"Gəncədə nə İsgəndər Cavadovu, nə də yeni baş məşqçini görmüşük"

18:47 - 2 Sentyabr 2013

Elmar Əliyev: "Gəncə azarkeşlərini aldatmaq olmaz"
 
“Baş verən bu hadisələrə çox üzülürük. Gəncə azarkeşlərini aldatmaq olmaz. Bu günə kimi futbolu anlayır və dərk edirik. İndiyə kimi bizi aldadırlar. Ayın 21-dən deyiblər ki, sponsor Gəncədə olacaq, amma hələ gəlib çıxmayıb. İsgəndər Cavadov adında insanın nə üzünü görmüşük, nə də baş məşqçisini görmüşük. Sabah I divizionunun püşkü atılır. Təəssüflər olsun ki, Gəncədə bununla bağlı heç bir iş görülmür. Biz azarkeşləri gözü yolda qalıb. Bir dəfəlik desinlər ki,Gəncədə futbol olmayacaq, biz də işimizi bilək."
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib. Əliyev Gəncədə futbolu yenidən bərpə etmək üçün müraciət edib:
 
"Neçə gündür ki. deyirlər “Kəpəz”ə yeni baş məşqçi gələcək. Gəlsin, bizim buna etirazımız yoxdu, amma burada Mehman Allahverdiyev, Mahmud Qurbanov, Mirbağır İsayev kimi insanlar işləyə bilməyibsə, Rafiq Mirzəyev kimi məşqçi Gəncədə futbolu bərpa edə bilməz. Gəncə azarkeşlərini ələ salmasınlar. İsgəndər Cavadov hər gün mətbuata açıqlama verir ki, bu gün, sabah, amma ortalıqda heç nə yoxdu. Mehman Allahverdiyevə söz vermişdilər ki. sən “Kəpəz”in yeni çalışdırıcısı olacaqsan. Burada nələrsə baş verdi bilmirəm, ancaq onu baş məşçi postuna gətirmədilər. Biz istəyirik ki, Gəncədə futbol olsun.  
 
Mən “Kəpəz” fan-klubunun adından deyirəm ki, kim gəlsə və nəticə verməsə biz öz etirazımızı bildirəcəyik. Neçə İsgəndər Cavadov olur olsun bizim üçün fərqi yoxdu. Gəncədə futbolu yaşatmaq lazımdır. Biz  həmişə öz komandamıza dəstək olmuşuq. Bakıda oyunlara 300-400 azarkeş gəlirsə, biz 12-ci yerdə olanda belə 7-8 min azarkeşlə komandamıza dəstək olmuşuq. Mən buraradan imkanı olan şəxslərə səslənirəm və deyirəm ki, Gəncədə futbolu yaşatsınlar, qoymasınlar biz futbolsuz qalaq.”

Xəbər xətti