Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyanı qəbul edəcək.
Yığmanın baş məşqçisi Nikola Yurçeviç Uelslə oyundan sonra heyətdə bir neçə dəyişiklik edəcək.
Britaniyalılarla oyunda səhvlərlə yadda qalan Səlahət Ağayevin yerinə qapıda Emil Balayevin duracağını ehtimal etmək olar.
Müdafiə xəttinin mərkəzində Uelslə oyunda yaxşı performans göstərən Bəhlul Mustafazadə və Maksim Medvedev tandem təşkil edəcək. Cinahlarda isə Pavel Paşayevlə Təmkin Xəlilzadə mübarizə apara bilər. Milliləşdirilmiş Anton Krivotsyukun yığmaya fayda verəcəyini gözləməyə dəyməz.
Yarımmüdafiənin mərkəzində Qara Qarayevlə Riçard Almeydanın oynayacağını təxmin etmək mümkündür. Hücumameyilli yarımmüdafiəçilərdən Dmitri Nazarovla Mahir Emrelinin şans qazanacağı gözləniləndir. Yaxşı formada olan Ağabala Ramazanov da bu görüşdə meydana çıxa bilər.
Hücum sivri ucunda isə Ramil Şeydayev daha effektlidir.
Xorvatiya millisi isə Slovakiya ilə oyundakı heyətlə meydana çıxa bilər:
Dominik Livakoviç - Borno Barişiç, Domaqoy Vida, Deyan Lovren, Karlo Bartolets - Marselo Brozoviç, Luka Modriç, Nikola Vlaşiç - Ante Rebiç, İvan Perişiç, Bruno Petkoviç.