Premyer Liqanın V turunun TƏHLİLİ

11:32 - 25 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında beşinci tur arxada qaldı.

 

Tura Sumqayıtda start verildi. Şəhərin eyni adlı təmsilçisi "Sabah"a 1:0 hesabı ilə qalib gəldi. "Qəbələ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdi.

 

"Neftçi" evdə "Keşlə"nin müqavimətini qıra bilmədi - 0:0. Lider "Qarabağ" səfərdə "Zirə"dən güclü oldu - 3:1.

 

Futbol mütəxəssisi Adil Şükürovla idman yazarı İlqar Tağıyev Sportal.az saytı üçün Premyer Liqanın beşinci turunu dəyərləndirib.

 

İlqar Tağıyev:

 

“Sumqayıt” – “Sabah” oyunu gərgin keçdi. Buna oyunda verilmiş sarı vərəqələr və “Sumqayıt”ın hücumçusu Mehdi Şərifinin aldığı qırmızı vərəqə də nümunədir. Hər bir komanda üç xalın vacibliyini bilirdi. “Sabah”dakı məlum dəyişikliklərdən sonra əvəzedicilərin çalışdırıcısı Rövşən Babayev komandanın oyununda gözəçarpan dəyişikliklər etdi. Məqsəd İsayevlə Təmkin Xəlilzadə eyni cinahda çıxış etdi, Ruslan Abışov dayaq yarımmüdafiəçi mövqeyinə çəkildi, Filip İvanoviç isə ilk dəfə start heyətdə yer aldı. Bu da komandanın oyununa təsir etdi.

 

 

Ruslanla Cavidin meydanın mərkəzində oynaması hücum keyfiyyətlərinin artırılması üçün atılmış addım idi. Təmkinlə Məqsəd eyni anda cinahda hücumlara fəal çıxırdılar. Ozancan Kökcünün də fəallığını qeyd etmək olar. Qol epizodları bol olmasa da, matçda gərginlik yarada bilirdi. Bu da başadüşülən idi. “Sumqayıt” isə öz oyun üslubuna sadiq qaldı: müdafiəyə fikir verməklə rəqibi əks-hücumlarda cəzalandırmaq.

 

 

İşlənilmiş taktiki gedişlərin birində Səbuhinin cinahdan ötürməsindən sonra Sərtan Taşkın Təmkindən yayındı və hesabı aça bildi. Bu qolda oyunu yüksək səviyyədə keçirən Bəhlul Mustafazadənin də müəyyən qədər payı oldu. Bəhlul başının üstündən keçən topa toxunmağa borclu idi.


«Sabah» bu oyuna 4-1-4-1 taktiki sxemi ilə çıxmışdı. Hesabda geri düşdükdən sonra Rövşən Babayev oyunun müəyyən hissələrində bu sxemi dəyişsə də, hücum xəttinin dişsizliyi və ən əsası güclü külək sözünü dedi. «Sumqayıt» tək qolla vacib 3 xal qazandı və indi 6 xalla 3-cü yerdəki «Keşlə»dən 1 xal geri qalır. Ayxan Abbasovun komandasının növbəti turda «Qarabağ»la oyunda xal götürməsi inandırıcı görünmür. «Sabah»sa «Səbail»lə qarşılaşacaq. 


Artıq komanda İqor Ponomaryova tapşırılıb. Olimpiya çempionumuzun «Sabah»ı «qara zolaq»dan çıxarıb-çıxarmayacağını «Səbail»lə oyundan sonra biləcəyik.

 

“Neftçi” – “Keşlə” oyunundan öncə turnir cədvəlinə baxanda oyunun necə əhəmiyyətli olduğu görünürdü. “Neftçi”nin çempionluq uğrunda mübarizəsi üçün üç xal böyük əhəmiyyət kəsb edirdi. İndidən demək olar ki, «Neftçi» ən yaxşı halda gümüş medallara iddia edə bilər. Qazanılan qələbə «Neftçi»ni liderər qrupuna yaxınalaşacaqdı. “Keşlə” də bu oyundan ən azı bir xal qazanmaq istəyirdi. Belədə növbəti turda “Zirə” ilə üçüncü yer uğrunda mübarizə aparacaqdı.

 

 

Roberto Bordin oyuna iki müdafiəyə meyilli yarımmüdafiəçini start heyətdə meydana buraxmışdı. O, cinah müdafiəçiləri – Donald Gerye və Tural Axundovun fəallığına inandığı üçün bunu etmişdi. Bunu analiz edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov 4-1-4-1 taktiki sxeminə üstünlük verdi. Lorenso Frutos, Ruslan Qurbanov və Vüsal İsgəndərlinin davamlı olaraq hücumda qalmaları Gerye ilə Turalın hücumlara növbəli şəkildə çıxmasına səbəb olurdu. Belə epizodların birində Gerye ikinci sarı vərəqəni aldı və komandasını azlıqda qoydu.

