Dünya çempionatları ərəfəsində dostum Qismətlə müsahibələrim artıq ənənəyə çevrilib. Futbolun ədəbiyyatını mundial kimi müsahibədə varaqladıq…
- FIFA mundialda ölkə sayını artırıb. Kiməsə bu forma xoş gəlir, kimsə klassika tərəfdarıdır. 80-lərdən olduğumuza görə baccoların, “yekədiş ronaldoların”, batistutaların, maldinilərin, raulların oyununu görmüş adamlarıq. O vaxtlar, yoxsa indi…
- Bolqar yazıçı Georgi Qospodinovun 2023-cü ildə Beynəlxalq Buker Mükafatına layiq görülmüş “Zaman sığınacağı” romanının əla bir süjeti var: Alzeymer xəstələri və xərifləməyə başlayanlar üçün keçmiş onillikləri – 60-cı, 70-ci, 80-ci illəri – mebellərindən tutmuş qəzetlərinə, radio mahnılarından qoxularına qədər bərpa edən xüsusi bir klinika açılır. Bu klinikanın məqsədi yaddaşını itirən insanlara təhlükəsiz bir sığınacaq bəxş etməkdir. Amma bir müddət sonra müasir dünyanın sürətindən, qeyri-müəyyənliyindən və qayğılarından yorulan sağlam adamlar da gələcəkdən əlini üzərək bu keçmiş sığınacaqlarına axışmağa başlayır. Nostalgiya hissi epidemiya kimi yayılır və hadisələr fərdi terapiyadan çıxıb qlobal antiutopiyaya çevrilir: bütün Avropa ölkələri tarixlərindəki ən xoşbəxt “qızıl dövrə” geri dönmək üçün ümummilli referendumlar keçirməyə başlayır. Lakin seçilən “keçmiş” həmin zamandakı qaranlıq tərəfləri, köhnə millətçilikləri və dağıdıcı ideologiyaları da dirildir, üstəgəl, nostalgiya asılılığı bugünkü problemlərdən qaçmağın ziyanlı sığınacağına çevrilir.
Bu gözəl romanın məntiqindən çıxış etsək, əgər söhbət sırf formatdan gedirsə, mən keçmişin sığınacaqlarından birini seçirəm. O vaxt Dünya Çempionatı da, Bakı vaxtı ilə 23:45-də başlayan Çempionlar Liqasının formatı da indikindən dəfələrlə yaxşı idi, məncə. İndiki 48 ölkəli formatın məndə oyatdığı duyğu belədir: elə bil, bizim daha çox adamın könlünü almağa çalışan müsabiqələrimiz kimi, axırda qalibdən başqa iki dənə ikinci yer, üç dənə də üçüncü yer olacaq. İndi həyatın hər sahəsində olduğu kimi, futbolda da hədsiz statistika tiranlığı var. Nüansların fərqindən, detalların müqayisəsindən daha çox nəyisə ilk dəfə etməyin yarışı gedir, nə bilim, filankəs 1970-ci ildən bəri oyunun ortasında məşqçinin verdiyi təlimatı ən tez başa düşən oyunçular arasında birinci yerdədir… İndi əksər futbolçular özlərinə maya qoyub netfliksdə sənədli filmlər çəkdirir, yaxud instaqramda sevgililəri ilə çimişirlər, şirlər, şırlar…
Bir məsələdə özümə keçmişdən sığınacaq seçsəm də, Qospodinovun xəbərdarlıq etdiyi kimi, keçmişi zinət, bugünü lənət saymaq fikrim yoxdur. Ona görə də, əgər söhbət oyunun özündən zövq almaqdan gedirsə, mən xatirə tutumu olan dünənləri də, bu günləri də sevirəm, sabahları da sevəcəm. Dünənlərdə “yekədiş” Ronaldo vardısa, bu günlərdə də Messi var, sabahların da öz ulduzları olacaq.
