“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub etdi.
Matçın başlamasına 12 saat qalmış Kiprdəki Erməni Milli Komitəsi reallıqdan uzaq, tarixi faktların təhrif olunduğu saxta məlumatlardan ibarət bəyanat yaydı.
Oyundan sonra da müəyyən söz-söhbətlər yarandı. Tribunalara erməni bayrağlarını təxribat məqsədilə gətirilməsini Azərbaycan mətbuatı qınadı.
Kipr media orqanları isə Azərbaycan klubları ilə qarşılaşmalarda rəqibin təxribatı ilə üzləşdiyini yazır.
Həmkarlar 2012-ci ildə Avropa Liqasının pley-off mərhələsində keçirilmiş “Neftçi” – APOEL matçında təxribatla üzləşdiklərini vurğulayıb. Onlar “Neftçi” azarkeşlərinin oyuna Şimali Kipr və Türkiyə bayraqları ilə gəldiklərini qeyd edib.
Türk xalqını “yaramaz bozqurdlar” adlandıran goal.com.cy saytı APOEL-in “Qarabağ”la cavab görüşündə azərbaycanlıların təxribat etmək istədiyi üçün erməni bayrağı məsələsini şişirtdiyini qeyd edib.
Portalın jurnalisti 2012-ci ildə keçirilmiş APOEL – “Neftçi” matçından öncə mərhum Böyükağa Hacıyevin mətbuat konfransındakı sözlərini hələ unutmadığnı qeyd edib. O, mütəxəssisin oyun öncəsi fikirlərini xatırladıb:
“İlk oyunda bəxt rəqibin tərəfində idi. Biz 3-4 qol epizodundan yararlana bilmədik. Sadəcə bir qol vurduq. Bizi çətin oyun gözləyir. APOEL güclü rəqibdir. Amma meydan sahibləri unutmamalıdır ki, “Neftçi”yə qarşı oynayacaq. Biz mərhələni keçməyi çox istəyirik. Çünki belə olan halda ölkə futbolunda yeni tarix yazmış olacağıq. APOEL-in baş məşqçisi özünü avropasayağı mütəxəssis hesab edirsə, rəqib çalışdırıcıya hörmət etməlidir”.
Jurnalist daha sonra Hacıyevə “APOEL azarkeşklərinin “Neftçi”nin oyununa təsir edib-etməyəcəyi barədə sual verdiyini və aldığı cavabı qeyd edib:
“Azarkeşlər oyunumuza təsir etməyəcək. Ürəyimizdə Azərbaycan və Türkiyə bayrağı var. Niyə Kiprdə yaşaya-yaşaya yunan bayrağına sahibsən? Futbolun siyasətlə əlaqəsi yoxdur. Bayrağa qalsa, biz də bura Azərbaycan və Türkiyə bayrağı ilə gəlmişik. Biz türkük! 20 min yunan azarkeş bizi qorxuda bilməz! Çalışacağıq ki, sabah həmin 20 min azarkeş “Neftçi" azarkeşinə çevrilsin və bizi burdan alqışlarla yola salsın”.
Mehman Əşrəfov