 

 

“Neftçi” 10 nəfərlə qalsa da, hücumlara davam elədi. Bordinin qırmızı vərəqədən sonra verəcəyi qərar maraq doğururdu. O, hücumameyilli Darionu meydanda çıxardı və əvəzinə Ömər Buludovu oyuna buraxdı. Bu, bir az təəccüblü oldu. “Neftçi”nin futbolçuları “Qarabağ”ı çıxmaq şərti ilə digər komandalardan təcrübə və ustalıq baxımından üstün görünür. Roberto Bordin bu qərarla demək olar, bir xala razılaşmışdı. 

 

Emin Mahmudovun zəif oyununu qeyd etməliyik. Ötən çempionatla müqayisədə öz imkanlarından aşağı səviyyədə çıxış edir. “Neftçi” Emindən daha yaradıcı oyun gözləyir. O, isə bunu hələ ki göstərmir. “Keşlə”də Sezar Meza Kolli və Tural Bayramlını müsbət tərəfdən qeyd etmək olar. Hücumçuları oyuna yaxşı qoşurlar və keyfiyyətli olduqlarını göstərirlər. Həqiqətən də Tural Bayramlı bu çempionatın tapıntılarından biridir.

 


Oyuna gəldikdə, matç sona yaxınlaşdıqca azlıqda qalan «Neftçi» rəqibin məğlub olmaqdan qorxduğunu hiss etdi və daha rahat şəkildə hücum çıxmağa başladı. «Keşlə»nin bir xala razı olması gedişatdan açıq-aydın hiss olunurdu. Matçın son dəqiqələrində isə rəqibi əks-hücumda yaxalayan qəsəbəlilərin futbolçusu Sezar Meza Kollinin yerdə qalmış və hansısa ciddi zədə almayan komanda yoldaşı İlkin Qırtımova görə hücumun sürətini azaltması və topu kənara göndərməsini anlaya bilmədim. Həmin hücum bəlkə də qolla nəticələnəcəkdi.

 

Adil Şükürov:

 

“Qəbələ” akademiyasının uşaqları turdan-tura təcrübə yığır. Öz sözlərini deməyə qadir olduqlarını göstərməyə çalışırlar. Çempionatda çox komandaya başağrı olacaqlarını nümayiş etdirmək iqtidarındadırlar. İnanıram ki, “Qəbələ” akademiya uşaqlarına güvənməklə gələcəkdə daha yaxşı yerlərə iddia edəcək. Oyun heç kimin gözləmədiyi məcrada keçdi. “Qəbələ” “Səbail”in meydanı tərəfdə rəqibi sıxıb, pressinq edirdi və sürətli hücumlar qurmağa çalışırdı.

 

 

“Qəbələ”nin yarımmüdafiəçiləri – Roman Hüseynov, Fernan Lopes və Merab Qiqauri “Səbail”in orta xəttində oynayan Rahid Əmirquliyevlə Yevgeni Koçuku saya görə üstələyirdi. Bu, oyuna da təsir edirdi. Bunu Aftandil Hacıyev vaxtında gördü və dəyişiklik etdi. Turan Manafovu meydandan çıxardı və gənc Ədilxan Qarəhmədovu oyuna daxil edərək tarazlıq yaratdı.

 

 

“Qəbələ”nin gənc oyunçularında özünəinam var idi. Rövlanın 17-ci dəqiqədə vurduğu qol fəallığın nəticəsi idi. “Səbail” isə bundan sonra hücumları artırdı və 68-ci dəqiqədə Fəhmin Muradbəylinin ötürməsini Mirabdulla Abbasov qola çevirdi. Qoldan sonra “Qəbələ” üstünlüyü ələ keçirməyə çalışırdı və açıq futbol oynamağa başladı. Bir neçə təhlükəli epizod yarada bildi. “Qəbələ” təcrübə topladıqca daha yuxarı yerlər üçün mübarizə aparacaq.

 

"Qarabağ" ardıcıl qələbələrinə davam edir. İlk hissədə “Zirə” müdafiədə oturdu. Əgər komanda ilk dəqiqələrdən geri çəkilməsəydi, bəlkə də, hesab belə olmazdı. “Zirə”də müdafiədən orta xəttə top çatmırdı. Cinahlar geniş oynamırdı. Asmalar da kəsərli alınmırdı.

 

 

Komanda ancaq meydanın mərkəzində Cavid Hüseynovun sayəsində iş görmək istəyirdi. Bu da alınmırdı. Hiss olunurdu ki, Cavid bu oyunda ansambldan geri qalırdı. Ümumilikdə, “Zirə”nin orta xəttinə pis demək olmaz, keyfiyyətli oyunçular var. Amma müdafiəyə qayıtmırlar, kömək etmirlər. Alvaro Ampuero aktivdir, yaxşı müdafiə olunur, amma hücuma çox qoşula bilmirdi.

 

 

Soni Norde ilk hissədə meydanın hər yerində görünsə də, faydalı iş əmsalı aşağıydı. Ampueronun da hücuma qoşulmağının qarşısını kəsirdi. “Qarabağ”ın orta xətti güclü olduğu üçün bu oyundan qalib ayrıldı. “Zirə”də daha çox diqqətçəkən Elvin Camalov idi. Sanki tək oynayırdı. Elvin hücumlarda, həm də müdafiədə aktiv iştirak etdi. “Qarabağ” güclü mərkəz xəttini asanlıqla keçməsi də futbolçunun formada olmasına bir işarədir.

Xəbər xətti