"Keşlə"nin yeni transferi Əfran İsmayılov Sportal.az-a danışıb.
Paytaxt klubu ilə bir illik müqavilə bağlayan 30 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı bunları söyləyib:
- “Keşlə” məsələsi daha öncə də var idi. Sonradan danışıqlar yubandı, baş tutmadı. Bir sıra amillər var idi. Yenidən danışıqlar bərpa oldu və “Keşlə”yə keçidim rəsmiləşdi.
- Nə üçün danışıqlar yubandı. Başqa təkliflərə görə?
- Bəli, başqa təkliflərim də var idi. Danışıqlar gedirdi. Sonda “Keşlə” ilə anlaşdım.
- Adınız “Qarabağ”la da hallanırdı. Sabiq klubunuzdan təklif almışdınız?
- Xeyr, “Qarabağ”dan təklif almamışam.
- “Qarabağ” bu gün Çempionlar Liqasında APOEL-lə qarşılaşacaq. Oyunla bağlı fikirləriniz necədir?
- “Qarabağ” ilk oyunda səfərdə qalib gəldi, amma mərhələnin taleyi həll olmayıb. “Qarabağ”a inanırıq. Ümid edirik ki, mərhələni keçəcəklər. Çətin oyun olacaq, müəyyən üstünlük var. Komandanın mərhələ keçmək üçün yaxşı şansları var.
- Axşam stadionda olacaqsınız?
- İstərdim ki olum. Ancaq bu axşam məşqim var. Yayda hazırlıq keçməmişəm. Ona görə də axşam məşqə gedəcəm.
- Hazırlıq keçmədiyinizi dediniz. Çempionatın ilk turlarına hazır olacaqsınız?
- Baş məşqçi ilə danışacam. Nə məsləhət görsə, onu da edəcəm. Yayda hazırlıq keçməmişəm və bu da futbolçuya çətinlik yaradır. İnanıram ki, formamı bərpa edə biləcəm.
saytlarin hazirlanmasi