2015-2018-ci illərdə “Qəbələ”ni çalışdıran, 2024-cü ilin iyunundan oktyabr ayına qədər “Neftçi”nin baş məşqçisi işləmiş Roman Qriqorçuk Teleqraf-a müsahibə verib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis “Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə cavab görüşündən, həmçinin sabiq klubu “Neftçi”nin cari mövsüm avrokuboklardakı uğursuzluğu barədə sualları cavablandırıb.
- “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo Kiyev”lə qarşılaşdı. İlk qarşılaşmanı necə şərh edərsiniz?
- Oyuna baxdım, orta səviyyəli bir görüş keçdi. Xüsusi bir şey yox idi. Nəticə fərqli ola bilərdi, amma “Dinamo”nun xeyrinə oldu. Deməzdim ki, hesab qanunauyğun alınmadı.
- Oyundan əvvəl bir çoxları “Qarabağ”ı favorit hesab edirdi. Lakin Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə məğlub oldu. Sizcə, nəticənin belə alınmasının səbəbi nə idi?
- Başqaları adından cavab verə bilmərəm. Özüm oyundan əvvəl də demişdim ki, fikrimcə, bu qarşıdurmanın favoriti “Dinamo”dur. Çünki komandanın potensialından çıxış edərək düşünürəm ki, hazırkı məqamda Ukrayna təmsilçisinin şansları daha yüksəkdir.
- “Qarabağ” son üç rəsmi matçda qələbə qazana bilmir. Heyətdə kifayət qədər yeni futbolçu var və gedənlərin yerini hələ ki doldura bilmıyiblər. Bakıdakı oyunda bu tilsimi qırmaq mümkün ola bilərmi?
- Əlbəttə, komanda nə qədər uyğunlaşıbsa, yaxşı balanslaşdırılıb, komplektləşdirilib, artıq öz oyun üslubu formalaşıbsa və ümumiyyətlə, oyun təşkili lazımi səviyyədə qurulubsa, bir o qədər güclü olur. Belə bir komandanın qələbə şansı daha çoxdur. Bakıda necə olacağını demək çətindir. Düşünürəm ki, cavab oyunu daha maraqlı olacaq.
- Sizcə, hazırda hansı komanda növbəti mərhələyə adlamağa daha yaxındır?
- Oyundan əvvəl dediklərimin üzərində duracağam. Fikrimcə, bu gün üçün bu qarşıdurmada favorit Kiyev “Dinamo”sudur.
- “Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk ilk oyunda bir neçə yaxşı qol imkanını boşa verdi. Sosial şəbəkələrdə bu epizodlarla bağlı müxtəlif fikirlər, hətta bunu onun milli mənsubiyyəti ilə əlaqələndirənlər də oldu. Peşəkar məşqçi kimi Kaşukun oyununu və potensialını necə qiymətləndirirsiniz?
- Aleksey Kaşuk böyük potensiala malik futbolçudur. Düşünürəm ki, onu kifayət qədər yaxşı gələcək gözləyir. Allah eləsin, onda hər şey uğurlu alınsın.
- “Qarabağ” son 12 ildə ilk dəfə avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməsə, bunu komanda üçün fiasko hesab etmək olar?
- Heç bir halda bu cür suallara cavab verə bilmərəm. Özü də “Əgər “Qarabağ” qələbə qazanmasa, sonra nə olacaq?” məzmunlu sualı... Bunu sadəcə şərhsiz buraxıram.
- Azərbaycanın son çempionu “Sabah”ın UEFA Çempionlar Liqasındakı çıxışını izləyirsiniz?
- Mən “Sabah”ın oyununu o qədər də diqqətlə izləməmişəm və izləmirəm. Yalnız epizodları, oyunların icmallarını görmüşəm. Anlayıram ki, ciddi komandadır və bunun sübutu çempionluq qazanmasıdır. Bilirəm ki, Azərbaycan Premyer Liqasında çempion olmaq heç də asan deyil.
- Sizcə, “Sabah” “Orhus”u keçərək Çempionlar Liqasının əsas mərhələsində və ya mübarizəni dayandırıb Avropa Liqasında oyunu davam etdirə bilərmi?
