"Emreli bura gəlməklə düzgün seçim edib, çempionatın səviyyəsi çox yaxşıdır" - Polşadakı azərbaycanlı

11:49 - 29 Sentyabr 2026

Uzun illərdir ki, Polşada oynayan U-19 və U-21 yığmamızın sabiq üzvü, hazırda Polşada 3-cü liqada "Çarni Polaniek" klubunda oynayan Ricat Qarayev Sportal.az saytına müsahibə verib.

- Polşada işlərin necə gedir? 

- Hər şey qaydasında gedir. Hazırda 3-cü liqada 3-cü pillədəyik. Bu mövsüm də uğurlu çıxış edirik. Mövsüm yeni başlayıb, sona qədər davam etmək istəyirik.

- Artıq uzun illərdir ki, Polşada oynayırsınız. Yəqin ki, karyeranızı da orada başa vurub, orada məşqçilik etmək istəyəcəksiz? Polyak dilində bilirsiz?

- Bəli, polyak dilini tam olaraq öyrənmişəm, bilirəm. Düzü, hazırda futbolçu karyerama köklənmişəm. Nə vaxtsa ola bilsin ki, karyeramı bitirdikdən sonra məşqçilik etmək istəyim olacaq. Lakin bu, Polşada, yoxsa Azərbaycanda olacaq onu zaman göstərəcək.

- Yəqin ki, indi Polşada Azərbaycan futbolu ilə bağlı daha çox məlumata sahibdirlər? Mateuş Koxalski, Timoteuş Puxaç, Mahir Emreli nümunəsi var...

- Bəli, bunlar da var. Ancaq onlardan əlavə olaraq, elə "Sabah" Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edir. Bu da çox xoşdur, sevindiricidir. "Sabah"a gələcək matçlarda uğurlar arzu edirəm.

- Mahir Emreli də "Rakuv"da uğurlu mövsüm keçirir, qollarını vurur. Onun haqda fikirdəsən? Heç Mahirlə danışırsız, görüşürsüz?

- Buna görə Mahiri təbrik edirəm. Amma düzü, Mahir Emreli ilə əlaqəm yoxdur. Düşünürəm ki, "Rakuv"a gəlməklə düzgün seçim edib. Çünki Polşa çempionatının səviyyəsi həqiqətən də çox yaxşdır. 

- Azərbaycan Premyer Liqasında legioner limiti olmaması çox müzakirə olunur. Yerli futbolçulardan çox, legionerlərə üstünlük verilir. Bu məqam kənardan Azərbaycan futbolu üçün necə görünür? Polşada bu məsələ ilə bağlı durum necədir?

- Legioner limitinin olmasının tərəfdarıyam. Çünki gənc futbolçuların inkişaf etməsi üçün Azərbaycan millisinə gənc futbolçular lazımdır. Artıq çempionata baxırsan, gənc oyunçu tək-tük haldadır. Bəli, komandada ola bilsin ki, 7-8 gənc futbolçu var, bunlardan da 1-2 oyunçu oynayır. Ya da, heç oynamır. Bir müddətdən sonra futbolçu performansını itirir və məcburiyyətdən özünə I Liqada komanda axtarır. Düşünürəm ki, Azərbaycanda ən azından sırf 3 akademiyaya çalışan klublar olmalıdır ki, gənc futbolçular yetişsin və gələcəkdə milli komandaya fayda versin. Polşada legioner limiti yoxdur. Amma burada 18 komanda var və liqaların sayı isə çoxdur.

Mirbağırağa

Xəbər xətti