İpotekasını ödəməkdə çətinlik çəkirdi... - “Qarabağ”ın yeni transferinin hekayəsi

10:15 - 3 Sentyabr 2019

Azərbaycan çempionu "Qarabağ" heyətini bosniyalı qapıçı Asmir Beqoviçlə gücləndirib. Sportal.az təcrübəli əlcək sahibinin həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

 

Bir zamanlar ipotekasını ödəməkdə çətinlik çəkən, uşaqlarını stadionlara aparmaqdan imtina edən, futboldakı atmosferin bərbad olduğunu düşünən və xeyriyyə işləri ilə məşğul olan Asmir Beqoviç.

 

Beqoviç bu günlərdə "Beri" və "Bolton"un başına gələn hadisələri yaxşı başa düşür. Çünki bir zamanlar formasını geyindiyi "Portsmut"da iflasın nə olduğunu görüb:

 

"Həyat yoldaşım təzəlikcə cənuba köçmüşdü. İlk övladımız dünyaya gəlmişdi - özü də problemli şəkildə, planlaşdırıldığı tarixdən iki ay əvvəl. Bir ay idi ki, reanimasiyada saxlanılırdı. Üstəlik, evi təzə almışdım, ipoteka ödəyirdim... Anidən maaşların dayandırıldığını öyrəndim. Onda öz-özümə dedim: "Nə baş verir belə?" Bəlkə də, futbol sahəsi heç də insanların düşündüyü kimi deyil.

 

Əslində, o qədər də çox əmək haqqı da almırdım. Yaxşı ki, bir az kənara pul atmışdım. Amma yenə də, qarşılamalı olduğun müəyyən ehtiyaclar var. İpotekanı ödəyə bilmirsən və övladın dünyaya gəlib... Şükürlər olsun ki, həyat yoldaşımın ailəsi bizə kömək edirdi. Oyunçular borc verməkdən bəhs edirdilər. Həmin situasiyanı izah etmək çox çətindi. Ona görə də "Beri" və "Bolton" oyunçularının nələr yaşadığını başa düşə bilirəm.

 

Sonra təkliflər gəlməyə başladı. "Portsmut" fəaliyyətini davam etdirə bilmək üçün əlindəki yaxşı oyunçuları satmaq məcburiyyətində idi. İki-üç təklif var idi və seçməli idin. Maddi tərəfdən həyatını davam etdirmək üçün getməli idin. Mən də futbol baxımından da mənim üçün ən yaxşı variant olduğuna inandığım "Stok"u seçdim".

 

"Stok Siti"nin ardınca Beqoviç "Çelsi"nin yolunu tutur və Tibo Kurtuanın olduğu komandada oyun praktikası cəhətdən əziyyət çəkir. Bosniyalı üçün titullar uğrunda mübarizə ehtimalı daha ön plandadı:

 

"İdmançı, rəqabəti sevən biri kimi, fərq etməz, beş yaşım olsun və ya indi, həmişə ən yüksək səviyyədə oynamaq və özümə meydan oxumaq istəmişəm. "Ən yaxşı" olmaq istəyi, daha da güclü olmaq üçün cəhdlər və top səviyyədə oynamaq... - mən buyam. "Stok"da hər şey əla idi. Amma dünyanın ən yaxşı klublarında müntəzəm olaraq kuboklar uğrunda mübarizə aparmaq imkanı varsa, bunu seçərəm. Və sonda Joze Mourinyunun dönəmində "Çelsi"də oynamaq şansı əldə etdim".

 

Beqoviçin atası Amir də qapıçı olub və bosniyalının formalaşmasında onun rolu böyükdü:

 

"Atam əvvəllər professional səviyyədə bu işlə məşğul olub. Daim məni çalışdırardı. Atam olmasa, bugünkü kimi biri ola bilərdimmi? Məncə, yox.

 

Atamın komandasında talisman kimi bir şey idim. Uşaqlara icazə verilməsə də, komandanın avtobusunda birtəhər özümə yer tapardım. Deyərdim: "Narahat olmayın, mən pilləkənlərdə də otura bilərəm. Oyun günlərində atamın butslarını təmizləyər, əşyalarını hazırlayar və çantasını toplayardım. Ev, səfər, fərq etmirdi, hər oyunda yanlarında idim".

 

Sonra Bosniyada müharibə başlayır. Onda Asmirin 4 yaşı var imiş. Amir ailəsini də götürərək ölkəni tərk edir və Almaniyaya uz tutur. Asmirin 10 yaşı olanda isə Almaniyanı Kanadaya dəyişirlər.

