünlük verir. Rəhbərlik yeni baş məşqçi gətirdi və komandanın sxemi də dəyişib. Bu da, mənim oynamağıma kömək oldu. Futboldur da, belə hallarla tez-tez üzləşirik. Tanınmış futbolçular da belə hallarla rastlaşır. Hər məşqçinin öz oyun üslubu var və sadəcə səbr etmək lazımdır.

- Bəs əsas komandada debütün nə vaxt olacaq? Əsas komanda ilə məşq edib, gənclərdən ibarət komandada oyunlara çıxırdın?

- Bəli, əsas komanda ilə məşqlərə çıxıram. Hazırkı komandada özümü yaxşı hiss edirəm, gənclər komandası ilə oyunlara gedirəm. Bilirsiz, İtaliyada 6 Primavera liqası var. Onlardan Primavera 1 və Primavera 2 ən güclü liqa sayılır. Bu çempionatda oynayan ilk azərbaycanlı olduğum üçün xoşbəxtəm. Çalışacam ki, davamını gətirim, daha üst liqada oynayım.

- Burada oynamaq sənə nə qazandırır? Yəni oyun praktikasından əziyyət çəkməmək üçün yaxşıdır, yoxsa elə artıra biləcəyin liqadır?

- "İmoleze"nin gənclər komandası ötən il C seriyasının gənclər çempionatını qalib kimi başa vurmuşdu. Bu il B seriyasındadırlar. Hamımız bilirik ki, A seriyası və B seriyası İtaliyanın ən top liqasıdır. Bu liqaların gənclər komandalarının çempionatı da çox önəmlidir. Daim diqqətdədir, səviyyəsi də yüksəkdir. 

- "İmoleze" bu mövsüm C seriyasında çıxış edirdi. Bu komandanın heyətində, C seriyasında oynamaq, debüt etmək şansı qazanmaq çox çətindir? Səncə, bu imkan veriləcək sənə? 

- Əsas komanda ilə oyunlara çıxacam. Özümü yaxşı formada hiss edirəm. Bilirsiz, mən "Askoli"yə məxsusam. Gələn il ora qayıdacam. Çünki bu komanda ilə dörd illik müqaviləm var və düşünürəm ki, ya "Askoli"də qalacam, ya da hansısa güclü komandaya icarəyə yollanacam. İtaliyada və digər Avropa ölkələrində gənc oyunçuları top-klublar icarəyə göndərir ki, təcrübə yığsınlar.

- Müqavilə ilə "Askoli" klubuna məxsussan. Ümumiyyətlə, bu cür klublara necə gedib çıxmısan? Menecer vasitəsi ilə yoxsa, hardasa görüblər sənin oyununu?

- Beş il əvvəl Azərbaycandan İtaliyaya gəlmişəm. Akademiyanın ən güclü beş futbolçusundan biri seçilmişəm. Çox klubdan təklifim var idi və "Peruca"nı seçmişdim. Sonra da menecerlə müqavilə imzaladım. Öz menecerimdən çox razıyam. Məndən başqa A seriyasında 11 futbolçusu var və xoşbəxtəm ki, belə menecerlər işləyirəm. Mənə inandığı üçün də ondan razıyam.

- "Askoli"nin skautları və ya məşqçiləri səni izləyirlər? 

- Bəli, "Askoli"dən mənimlə tez-tez maraqlanırlar, məşqçilərlə danışırıq. Gələn il bu komanda ilə təlim-məşq toplanışına yollanacam. Ondan sonra necə olacağını zaman göstərəcək. Çalışacam ki, "Askoli"də qalım.

- Yeri gəlmişkən, "İmoleze" səni evlə təmin edib, hansı şəraiti yaradıb?

- Təbii ki, hər cür şərait yaradıblar. "İmoleze" rəhbərliyi legioner futbolçular üçün oteldə otaqlar verib. Bu da bazanın yaxınlığındandır. Həm də, qidalanmağımızla bağlı problemimiz yoxdur. Dietoloqların nəzarətindəyik. Klubun peşəkarlığına söz ola bilməz.

- İtaliyada hazırda Qafqazdan olan və adından söz etdirən futbolçu Xviça Kvaratsxeliyadır. Səni necə, görə biləcəyik A seriyasında, "Napoli" və ya bu səviyyədə olan komandaların birində? Alınacaq, yoxsa, Azərbaycana qayıdacaqsan?

- İtaliya A seriyasında oynayacağıma inanıram, niyə də olmasın? Hər şey mümkündür. Azərbaycana qayıtmaq haqda fikirləşmirəm. Avropada böyümüşəm və burada oynayıb, inkişaf etmək istəyirəm. Öz vətənimin millisində oynayıram və gələcəkdə də Azərbaycan yığmasında çıxış edəcəm. Ancaq klub səviyyəsində geri qayıtmağı planlaşdırmıram. 

Mirbağırağa

Xəbər xətti