Karvanını gözləyən şəhər – Yevlaxda uşaq futbolu LAYİHƏ

Bu həsrət nə vaxt bitər? 

 

Yevlax futbolu deyəndə ilk öncə ağıla vaxtilə bu şəhəri təmsil etmiş, hazırda fəaliyyətini dayandırıb bütün yevlaxlıları peşəkar futbola həsrət qoyan “Karvan” gəlir. Bəli bu klubdan, ümumiyyətlə Yevlax futbolundan çox danışmaq olar. Ən azı ora görə ki, “Karvan” Azərbaycan klubları arasında Avrokubolarda (o vaxtkı UEFA kuboku) mərhələ keçmiş ilk komanda olub. Təəssüf ki, bu cür futbol keçmişi olmuş bir şəhəri hazırda nə Premyer Liqada nə də birinci divizionda komanda təmsil edir. Söz yox ki, bu hal bölgədə uşaq futbolunun inkişafına da maneə yaradır. Hər halda futbola maraq göstərən uşaq bu idman növü ilə məşğul olmağa başlayırsa qarşısına məqsəd qoyur. Ən azı yetişdiyi rayonun yaxud şəhərin təmsilçisi olan komandaya xeyir verməklə daha irəli getməyə, iddialı komandalarda oynamağa çalışar. Təbii ki, bu həm də onun yaşadığı şəhərin adına uğur kimi yazılar. Böyük futbolçu olanda isə “filan yerin yetirməsi”di deyilib fəxr olunar. Yevlax isə hazırda bundan məhrumdu. Məhrum olunub. Azərbaycanda cərəyan edən sponsor, maliyyə problemi, yaxud hansısa əngəllər bu şəhərdə futbolun inkişafının qarşısını tam almasa da xeyli dərəcədə zəiflədib...

 

“Uşaqlara yolpulu, bəzən forma da verirlər”

 

 

Yəqin ki, ölkə futboluna yaxından bələd olanlar Valeri Mirzəliyevi tanıyır. Yevlax futbolunun tanınmış mütəxəssilərindəndi. Xüsusən də onu “Karvan”dan tanıyırıq. Yunis Hüseynovun köməkçisi, o cümlədən “Karvan”ın əvəzedicilərinin baş məşqçisi olmuş Mirzəliyevin Yevlax futbolunda xidmətləri az deyil. Bu mənada hazırda UGİM-də çalışan təcrübəli mütəxəssislə bölgədəki uşaq futbolunun durumu ilə bağlı danışdıq: Yeri gəlmişkən, bütün bölgələrdə UGİM-lə şahmat məktəblərinin birləşdirilməsi Yevlaxdan da yan keçməyib. Şahmatla yanaşı futbol bölmələri də fəaliyyətini davam etdirməkdədi: “Bildiyiniz kimi Yevlaxda UGİM şahmat məktəbi ilə birləşdirilərək UGİŞM adlandırıldı. 10-a yaxın futbol qrupumuz var. Hamısı da AFFA-nın Qəbələdə keçirdiyi aşağı yaşlılardan ibarət liqalarında çıxış edir. Bir qismi “Rabitəçi” adı ilə çıxış edir, digərləri Yevlax UGİŞM-in komandalarıdı. Hamısı idman məktəbinin uşaqlarıdı. 14 yaşa qədər uşaqları oynadırıq. Bu yaşdan yuxarı olanları da klublara veririk. U-14 liqasında şəxsən iki aparıcı oyunçum var. “Vətən” futbol klubuna da oyunçu vermişəm. Ən böyük qrup U-14-dü. Yevlaxda komanda olmadığı üçün 14 yaşdan yuxarı uşaqlar ayrılandan sonra başqa çempionatlarda iştirak edir. Bizim iştirak etdiyimiz isə sırf AFFA-nın yarışlarıdı. Qurum maliyyə işinə baxır, uşaqlara yolpulu, bəzən forma da verir”.

