"Qəbələ", "Neftçi" və "Araz-Naxçıvan" klublarının formasını geyinmiş, hazırda isə Malayziyada oynayan Ramon Maçado Sportal.az saytına müsahibə verib.
- Malayziyanın "Star City" klubuna keçdiniz. Azərbaycanda qalmaq istəmirdiniz, yoxsa təklif almamışdınız?
- İlkin danışıqlarım Azərbaycandakı klublarla olmuşdu. Lakin rəsmi təklif almadım. Malayziyaya qayıtmaq qərarına gəldim. Çünki bu, o vaxtkı ən yaxşı təklif idi. Eyni zamanda bu, ailəliklə birlikdə sevdiyimiz ölkə idi.
- Malayziya Azərbaycandan daha yaxşıdırmı? Futbol baxımından, yaşayış baxımından...
- Malayziya gözəl ölkədir. Biz Azərbaycanı da çox sevirik, Malayziyanı da. Ailəm həm burada xoşbəxtdir, həm də Azərbaycanda xoşbəxt idi.
- "Neftçi", "Qəbələ", "Araz-Naxçıvan" klublarında oynamısan. Hansı sənin üçün daha yaddaqalandır?
- Hamısı fərqli klublar və fərqli vəziyyətlərdir. Mən “Qəbələ”də Azərbaycan kubokunu qazanmışdım. “Neftçi”nin təqdimata ehtiyacı yoxdur, nəhəng bir klubdur. “Araz-Naxçıvan”la isə tarixində ilk dəfə Avropa yarışlarına getmişdik. Hamısı da maraqlı və yaddaqalandır.
- Bu üç klubdan hansına qayıtmaq istərdiniz? Hansı sizin üçün xüsusidir?
- Hər üç klub xüsusidir. Ailəm və mən Bakını əbədi xatırlayacağıq. Orada çox xüsusi anlar yaşadıq. İkinci oğlum Bakıda dünyaya gəlib. Mən o ölkəni heç vaxt unutmayacam.
- “Sabah" "Qarabağ"ın hegemonluğuna son qoydu. Sizcə, keçmiş komandaların arasında daha iddialı görünən “Neftçi” də eyni uğuru qazana biləcək?
- “Neftçi” nəhəng klubdur. Onun “Sabah” və “Qarabağ” səviyyəsində olmaq potensialı var. Ümid edirəm ki, buna nail ola biləcəklər.
Mirbağırağa
