Qurban Qurbanovun "Qarabağ"la Avropada 100-cü oyunu - statistika nə deyir?

11:58 - 1 Oktyabr 2019

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”a (Lüksemburq) qarşı səfər oyunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matç əlamətdar olacaq.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma 47 yaşlı mütəxəxsisin "atlılar"ın baş məşqçisi kimi Avropa Kuboklarında 100-cü oyunu olacaq.

 

"Qarabağ" Qurbanovun rəhbərliyi altında keçirdiyi 99 görüşün 39-da qələbə qazanıb, 27 heç-heçə edib və 33 dəfə uduzub. "Qarabağ" bu oyunlarda 105 qol vurub, 104-nü buraxıb.

 

Təcrübəli çalışdırıcı Avropa turnirlərində “Neftçi”ni 2, “Qarabağ”ı 99 oyuna çıxarıb. Qurbanovun Avropada debütü "Neftçi"nin 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə səfər matçına təsadüf edib. Həmin görüşdə "ağ-qaralar" 1:3 hesabı ilə uduzmuşdu.

 

“Düdelanj” – “Qarabağ” görüşü oktyabrın 3-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər xətti