Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov supersport.az-a açıqlama verib.
Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi arxayınlaşmamağın vacibliyini bildirib:
“İlk oyunda qalib gəlmişik, hələ qarşıda cavab qarşılaşması var. Hələ 90 dəqiqəni oynamışıq. Qarşıda daha daha 90 dəqiqə, bəlkə də 120 dəqiqə var, bilmirik. Qarşıda ikinci hissə var. Biz ilk hissəni oynamışıq.
Bir balaca üstünlüyümüz var. Ancaq bu, futboldur. Ötən mövsüm də gördük ki, səfərdə qalib gələn komanda evdə uduzub, mübarizəni dayandırırdı. Bura Çempionlar Liqasıdır, hazırlaşıb, mübarizə aparmaq lazımdır.
Görmüşdüm ki, iki yerdə erməni bayrağı var. Bu, diqqətimi cəlb eləmişdi. Əsas futbolumuzu oynamaq idi. Biz Qarabağı təmsil edirik. Meydanda hansı bayraq olursa, olsun, bu komandanın formasını geyinmək bizim üçün qürurverici və şərəfdir. Qarabağ adı bizim üçün motivasiyadır. Allah qismət etsin, bu adı daha da yüksəklərə, zirvələrə qaldıraq.
"PAOK – “Ayaks” cütünün oyunları ilə maraqlanmırıq. Hazırda APOEL barədə düşünürük.
Bütün komanda ilk oyunda yaxşı idi. Hər kəs mübarizə apardı. Maqaye Qeyenin adına sevindim ki, ilk oyununda qol vurdu. İnşallah, formaya düşdükdən sonra daha faydalı olar".