 

“Karvan”ın vaxtında uşaq daha çox idi”

 

Bu bölgədə futbol ənənəsini davam etdirmək istəyənlər var. Maraqlıdır, “Karvan” fəaliyyətini dayandırandan sonra Yevlaxda futbola maraq artıb, yoxsa azalıb?: “Açığı, bizdə futbolla bağlı heç vaxt problem olmayıb. Çünki futbolun necə idman növü olduğunu bilirik. Bu üzdən uşaq problemi yoxdu. İki qrupa 24 saat dərsim var. Amma mən Qəbələ zonasında keçirilən yarışlara 5 komanda, hər yaş qrupundan olan uşaq aparıram. Kütləvilik var, amma “Karvan”ın olduğu dönəmlə müqayisə etsək, azalma müşahidə edilir. “Karvan”ın vaxtında uşaq daha çox idi. Uşaqlar fikirləşirdi ki, Yevlaxın komandası var və gedib orda oynayacaq. İndi də pis deyil. Görürlər ki, “Qəbələ”nin akademiyasına, Gəncəyə, “Vətən” idman klubuna futbolçu veririk. U-11-dən iki, U-13 və U-15-dən bir futbolçunu “Vətən”ə göndərmişəm. Qəbələdə də uşaqlarımız var. Uşaqda potensial, onun idman məktəbinin səviyyəsini aşdığını görəndə, klublara veririk ki, davam etsinlər. “Qəbələ”nin akademiyasında ildə 2-3 dəfə seçimlər olur. Yarışlarda da baxıb, bəyəndiklərini seçirlər. Hazırda “Vətən”lə əlaqələrimiz var. Şəxsən keçən il mart-may ayları ərzində bu kuba 5 uşaq vermişdim.  “Artıran” uşaqları burda saxlamırıq, inkişaf üçün daha yaxşı klublara göndəririk. Bəzən başqa bölgələrdəki tanış müəllimlər zəng vurur ki, filan təvəllüdlü yaxşı uşaq varsa gətirin baxışa. Aparırıq, istədiklərini saxlayırlar”.

 

 

Adətən bir çox məşqçilər uşaqları qapı-qapı axtarırlar. Ya da məktəblərarası yarışlar keçirilir. Bu daha çox futbol olmayan bölgələrdə müşahidə edilir. Bəs Yevlaxda vəziyyət necədi?: “Məşğələlərimizdə problem yoxdu. Valideynlər maraqlanır. Bəzən daxili çempionat da keçirilir. Məsələn, 31 dekabra görə AFFA tərəfindən inşa olunan meydançada yarış keçirildi. Şəhərin mərkəzində olduğu üçün valideynlər gəlib kütləviliyi görürlər. Vəziyyət pis deyil. Yəni iki müəllim yarışlara ümumilikdə 10 komanda çıxarırsa bu böyük işdi. Futbola axın çoxdu. Bununla bağlı problem yaşamırıq. İyun-avqust aylarında liqalarda keçiriləcək oyunlara lisenziyalaşma aparılır. Hazırlıq zamanı uşaq çatmayanda şəhərdə məktəblərarası yarış keçiririk. Tədbirlərimiz olur və ordan uşaqları dəvət edirik. Valideynlər nəticələri və digər klublarda oynayan uşaqları görür həvəslənirlər, bizə müraciət edirlər”.

 

“İki ildi sıxıntımız var, köhnə formalarla oynayırıq”

 

Bəs məşq etmək üçün yetərincə şərait varmı və şəhərin əsas stadionu bütün qrupları qəbul edirmi? Ümumiyyətlə stadionun durumu hansı səviyyədədi?: “Əsas stadiona yaxın olanlar orada məşq keçir. İdman məktəbi isə şəhərin kənarındadı mən də burada keçirəm. Balaca da olsa stadionumuz var. Digər müəllim yoldaşımız AFFA-nın inşa etdirdiyi süni örtüklü meydançada hazırlıq keçir. Ayrı-ayrı yerlərdə oluruq. Amma turniri eyni stadionda təşkil edirik. Bu da ya əsas stadion ya da digər meydançalardan biri olur. Uşaqlar üçün normal şərait var. İmkan olsa bütün məşqləri təbii meydançada keçərik. Amma İdman məktəbinin arxasında təxminən 100x45 metr ölçüdə meydança var. Təbii qazon əkib göyərtmişdik. Amma Yevlaxda torpağın şoran olduğunu bilirsiz. Bu üzdən hazırda meydança yerində olsa da ot yoxdu. Şoranlaşdığı üçün məşqləri torpaq üzərində keçmək məcburiyyətindəyik. “Karvan”ın stadionu isə yaxşı vəziyyətdədi, qulluq edirlər. “Kəpəz”in aşağı yaş qrupları da orda oynayır. Bundan əlavə AFFA-nın nümayəndəsi həftədə bir dəfə gəlib uşaqları seçib aparır ora və elit məşqlər keçir”