 

Yaxın günlərdə Beqoviçin həmyerlisi və dostu Sead Kolaşinaç Londonda Mesut Özillə birlikdə hücuma məruz qalmışdı. Bu hadisə Asmirə də təsir edib:

 

"Şokda idim. Artıq küçəyə çıxmaq da olmur. Avtomobilini idarə edəndə belə, gözün arxada olmalıdı. Seadla danışmışam. Polis və təhlükəsizlik xidmətinin işçiləri ilə daim əlaqədə olmalıdılar. 24/7 nəzarət altında olmaqdan söhbət gedir. Belə bir şeyə məcbur qalmamalısan. Bu tip hadisələr, təhqir... - çarəsini bilmirəm. "Xərçəng xəstəliyinin çarəsini necə tapa bilərik?" - bax, buna bənzər bir şeydi. Oyunun kültürünü dəyişmək mümkündümü?; Hakimləri təhqir etməsək, olarmı? - bilmirəm..."

 

Beqoviç artıq uşaqlarını futbol izləmək üçün stadiona aparmır:

 

"Əksər idman yarışlarında 50 min adam hakimi "şərəfsiz" deyə çağırmır. Bu, sadəcə futbolda olan bir şeydi. Başqa idman növlərini də izləyirəm, orada da hərdən olur ki, kiməsə qarşı ictimai qınağa rast gəlirsən. Ancaq futbolda minlərlə insanın kimisə təhqir etməsi artıq adi hal alıb.

 

Məncə, futboldakı atmosfer bərbaddı. Uşaqlarımı oyunlara aparmıram. Hətta hansısa dostum oynamadığı müddətcə özüm də getmirəm. Elə hallarda belə, azarkeşlərlə birlikdə oturmuram. İki uşağım var. İnsanların danışıq dili, işlətdikləri təhqirlər... Bir dəfə uşaqlarla birlikdə oyuna getmişdik. "Ata, niyə bu adam səni belə adlandırır?" - qızım bu tip suallar verirdi. Müəyyən yaşa çatandan sonra onlar da başa düşürlər. Mən də ondan sonra öz-özümə dedim: "Bir də onları futbola aparmayacam".

 

Əvvəlcədən təhqirlərə hazır olmaq lazım gəlir. Sanki Alyaskaya gedirsən və havanın soyuq olub-olmadığı ilə maraqlanırsan. Belə olacağını əvvəlcədən bilməlisən. Yəni orada hava soyuqdu, odu ki, hazırlıqlı ol və yaxşıca geyin. Məncə, nə qədər bu tip şeylərə hazırlıqlı olsan, işin o qədər asanlaşır.

 

Cavan yaşlarımda qapıçı-məşqçim mənə demişdi ki, bu, bir gün baş verəcək. Təbii ki, anlamağım öhdəsindən gəlməkdə mənə yardımçı oldu. Amma nəticədə heç də yaxşı situasiya deyil. Vəziyyəti belə qəbul etməliyikmi? Əlbəttə yox. Bunun qəbul ediləsi tərəfi yoxdu".

 

Beqoviç ehtiyacı olan insanlara kömək etmək məqsədilə xeyriyyə fondu yaradıb. O, Bosniyada uşaqlar üçün xüsusi idman kompleksi tikdirmək istəyir. Öz maliyyəsi hesabına başa gələcək, ancaq hökumət ona mane olmaqda qərarlıdı:

 

"İndiki vəziyyətdə Bosniyadakı uşaqların bəziləri yaşamağa evləri olduğu üçün özlərini xoşbəxt hiss etməlidilər. Yoxsulluq baş alıb gedir, iqtisadiyyat bərbad vəziyyətdə və təbii ki, rüşvət... Biz isə uşaqları həvəsləndirmək, onlara bu yolla həm əyləncə imkanı tanımaq, həm də xəyallarının ardınca getmək üçün şans yaratmaq istəyirik. Başqa istəyimiz yoxdu.

 

Yerli məktəblər də daxil, layihəyə dəstək verənlər var. Ancaq yerin rəsmiləşdirilməsi ilə bağlı yaranan problemlərdən bəhs etsəm, qulaqlarınıza inana bilməzsiniz. Sanki yanlış bir şey etməyə çalışıram. Dəstək görməkdənsə, mənə qarşı mübarizə aparırlar. Sentyabrın əvvəllərində Bosniyaya gedəcəm və danışıqlar aparacağıq. Yeni generasiyaya yardım etmək istəyirik. "Ya indi, ya da heç vaxt" - vəziyyət ciddidi. Əks halda, cəmiyyət olaraq yanlış yoldan getməyə davam edəcəyik və proses getdikcə daha da dərinləşəcək".

 

Rüfət Məcid

Xəbər xətti