- Kabo Verde, Kurasao, Panama kimi xırda ölkələr debütant olsalar da, özlərini qərib hiss etmirlər. Hətta qol vurur, xal qazanırlar. Elə bil, əvvəllər belə deyildi. Böyüyün böyük, kiçiyin kiçik yeri vardı…
- Açığı, bu ekzotik ölkələrin adları mənə çox ləzzət edir: Yaşıl Burun Adaları Respublikası, Fil Dişi Sahili Respublikası. Kaş bütün ölkələrin adları belə bədii olsun, məsələn, küləkləri ilə məşhur bir ölkənin adı olsun: Köndələn Küləklər Respublikası. Kurasaoya gəldikdə – portuqalca “ürək” sözündəndir. Deyilənə görə, əksər mərc kontorları orada qeydiyyatdan keçir. Bu il bir xeyli böyük ölkə, deyəsən, bu balacaların hesabına borclarını bağlayacaq…
- Türk dünyasını bu mundialda Türkiyə və Özbəkistan təmsil edirdi. Ümid böyük olsa da, nəticələr pis oldu. Bir italyan – Montella qardaş ölkənin, digər italyan – Kannavaro da əkələrin qanını qaraltdı…
- Türklər təbiətən impulsiv, emosional və ehtiraslıdır. Onların taktikası gərək bu daxili enerjiyə söykənsin. İtalyanların soyuq, rasional futbol fəlsəfəsi bu impulsiv xarakterlə uyğun gəlmir. Türklər öz təbiətlərinə, o emosional ritmə uyğun oynayanda daha baxımlı və uğurlu olurlar. Gərək forma məzmuna uyğun olsun.
- Bu səpkidə sualı bir dəfə də hansısa müsahibəmizdə vermişdim. Vladimir Putin idmana yaxın adamdır, Rusiyanın futbol yarışlarından kənar qalması necə təsir edər ona? Ümumiyyətlə, Rusiyanın idman yarışlarından kənar qoyulması nəyin nəticəsidir?
- Bu, Rusiyanın sülhün yaşıl meydançalarını yox, imperialist hikkə ilə hərbin qan qırmızısı meydanlarını seçməyinin nəticəsidir. Madam ki, söhbətimiz yenidən Rusiyanın və qaçılmaz şəkildə Ukrayna müharibəsinin üstünə gəldi, onda mövzuya uyğun bir futbol analogiyası ilə davam edək. Sənin Rusiyanın bütün yarışların ofsaydında qalması ilə bağlı sualın yadıma ukraynalı dahi məşqçi Valeri Lobanovskini saldı. Lobanovski riyaziyyatçı idi, buna əsasən də Kiyev “Dinamo”su və SSRİ millisi ilə kollektiv nizama söykənən bir sistem qurmuşdu. Bu, təxminən, Hollandiyanın “total futbol” anlayışının sovet versiyası idi. 1988-ci il Avropa Çempionatının finalında Lobanovskinin kollektiv maşını ilə Hollandiyanın “total futbol”u qarşılaşdı və SSRİ uduzdu. Çünki onların kollektivçiliyində istedadın fərdiliyinə yer yox idi, ancaq hollandların totallığı fərdiliyi istisna etmirdi. Van Bastenin əfsanəvi qolu fərdiliyin, istedadın təntənəsi idi.
1996-cı ildə Lobanovski yenidən “Dinamo”nun (Kiyev) baş məşqçisi oldu və bu dəfə artıq imperiyanın qandallarına bağlı deyildi deyə, parlaq istedadı olan tələbələrini – Rebrovu və Şevçenkonu öz sisteminin mərkəzinə yerləşdirdi. O məşhur oyunlar yadına gələr, 1997-ci ildə “Dinamo” Çempionlar Liqasında “Barselona”nı öz evində 3:0, səfərdə 4:0 uddu. Altı il sonra, artıq Lobanovski bu dünyada olmayanda, Şevçenko “Milan”la Çempionlar Liqasını qazandı və ilk işi Ukraynaya qayıdıb qızıl medalını ustadı Lobanovskinin məzarına qoymaq oldu…
- Hazırda dünyanın iki supergücü – ABŞ və Çin nəinki çempion olmayıb, heç dişəbatan nəticələri də yoxdur. Niyə belədir?
