“Sabah”ın vingeri Hendrik Eksteyn Premyer Liqanın birinci turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı cənubi afrikalı futbolçu öncə oyunla bağlı danışıb:
- Həmişə üç xal haqqında düşünürük. Çətin görüş oldu, “Neftçi” güclü rəqibdir. Bir xal götürmək normal nəticə sayılmalıdır.
- İki topunuz dirəkdən döndü. Hesabı ədalətli sayırsınız?
- Deyə bilərəm ki, hərdən belə olur, qol şansları yaradırsan, amma dirək və tir buna mane olur. Bu, bəxtsizlikdir. 1:1 hesabı pis nəticə deyil.
- “Sabah” çempionluğa oynaya bilər?
- Məncə, biz UEFA zonasını da düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik.
- “Kayzer Çifs” kimi məşhur klubdan “Sabah”a niyə gəlmisiniz?
- Hər dəfə məkanı dəyişmək gözəldir, indi Azərbaycandayam. Mənə də maraqlı gəlir. Yeni macəradır.
- Adınız daha əvvəl “Qarabağ”la da hallanıb. Bu söhbətlər həqiqət idi?
- “Qarabağ”dan yox, “Səbail”dən maraqlanıb, təklif göndərmişdilər.
- “Səbail”in təklifini niyə qəbul etmədiniz?
- Əvvəlcə “Səbail”dən təklif almışdım. Qorxdum, bilmirdim hara və niyə gedirəm. “Sabah”dan təklif alandan sonra isə “Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, “Sabah”a keçməliyəm.
- Azərbaycanda oynaya-oynaya Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq mümkündür?
- Məncə, onlardan zəng ala bilərəm. Çünki xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədir. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək.
saytlarin hazirlanmasi