 

Çalışdırıcı bu il başqa klublara neçə uşaq göndərməyi hədəflədiyini də bildirdi: “Nə qədər çox olsa o qədər uşaq göndərərik (gülür). Bu il ən azı ümumilikdə, bütün qrupları nəzərə alsaq 4-5 uşaq var.  Təhsil sisteminə uyğun olaraq, uşaqlar orta məktəbi bitirənə, daha doğrusu 10-cu sinifə qədər hazırlıqlara gəlirlər. İmkanı olan hansısa klublara gedir. Bəzən qeyd etdiyim yaşdan yuxarı olan, potensiallı futbolçular kənarda qalır. Demirəm ki, əlimizdən çıxan uşaqların hamısı futbolçu olur. İdman məktəbi olduğu üçün bir qrupda 15 uşaq məşq edir. Onların da hamısı eyni səviyyədə deyil”.

 

Heç şübhəsiz futbolla məşğul olan uşaqlar geyim dəstləri və idman ləvazimatları ilə yetərincə təmin olunmalıdı. Bəs bu hansı səviyyədədi?: “UEFA və AFFA-nın birlikdə təsis etdiyi “Open Fun Football School” açıq əyləncəli məktəbləri var. 2005-ci ildən bəri fəaliyyət göstərir. İnventar barədə problemimiz yoxdu, AFFA-dan bizə dəstək verirlər. Hər il liqalarda oynayan komandalara forma verilirdi. Amma iki ildi sıxıntımız var, köhnə formalarla oynayırıq. Əvvəl hətta topla da təmin olunurduq. Buna baxmayaraq futbol ləvazimatlarımız, məşq köynəklərimiz və sair var”.

 

 

“Hər il orta hesabla 4-5-ci, hətta daha yüksək yerlər uğrunda oynayırıq”

 

Onun sözlərinə inansaq Yevlaxda uşaq futbolunun durumu o qədər də faciəli deyil. Komandalar oynayır, nəticələr də normaldı: “Uşaq futbolunun durumu o cümlədən nəticələr də normaldı. Keçən il komandaların sayı çox idi. Həmin vaxt U-10 liqasında yarışan komandamız 14 oyundan 13-də qələbə qazandı. Yalnız “Qəbələ”nin futbol akademiyasının əsas komandasına uduzdu. Bu il o biri müəllimlərin yetirmələrində nəticələr normal oldu. 4 dövrə oynadıq, amma final mərhələsinə qatıla bilmədik. Mən əsas uşaqları digər klublara verdim bu üzdən zəifləmişdik. 10 komanda arasında 4-5-ci yerləri tuturuq. Pis deyil. Bizimlə eyni yarışda “Qəbələ”nin iki, Mingəçevirin komandası mübarizə aparırdı. Bunlardan geri qalırıq. Qalanlarını məğlub edirik, nəticələr pis deyil. Hər il orta hesabla 4-5-ci, hətta daha yüksək yerlər uğrunda oynayırıq. Məsələn “Rabitəçi” son turda uduzub 3-cü yerdə qaldı”.

 

 

“Çəkdiyimiz əziyyətin qarşılığını almırıq”

 

Mirzəliyevi bir qədər də yaxından tanımaq maraqlı olardı. Düzdü yaşı çoxdu, amma yəqin ki, məşqçi kimi müəyyən planları var və Yevlax futboluna xidmətlərini davam etdirmək niyyətindədi: “Yaş imkan versə yaxşı olacaq (gülür). Niyə də olmasın? Çalışırıq, uşaqlardan da heç bir umacağımız yoxdu. Bakıda uşaqlara pulla məşq keçirlər. Amma bizim UGİŞM-də bu barədə hər şey yaxşıdı. Heç kimdən 1 manat pul istəmirik. Yarışlara gedəndə pulumuzu AFFA verir. Uşaqlarla pulsuz işləyirik, maaşımızı da dövlət verir. Yaş da imkan versə davam edəcəyik.