- Çünki hər ikisində də köklü, təbii surətdə formalaşmış futbol mədəniyyəti yoxdur. Xüsusilə Çin bu mövzuda maraqlı nümunədir. Dövlət başçısı Şi Cinpinq böyük futbol fanatıdır. Onun 2050-ci ilə qədər ölkəni futbol mərkəzinə çevirmək, 70 min yeni yaşıl meydança tikmək, 50 milyon insanı futbolçu etmək kimi utopik fərmanları vardı. Yadına gələr, bir ara Avropadan ulduzlarını astronomik pullarla transfer edirdilər, amma futbolu yuxarıdan aşağıya, partiya əmri ilə, direktivlərlə, zavod planı kimi qurmaq mümkün olmadı. Nəticədə nə oldu? Milyard dollarlıq sistem böyük korrupsiya bataqlığına yuvarlandı, klublar iflas etdi. Futbol Federasiyasının rəhbərləri, menecerlər rüşvət ittihamları ilə həbs edildilər. Çin sübut etdi ki, pul və siyasi iradə ilə kosmosa peyk buraxmaq olar, amma futbolun azad ruhunu, istedadın heç kimə bənzəməyən aurasını laboratoriyada icad etmək olmaz. Həmin 70 min stadion indi Çinin “Ruhlar şəhəri”ndəki abidələrə bənzəyir…
- DÇ-nin oyunlarını buraxmazdıq, çatdıra bilmədiyimiz oyunun da videokasetini “prakatdan” götürüb baxardıq. İndi o entuziazm yoxdur sanki…
- Yaşa doluruq, gənc nəsildən soruşmaq lazımdır. Ancaq daha geniş kontekstdən baxsaq, indiki dünya hədsiz mexanikidir, xəyal kinoteatrları bağlıdır. Artıq Oruelin fiziki qadağalarla nəzarət dünyasında yox, Oldos Hakslinin “həzz və informasiya bolluğu ilə” nəzarət modeli işləyir. Oldos Haksli, məncə, Jil Delözün mənəvi əcdadıdır. İndi Delözün rəqəmsal texnologiyalar və informasiya şəbəkələri vasitəsilə idarə olunan, soyuq qandalların yerinə gözəgörünməz kodlardan düzəlmiş elektron zindanlardakı “Nəzarət cəmiyyəti” modelində yaşayırıq. Hakslinin modelində ağrın varsa, dərman verirlər ki, keyləşdir, ağlın varsa, imkan verirlər ki, “şey”ləşdir. Heç vaxt intizar çəkməmiş adamlar çoxalır…
- Favoritini bilirəm, ancaq yenə soruşum, bəlkə dəyişiklik var…
- Mən heç vaxt sevgilərimin “pro”sunu, “max”ını axtarmamışam. Argentina!
- Azərbaycan milli komandası dünya futbolunun uğursuz yumoru olmağa davam edir.
- Yas yerində ucadan gülmək olmaz…
- Messi, ya Ronaldo sualına cavabını da bilirəm, gəl bu dəfə bu məsələyə hekayənin finalı kimi baxaq…
- Messi adamın yadında şeir kimi qalır. Necə ki, bir şeirin hansısa misrasını unudanda narahat olursan, amma dərhal açıb quqldan baxmaq istəmirsən; həmin şeiri bir də bütöv, başdan deyib axtardığın misranı tapırsan, Messi də yaddaşa elə hopur. Ronaldo isə elə bil daha çox tarix kitabındakı bir rəqəm olmağa, datalaşmağa meyillidir. Tutalım, “Boston çay qonaqlığı” yadına düşməyəndə onu tapmaq üçün əlləşmirsən, deyirsən ki, gözlə bir dəqiqəyə baxaram, elə bil, Ronaldo adamlardan çox, sənədlərin yaddaşına inanır. Deyəsən, bir az da keçsə onun belə rekordlarını görəcəyik: 40 yaşından sonra birinci taymlarda yerə tüpürməyən ən yaşlı portuqaliyalı futbolçu…
- Futbol öz finalına nə vaxt çatar, səncə?
- Bütün oyunçuların VR eynəklər taxıb süni intellekt hakimlərinin idarə etdiyi alternativ reallıqda xəyali bir top uğrunda mübarizə aparması idman kimi legitimləşəndə…
Elçin Cəlilov (Futbopress.az)
saytlarin hazirlanmasi
