“Qarabağ”ın qələbəsini, millinin biabırçı məğlubiyyətini qeydə alan Biton

14:51 - 30 Sentyabr 2019

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la səfər oyununu idarə edəcək Con Biton Ağdam klubuna və ümumiyyətlə Azərbaycan futboluna tanış addır.

 

Sportal.az xəbər verir ki, şptlandiyalı referi daha əvvəl “atlılar”ın bir oyununu, yığma komandaların isə iki matçını idarə edib.

 

Şotlandiyalı referi əvvəlcə U-19 millisinin AVRO-2015-in seçmə mərhələsində “Macarıstan”a qarşı səfər matçında iş başında olub. 1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşdə Biton Azərbaycanın 4, Macarıstanın 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. O həmçinin qırmızı vərəqə ilə macarların bir futbolçusunu meydandan qovub.  Azərbaycan millisinin yeganə qoluna Budaq Nəsirov imza atmışdı.

 

38 yaşlı referi 2016/17 mövsümündə Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsində PAOK-la səfər görüşünü idarə edib. Saloniki şəhərində reallaşan görüşdə ağdamlılar meydan sahiblərini 1:0 hesabı ilə yenmişdi. Biton "Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedevi sarı vərəqə ilə cəzalandırmışdı. PAOK-un isə üç futbolçusu xəbərdarlıq almışdı.

 

Biton sonuncu dəfə Azərbaycanın əsas millisinin oyununda iş başında olub. Yığmanın “Bakcell Arena”da Slovakiyaya 1:5 hesablı yenilgisini qeydə alan ədalət təmsilçisi komandamızın bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Xəbər xətti