- “Sabah”dan gözləntilər yüksəkdir. İnanıram ki, onlar tarixi uğura inza ata bilərlər.
- Cari mövsüm Avropaya yollanan “Neftçi” UEFA Konfrans Liqasınln II təsnifat mərhələsindəcə “Dinamo Minsk”ə uduzaraq mübarizəni dayandırdı. Sabiq baş məşqçi olaraq “Neftçi”nin çıxışını necə qiymətləndirirsiniz və sizcə, uğursuzluğun əsas səbəbi nə idi?
- “Neftçi”nin oyununa tam baxmamışam, yenə də yalnız qısaca göz gəzdirmişəm. Burada hər hansı bir təhlil aparmaq istəməzdim, çünki anlayıram ki, belə bir nəticə “Neftçi”nin planlarına daxil deyildi. Amma mən “Neftçi”yə böyük uğurlar arzulayıram. Bilirəm ki, rəhbərlik də, komanda da, məşqçilər korpusu da buna layiqdir və yüksək nəticələr əldə etməyə hazırdır. Mənə yalnız hər şeyin uğurlu alınması üçün ən yaxşısını arzu eləmək qalır.
- Adətən “Neftçi”nin uğursuz çıxışından sonra əsas müzakirə mövzularından biri baş məşqçi olur. Bu dəfə də tənqidlər Yuri Verniduba ünvanlanır. Sizcə, həmyerliniz indiki heyəti gələn mövsüm çempionluğa qadirdirmi?
- Yuri Nikolayeviç Vernidub haqqında ancaq ən yaxşı sözləri deyə bilərəm. Mən yenidən həm ona, həm məşqçilər korpusuna, həm də komandasına “Neftçi”də yüksək nəticələr qazanmağı arzulaya bilərəm. Anlayıram ki, qarşıya qoyulan məqsədlər həmişə yüksək olur. Allah eləsin ki, onlar hər şeyə nail olsunlar.
-“Neftçi”də baş məşqçi işlədiyiniz dövrdə Emin Mahmudovdan kapitanlıq sarğısını götürməyiniz müzakirələrə səbəb olmuşdu. İndi çoxlu azarkeş Eminin və daha bir neçə yaşlı futbolçunun komandadan ayrılmalı olduğunu, onların yerinə daha gənc və keyfiyyətli oyunçuların gətirilməsini təklif edir. Siz necə düşünürsünüz?
- Mən qərarlarımı qəbul etməzdən əvvəl min dəfə, bəlkə də daha çox düşünürəm. Ona görə də sonradan nəsə deməyə ehtiyac qalmır, çünki qərar qəbul edilməzdən öncə böyük təhlil aparılır, təfərrüatlar nəzərdən keçirilir, yalnız bundan sonra qərar ortaya çıxır. Eminin özünə gəldikdə isə deyə bilərəm ki, o, xidmətləri olan, yüksək səviyyəli oyunçudur. Əksinə, mən indi ona arzulayardım ki, hələ uzun illər ümumiyyətlə futbol oynasın, sağlam olsun və zədələr ondan yan keçsin.
- “Neftçi”də baş məşqçi olduğunuz vaxt əsas komandaya cəlb etdiyiniz və şans verdiyiniz Murad Məmmədov hazırda Kiprin “Pafos” klubunda uğurlu çıxış edir. Başqa hansı futbolçudan gözləntiləriniz yüksək idi?
- Gənc futbolçularla bağlı məsələ ümumiyyətlə çox ciddi mövzudur. Burada çox savadlı, təmkinli yanaşma lazımdır. Hətta bizim sizinlə gənc futbolçular haqqında necə danışmağımız belə onların gələcək karyerasına təsir göstərə bilər.
Murada gəldikdə, o, yaxşı potensiala malik futbolçudur. Düşünürəm ki, onu kifayət qədər parlaq gələcək gözləyir. Arzu edirəm ki, onda hər şey uğurlu alınsın.
saytlarin hazirlanmasi