 

Fiziki hazırlıq üzrə kursları “Karvan”da işləyəndə keçmişəm. Məşqçi üçün məsələn birinci kateqoriya filan var. Amma sırf AFFA-nın verdiyi kateqoriyalar yoxdu. “Open Fun Football School”a gedirik, orda müəyyən dərəcələr verirlər. Amma AFFA-nın kateqoriyaların almaq üçün gərək gedib pul ödəyib oxuyasan. 2005-ci ildən bəri Gürcüstanda  seminarlara gedirik.  İdman məktəbindən olan diplomla işləyirik deyə çox irəli gedə bilmirik. “Karvan” yüksək dəstədə oynayanda Yunis Hüseynovun köməkçisi olmuşam. 2008-2010-cu illərdə də “Karvan”ın əvəzedicilərində baş məşqçi kimi çalışmışam. Daha sonra birinci divizionda Kənan Kərimovla işləmişəm. Sənəddə adım Valeridi. Amma indi məni heç o adla tanıyan yoxdu, Valeh deyirlər”.

 

Maraqlıdı məşqçi gördüyü işə görə ona verilən qiymətdən razıdı: “Belə götürəndə xeyr, razı deyiləm. Diaqnostik qiymətləndirmədən də keçmişdik. Təhsil sistemində işləyənlərin maaşı yüksəldi, amma bizimki yox. Yalnız martın 1-dən prezidentin fərmanı ilə 10 faiz artım oldu. Çəkdiyimiz əziyyətin qarşılığını almırıq, amma buna da bərəkət. Neyləyə bilərik ki? Yetişdirdiyim futbolçuların qarşılığında yalnız “Qəbələ” maddi dəstək göstərir. Gec-gec də olsa verirlər. AFFA tərəfindən 1000 manata qədər məbləğ ödənilməsi ilə bağlı göstəriş olub. Hər uşağa görə 300-400 manat pul verilir. Başqa klublar isə vermir, məsələn “Kəpəz”in nəyi var ki? Onları da AFFA maliyyələşdirir”.

 

Ənənənin izləri silinməyib

 

Təbii ki, belə bir komandası olmuş bölgədə futbol ənənəsi yaşamalıdı. Elə yevlaxlı futbolsevərlər də buna nail olmağa çalışır. Ən azından futbol adlı idman növünün bu bölgədən silinməməsinə və ənənənin yaşamasına çalışırlar. Amma təbii ki, kiçik çərçivədə. Hansı ki, maliyyə də daxil bir sıra problemlər çərçivənin aşılmasına və bu bölgədə futbolun yeni müstəviyə yüksəldilməsinə mane olur. Yəni şəhərdə uşaq futbolu var və bu da o deməkdi ki, hələ də insanlar ümidlidi. Şəhərin peşəkar futbol komandası olmasa da, bu idman növünə maraq göstərənlər çoxdu. Ona görə də bəzi bölgələrdən fərqli burda qapı-qapı düşüb uşaq axtarmırlar. Yevlaxda hazırda böyük futbol ab-havası olmasa da övladlarını gələcəkdə futbolçu kimi görmək istəyən valideynlər müəllimlərə, məşqçilərə müraciət edir. Burda yetişən və perspektiv vəd edən uşaqlar isə sonradan yaxın bölgələrin, xüsusən də Gəncənin, Qəbələnin futbol məktəblərinə göndərilir. Halbuki Yevlaxda peşəkar komanda olsa, həmin uşaqlar yetişərək gələcəkdə məhz bu bölgəni təmsil edə bilərlər. Əslində bu çətin iş deyil. Yevlax rəhbərliyi və ordan olan imkanlı iş adamları istəsələr komanda yarada bilərlər. Hər halda burda futbol üçün lazım olan əsas infrastruktur – stadion var. Hansı ki, bu sponsorların işini asanlaşdıran amildi. Yəni o qədər də böyük maliyyə tələb olunmur. Ən azı komanda yaradıb birinci diviziona qədər gətirmək mümkündü. Bu da yalnız inkişafa yönəlik addım ola bilər.

 

“Layihə AFFA yanında Media omitəsi tərəfindən maliyyələşdirlir”

Həmid

 

Tarix: 23 Mart [03:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2018
9  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio