"Qarabağ"ın sabiq forvardı Rauf Əliyev Sportal.az saytına açıqlama verib. Hazırda məşqçi kimi fəaliyyət göstərən Əliyev Ağdam klubunun Çempionlar Liqasının 6-cı turunda “Ayaks”la görüşdəki məğlubiyyətini şərh edib. Bununla yanaşı, o, Azərbaycan çempionunun ÇL-in liqa mərhələsində pley-off mərhələsinə yüksəlmək şanslarından danışıb:
"Məğlubiyyət təbii ki, gözlənilməz oldu. “Qarabağ”ın qalib gələcəyini 80 faiz ehtimal edirdimsə, 20 faiz də heç-heçə olacağını düşünürdüm. Düzünü desəm, “Qarabağ”ın “Ayaks”a məğlubiyyətini heç gözləmirdim. "Ayaks"ın bu oyuna qədər aktivində xalı olmasa da, dünya futbolunun ən köklü, ən səviyyəli klublarından biridir. Ola bilər ki, yaxşı dövr keçirmirdilər. Amma oyun ərzində "Qarabağ"ın müdafiədə boşluqları oldu. Bir komanda məğlub olubsa, burada səbəblər tapmaq olar. "Ayaks"la matçdakı qızıl, vacib üç xal idi. Bunu qazanmamaq komandanın işini çox çətinə saldı. Qarşıdakı 2 rəqib də çox güclü klublardır. “Ayntraxt” son vaxtlar göstərdiyi oyunlara görə seçilir. Gənc oyunçulardan qurulmuş, yaxşı futbol oynayan komandadır. Son matçda “Barselona” ilə üz-üzə gəldilər, yaxşı oynadılar. “Liverpul”dan danışmağa isə ehtiyac görmürəm. Hər iki matç çox çətin olacaq. "Qarabağ"a uğurlar arzulayıram. Bir xal qazanmaq da çox yaxşı olardı”.
Rauf "Qarabağ"ın məğlubiyyətinə görə daha çox tənqid edilən Nəriman Axundzadə barədə danışıb: "Qarabağ"da oynadığım dövrdə Nərimanın indiki vəziyyətini mən də yaşamışam. Qol vurmadığım dövrlər olub. Sadəcə o vaxtı mətbuatdan təzyiq indiki kimi deyildi. "Qarabağ"a yeni-yeni baxmağa başlayırdılar. İndi azarkeş kütləsi çoxdur, sosial şəbəkədə hamı yazır, fikir bildirir. Bir gənc oyunçunun üstünə bu qədər yüklənmək olmaz. Nəriman da meydançaya boş yerə çıxmır, nəsə etməyə çıxır. Bir futbolçunun oyunu alınmaya bilər, amma onu linç etməyə gərək yoxdur".
Mirbağırağa
saytlarin hazirlanmasi
