"Aleksey İsayevin "Qarabağ"a gedişi "Sabah"ı çox zəiflədəcək"

10:49 - 5 Yanvar 2024

"Əlbəttə ki, Aleksey "Qarabağ" üçün xeyirli olacaq. Azərbaycan pasportuna sahib olan, sayılıb-seçilən oyunçulardan biri Alekseydir. Onunla birlikdə oynamışam, çox keyfiyyətli insan və çox keyfiyyətli futbolçudur. "Qarabağ" da bu iki detala fikir verir. Çox yaxşı seçimdir. Onlar həm yerli limitini doldurmaq üçün, həm də öz heyətini gücləndirmək üçün bunu edib. O, yarımmüdafiənin orta xəttində rəqabət aparacaq gücdədir. Doğrudur, komandada bu mövqe çox güclüdür. Amma Aleksey İsayev də komandaya çox xeyir verəcək. Hücumlara qoşulur, müdafiəyə kömək edir. Yəqin ki, "Qarabağ" neçə illərdir onu analiz edir və sonda bu cür qərar veriblər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Əfran İsmayılov deyib. 

Vaxtı ilə "Qarabağ"ın formasını geyinmiş İsmayılov Ağdam klubunun "Sabah"dan Aleksey İsayevi transfer etməsini şərh edib: "Alekseyin "Qarabağ"a gedişi "Sabah"ı çox zəiflədəcək. Hər halda, komandadan lider və kapitan gedib. "Sabah" rəhbərliyi, məşqçilər korpusu bundan sonra düşünməli, böyük işlər görməlidir ki, Aleksey kimi oyunçu gətirsinlər və o da fayda versin. Onları da hardasa başa düşürəm. Bəlkə də, Aleksey getmək istədiyini deyib. Üstəlik, ortada pul söhbəti də olub və klub onun transferindən yaxşı pul qazanmaq imkanına sahib idi. İnanmıram ki, "Qarabağ"da "Alekseyi alaq "Sabah"ı zəiflədək" kimi düşüncə olsun. Belə şey mümkün deyil. Onsuzda, İsayev "Sabah"da olanda da "Qarabağ" onları məğlub edirdi də. Bəli, ola bilər ki, onlarla başabaş gələcək komanda "Sabah" idi. Amma "Qarabağ" əsas heyətlə oynayan kimi rahat şəkildə "Sabah"a qalib gəlirdi. "Qarabağ" ancaq özünün inkişafı haqda fikirləşir".

Veteran futbolçu "Qarabağ"ın bundan sonra da növbəti transferi edib-etməyəcəyi haqda bunları deyib: "Mənim üçün əsas məsələ müdafiənin sağ cinahı, hücum mövqeyidir ki, onları gücləndirmək olar. Ola bilər ki, Aleksey də hücumameyilli oynasın. "Qarabağ"da növbəti transfer olacaq, ya yox, bilmirəm. Bilirsiz, oyunçu tapmaq, bura gətirmək çox çətindir. Düzdür, "Qarabağ"ın adı var. Amma Azərbaycan futbolu yeni-yeni inkişaf edir deyə, oyunçu gətirmək çətindir".

Mirbağırağa

Xəbər xətti