"Ötən mövsümkü uğurun fonunda "Qarabağ"ın hazırkı vəziyyəti düşündürücüdür" - Türkiyə klubunun baş məşqçisi

12:23 - 11 Avqust 2026

"Qarabağ” və “Neftçi”də məşqçi kimi çalışmış, hazırda Türkiyənin “Malatya Yeşilyurt” klubunun baş məşqçisi olan Mehmet Ak Sportal.az-a müsahibə verib.

- “Qarabağ” Avropa Liqasının təsnifat mərhələsində mübarizəni dayandıraraq, Konfrans Liqasında yoluna davam edir. Bu komandanın hazırkı durumunu kənardan necə qiymətləndirirsiniz?

- “Qarabağ”ın Avropa kuboklarında keçirdiyi oyunlarda aldığı nəticələr məndə həqiqətən maraq və narahatlıq doğurdu. Keçmişdəki “Qarabağ”la müqayisədə hazırda komandanın qrup mərhələsinə, yaxud avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməməsi həm Azərbaycan futbolu, həm də “Qarabağ” üçün narahatedici vəziyyətdir.

- “Qarabağ”da böyük dəyişikliklər baş verib. Komandanın 8 yeni transferi var. Kamilo Duran və Leandro Andrade kimi əsas heyət oyunçuları satılıb. Demək olar ki, “Qarabağ”ın hələ özünə gələ bilməməsinin əsas səbəbi budur?

- Komanda özünə gəlsə də, gəlməsə də, hər şeydən əvvəl onun oyun sistemi və oyun planı olmalıdır. Yeni gələn futbolçular da nəticə etibarilə elə-belə oyunçular deyil. Onlardan komandanı daha yüksək səviyyəyə çıxarmaq üçün reaksiya göstərmələri gözlənilir. Mən “Qarabağ”ın ikinci oyunda “Dinamo”nu evdə məğlub edəcəyini düşünürəm. Əks nəticə mənim üçün böyük məyusluq olar.

- “Qarabağ” artıq üç oyundur ki, avrokuboklarda qol vura bilmir. Sizcə, bunun səbəbi nədir? Bəlkə yeni gələn futbolçular əvvəlkilər qədər keyfiyyətli deyil?

- Əslində, hər komandada belə enişlər ola bilər. “Qarabağ” illərdir reaksiyasını göstərən komandadır. Amma gəldiyimiz nöqtədə hazırda müəyyən eniş yaşadığı görünür. Yeni gələn futbolçuların adaptasiyası, bəli, müəyyən rol oynayır. Oyun sistemi də önəmlidir. Amma futbolda belə bir reallıq var: hər zaman oyun qazanmaq və nəticə əldə etmək məcburiyyətindəsiniz. Yeni gələn futbolçuların komandaya və sistemə adaptasiyasını təmin etməlisiniz. Ötən mövsümkü uğurun fonunda hazırkı vəziyyət, həqiqətən də, düşündürücüdür.

- Bəs “Neftçi”nin avrokuboklarda bir mərhələ belə adlaya bilməməsini necə şərh edərdiniz?

- “Neftçi”nin də mübarizədən kənar qalması göstərir ki, artıq Azərbaycan futbolunda bu klubla bağlı müəyyən addımlar atılmalıdır. “Neftçi” Azərbaycan futbolu üçün çox önəmli komandadır və ölkə futbolundakı rəqabət baxımından da böyük əhəmiyyət daşıyır. Amma mənim gördüyüm qədərilə uzun illərdir “Neftçi”də müəyyən boşluq və uğursuzluq vəziyyəti mövcuddur. Məncə, bu məsələ ciddi şəkildə sorğulanmalı və analiz edilməlidir.

- “Neftçi” “Dinamo” (Minsk) ilə görüşlərdə favorit idi. Lakin evdə 2:4 hesabı ilə uduzduqdan sonra səfərdə geridönüş edə bilmədi. “Neftçi”nin bu mövsüm 90 illiyidir və əsas hədəfi çempionluqdur. Sizcə, bu məqsədə çata bilərlər?

- “Neftçi”də bu vəziyyət artıq illərdir davam edir. Amma heç kim məsuliyyət daşımır. Xatırlayın, illər əvvəl “Dinamo” (Zaqreb) ilə qarşılaşmışdıq və həmin vaxt bu komanda dövrün ən yaxşı kollektivlərindən biri idi. Arif Əsədov “hoca” da həmin həftə vəzifəsini tərk etmişdi. Ona görə də belə vəziyyətlərdə kimsə bunun bədəlini ödəməlidir. Amma heç nə olmamış kimi davranmaq və “Neftçi”nin uğursuzluğu üzərindən hərəkət etmək, həqiqətən də, düşündürücü məsələdir.

- Bu yay üç azərbaycanlı futbolçu - Toral Bayramov, Nəriman Axundzadə və Elvin Yunuszadə Türkiyə klublarına keçdi. Demək olar ki, Türkiyə klubları yenidən azərbaycanlı futbolçulara maraq göstərməyə başlayıb?

- Onların hamısı istedadlı futbolçulardır. Azərbaycan futbolundakı gənc potensialın və yaxşı oyunçuların Türkiyədə görünməsi vacibdir. İnanıram ki, bu futbolçular Türkiyədə Azərbaycan futbolunu layiqincə təmsil edəcəklər. Hamısına uğurlar arzulayıram.

Onlara bir məsləhətim də var: oynadıqları ölkənin futboluna uyğunlaşmaq üçün həmin ölkənin futbol fəlsəfəsinə, eləcə də çıxış etdikləri komandanın oyun fəlsəfəsinə diqqət yetirməlidirlər. Ölkə dəyişdirdiyiniz zaman bu, ciddi fərq yaradır. Artıq yeni bir ölkə, yeni peşəkar həyat və yeni səhifə başlayır. Buna uyğun şəkildə çalışmaq lazımdır. Hamısına uğurlar arzulayıram.

Mirbağırağa
 

Xəbər xətti