Yığmamızın üzvü: "Hələ ki, "Neftçi"nin məşqlərinə qoşulmamışam"

21:49 - 8 Dekabr 2023

"Hələ ki, "Neftçi"nin məşqlərinə qoşulmamışam. Yəqin ki, bu, yaxın günlərdə baş verəcək. "Dauqavpils"də müqaviləm başa çatdı və ona görə də, geri qayıtmadım. Üstəlik, Latviya çempionatı da bitdi. Latviyadakı karyeramın yaxşı alındığını düşünürəm. Əsas odur ki, zədə və ya başqa səbəbdən oyun buraxmadım, bütün matçlarda meydana çıxdım".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ramin Nəsirli deyib. 

"Neftçi"nin futbolçusu icarə əsasında geridə qalmış bir ili Latviyanın "Dauqavpils" klubunda keçirib. Amma futbolçu artıq müqavilə ilə məxsus olduğu Bakı komandasına dönüb. U-21 yığmamızın aparıcı üzvü Latviya çempionatının səviyyəsindən və "Dauqavpils"in onunla yoluna davam etmək istəməsindən də söz açıb:

"Orada mənə bildirdilər ki, yeni sezonda da səni komandada gözləyirik. Amma hələ ki, gözləmə mövqeyindəyəm. Latviyada bizdəki kimi yaxşı klublar da var, zəif klublar da. Ümumi olaraq, bizim çempionatda xüsusən bu mövsüm daha rəngarəngdir".

O, qışdan sonra "Neftçi"də qalıb, yoxsa başqa komandaya icarəyə yollanacağı haqda qəti qərar verməyib: "Bunu zaman göstərəcək. Digər təkliflər də var. Hələ ki, heç bir fikir bildirə bilmərəm".

Mirbağırağa

Xəbər xətti