“UEFA idmanı siyasətə qatanları cəzalandırmalıdır” - “Qarabağ” rəsmisi

14:48 - 4 Oktyabr 2019

“UEFA nümayəndəsinin matçla bağlı hesabatına bütün detalları qeyd etdirmişik. Prosedura uyğun olaraq növbəti addımlar atacağıq və gərəkli bütün tədbirlər görüləcək”.

 

Sportal.az xəbər verir ki, bunu “Report”a “Qarabağ”ın baş meneceri Asif Əsgərov UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdikləri matçda erməni təxribatı ilə üzləşmələrinə münasibət bildirərkən deyib.

 

Klub rəmisi insident zamanı “Qarabağ” azarkeşlərinin polis tərəfindən həbs edilmələrinə imkan vermədiklərini söyləyib: “UEFA bəyan edir ki, idman siyasətə qarışmamalıdır. Ona görə də Avropa futbol qurumu bunun əksinə gedənləri də cəzalandırmalıdır. Dünən azarkeşlərimizin həbs edilməsinə imkan vermədik. Polisin həbs etmək istədiyi azarkeşlərimizi buraxdırdıq və stadiondan kənara aparılmalarına imkan vermədik”.

 

“Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

 

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.

Xəbər xətti