Adil Şükürov millinin Uelslə oyununu dəyərləndirdi - TƏHLİL

12:29 - 7 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi dördüncü oyununu keçirdi.

 

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Kardiffdə Uels millisi ilə qarşılaşdı. Kardiff şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

 

Milli komandamız yenə xala həsrət qaldı. Azərbaycan millisini sentyabrın 9-u evdə Xorvatiya ilə çətin sınaq gözləyir.

 

"Zirə"nin sabiq baş məşqçisi və akademiyasının sonuncu rəhbəri, "Şüvəlan"ın çalışdırıcısı olmuş Adil Şükürov Sportal.az saytı üçün millinin Uelslə oyununu dəyərləndirib:

 

"Oyun gözlənildiyi kimi, Uels komandasının üstünlüyü ilə keçdi. Buna baxmayaraq, komandamız sürətli əks-hücumlara çıxa bilirdi. Bu epizodların birində Ramil yaxşı açılan Mahirə ötürmə etdi. Meydanın mərkəzindən qapıçıya qədər qaçdı və qolu vurdu.

 

 

Demək olmaz ki, qapımızda 100 faizli qol epizodları oldu. Qapıçı Səlahətlə Pavel Paşayevin anlaşa bilməmələrinə görə kuryoz qol buraxdıq. Düzür, cinahlardan asmalar edirdilər. Ancaq Bəhlulla Maksimin oyununu qeyd etmək lazımdır. Bu iki futbolçu özlərinə çox inamlı şəkildə oynadı. Meydanın mərkəzində oynayanlardan Mahir, Qara, Riçardı qeyd etmək olar.

 

Qapanarkən Şəhriyar Rəhimovla Mahir Emreli də cinahlardan müdafiə olunurdu. Bununla da ikili müdafiə sistemi qurulurdu. Bu sistemlə altı müdafiəçi olur. Mərkəzdə isə Almeyda, Qara və Nazarov olurdu. Bu cür müdafiə xəttini yarmaq həqiqətən də çətindir.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

Eyni vaxtda sürətli əks-hücumlara da çıxmaq istəyirdik. Burada isə Ramil Şeydayevin oyununu qeyd etmək lazımdır. Şeydayev ötürülən pasları qəbul edirdi. Ramil öz işinin öhdəsindən gələ bildi. Komandamız həqiqətən də döyüşdü.

 

 

Üç gün sonrakı oyuna görə Yurçeviç əvəzləmələr elədi. İkinci hissədə Şəhriyar tam olaraq yorulmuşdu, meydanda yox idi. Nikola Yurçeviç onu əvəzləməklə düz etdi. Tam yorulandan sonra onu əvəzlədi. Xorvatiya ilə matçda Təmkin Xəlilzadənin oynamaq ehtimalı ola bilər. Təmkin az oynadı, daha tez bərpa olacaq. Xəlilzadə oyuna qoşulandan sonra bir dəfə sürətli əks-hücuma çıxdı, cərimə zərbəsi qazandı. Şeydayevin zərbəsi canlı səddən qayıtdı.

 

 

İkinci buraxdığımız qolda isə Qaret Beylin ustalığı öz sözünü dedi. O hündürlüyə tullandı və başla topa toxundu. Bu da futbolçunun ustalığından xəbər verir. Göstərdi ki, “Real”ın əsas futbolçularından biridir. Ümid edək ki, Xorvatiya ilə oyunda da yığma komanda belə döyüşəcək.

 

Image result for gareth bale

 

Xorvatlarla matçda hansısa rotasiyalar etmək olar. Fikrimcə, Uelslə oyunda Almeydanın əvəzinə Rəşad Eyubovu deyil, Cavid Hüseynov meydana buraxılsaydı, daha məqsədəuyğun olardı. Belə halda Cavid cavab görüşünə hazır olardı. Dmitri Nazarovun əvəzinə Xorvatiya ilə matçda Emin Mahmudova şans vermək olar. Bu, çox yaxşı variantdır. Əsas problem müdafiədədir. Maksimlə Bəhlulun bərpa olması vacibdir. Şəhriyarı Təmkinlə əvəzləmək mümkündür. Mahir Emreli isə Xorvatiya ilə matçda da oynamalıdır".

 

Mehman Əşrəfov

Xəbər xətti