Gəncə Futbol Akademiyasının rəhbəri iddialıdı: "Bu məsuliyyətin fərqindəyəm"

14:26 - 4 Sentyabr 2023

Uzun illərdir həsrətində olunan Gəncə Futbol Akademiyasının açılışına az bir vaxt qalıb. Artıq binada son tamamlama işləri gedir. Geniş otaqları, müasir avadanlıları ilə göz oxşayan akademiyada gələcəyə ümidlə baxmaq üçün bir çox səbəblər var.

Hazırda son durumun nə yerdə olduğu və qarşıya qoyulan hədəflər barədə akademiyanın rəhbəri Cabir İbrahimov İdmanxeber.az saytına müsahibəsində məlumat verib:

– Akademiyada bir çox işlər görülsə də, açılışın tarixi konkert açıqlanmayıb. Akademiyanın istifadəyə veriləcəyi tarix hələ də bəlli deyil?

Yaxın aylarda fəaliyyətə başlayacağıq. Dəqiq tarix deyə bilmirəm. Mətbuatda hərdən ilin sonunda açılış olacağı yazılır. Amma daha tez olacağı nəzərdə tutulub.

– Açılışın yubanmasına nə mane olur?

Heç bir maneəçilik yoxdur. Növbəti günlərdə tunelin təmiri ilə bağlı işlər başlayacaq. Artıq bununla bağlı işçi heyətimiz də hazırdır. Növbəti həftə çalışmalara start veriləcək. 

– Akademiya ilə bağlı planınız, qarşıya qoyduğunuz hədəfləriniz nədir?

Bu barədə işə başlayandan sonra daha dəqiq nəsə demək olar. Hazırda ən böyük məqsədimiz Qərb bölgəsində futbolun inkişafına, yeni oyunçuların yetişməsinə dəstək olmaqdır. Klubla gücümüzü birləşdirib Gəncə futbolunu irəli aparmaq istəyirik. Niyyətimiz Azərbaycan futboluna töhvə vermək, inkişafında müsbət rol oynamaqdır.

– Akademiya fəaliyyətə başlamasa da, “Kəpəz”in azyaşlılardan ibarət komandaları var. Maraqlıdır, belə bir vəziyyətdə orada durum necədir?

Vəziyyət o qədər də ürəkaçan deyil. Ancaq növbəti illərdə daha yaxşı olacağına ümid edirik. Düzdür, bu işlər 6 ayda, 1 ildə görüləcək işlər deyil. Siz də bilirsiniz ki, bəlli zaman lazımdır. Gəncədəki akademiya fəaliyyətə başlayandan bütün diqqətimiz məhz bu istiqamətə yönlənəcək. Çalışacağıq ki, ən qısa vaxtda maksimum nəticəyə gedək. 

– Ölkədə fəaliyyət göstərən digər akademiyalarla əlaqə saxlayırsınız? Yəni onların necə faəliyyət göstərmələrindən, təcrübələrindən yararlanmağı düşünürsünüz?

– Bilirsiniz ki, mənim təyinatımdan bir ay keçib. Elə də ciddi vaxt deyil. Mən gələndən ancaq akademiya daxilində müəyyən çatışmazlıqlarla məşğul olmuşam. Sırf binanın tez bir zamanda hazır olması əsas hədəflərdəndi. Ancaq dediyiniz kimi, bəzi təcrübələrdən yararlanmaq olar. Bu baradə yaxın gələcəkdə düşünə bilərik.

– Əsas komandanın nəticələri akademiyanın fəaliyyətinə necə təsir edə bilər? Bu gün “Kəpəz” yeganə sponsorsuz komandadır. Əgər klub Premyer Liqanı tərk etsə, akademiyanın fəaliyyətinə necə təsir edəcək?

Yaxşı nəticələr təbii ki, uşaqları da ruhlandırar. “Kəpəz”in Premyer Liqanı tərk etməsini düşünmək belə istəmirik. Amma deyək ki, siz dediyini kimi oldu. Amma bunun bizim fəaliyyətimizə hər hansı bir təsir edəcəyini düşünmürəm. Əgər komanda elitanı tərk etsə də, akademiya işinə davam edəcək. Bura böyük məbləğdə vəsait ayrılıb, müasir avandanlıqla yaxşı işlər görülüb. 

– Sizdən gözləntilər böyükdür. Belə deyək, tələblərlə sizə ayrılan şərait üst-üstə düşür?

Açığı, çətin olacaq. Mən də bu məsuliyyətin fərqindəyəm. Ayrılan maliyyə ilə tam istənilən kimi çalışmaq asan deyil. Amma biz çalışacağıq ki, maksimum iş göstərək.

Xəbər xətti