"Sabah" rəhbərliyini buna görə tənqid etmək olar(dı)...- amma zaman belə yanaşmanın doğru olduğunu göstərdi

16:56 - 12 Avqust 2026

Klubların tez-tez məşqçi dəyişikliyinə getməsi birmənalı qarşılanmır. Adətən hər hansı bir layihənin uğurlu olması üçün sabitlik vacib şərt sayılır. 

Belə yanaşsaq, "Sabah"a illərboyu çatışmayan məhz sabitlik olub. Premyer Liqada 8 mövsümə 9 məşqçi - Elşad Əhmədov, İqor Pomamaryov, Jelko Sopiç, Visente Qomes, Ramin Quliyev, Murad Musayev, Krunoslav Renduliç, Vasili Berezutski və nəhayət Valdas Dambrauskas. 

"Sabah"ın yeni mərtəbəyə qalxması məhz Murad Musayevlə oldu. Rusiyalı mütəxəssis titul qazana bilməsə də, onun gəlişiylə "Sabah"a, sərgilənən futbola böyük simpatiya yarandı. Lakin ondan sonra gələn nə Renduliç, nə də Berezutski davamını gətirə bildi. Hərçənd, Berezutski "Sabah"a tarixində ilk ölkə kubokunu qazandırdı. 

Amma "Sabah" titula rəğmən rusiyalı ilə yolları ayırmaq qərarını verdi. Çünki rəhbərlik anlayırdı ki, bu cür oyunla, belə bacarıqla Berezutski gələcək üçün böyük planları olan klubun gözləntilərini qarşılaya bilməyəcək. Əslində, buna zərərin yarısından qayıtmaq da demək olmaz. Nəticə olaraq "Sabah" Berezutskidən artıqlamasıyla yararlandı. Amma uzaq hədəflər baxımından davam etmək istəmədi. 

Dambrauskas seçimi isə "Sabah"da görülən işlərin tam görkəm almasına səbəb oldu. Ölkə çempionluğu, ölkə kuboku, hətta ÇL-in Liqa mərhələsi də kifayət qədər realdır. 

Bu, bir daha göstərir ki, uğurun bir formulu olmur. Hərə özünə uyğun yanaşma tətbiq edir, hərə doğru sayıb bəhrəsini gördüyü metodla qurur işini. "Sabah"ı tez-tez məşqçi dəyişdiyinə görə tənqid etmək olar, amma zaman klub rəhbərliyinin yanaşmasının doğru olduğunu göstərdi.

Həmid

Xəbər xətti