"Qarabağ” uzun müddətdi Qarabağsız qalan ölkəmiz üçün böyük dəyərdi. Nə boyda dəyər olduğu dünən bir daha isbatlandı.
..."Düdelanj”ın qapısından 2-ci topu keçirən ağdamlılar qəribə "sürpriz"lə qarşılaşdı. "Jozi Bartel" stadionunun meydançası üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı göndərildi. Matç 24 dəqiqə dayandırıldı... Ruhdan düşməyən ağdamlılar oyun ritmindən qopmadığını qalan dəqiqələrdə də ortaya qoydu və haqq etdiyi parlaq zəfərə qovuşdu.
4:1 hesabı öz yerində, 90 dəqiqə boyunca aydın nəzərə çarpan səviyyə fərqi Azərbaycanın yeganə üzüağ komandasının tərəfdarlarını qürurlandırdı... Əlbəttə, olar! Qrupdan çıxmaq arzusu reallıqla uzlaşan diləkdi. Yerli futbolsevərlərə görmədiyi anları yaşadacaq sambalda komanda var. Sabitliyini və sakitliyini bütün hallarda qoruyan QARA ADAMLAR "Qarabağ” adının məsuliyyəti altında irəliləyir. Ən əsası isə o görkəmli, duyğusal, QARA ruhdu. Bütün QARABAĞlıları - zəfər sevdalılarını uğurlara yeriklədən ruh... Həmin ruh oyundan sonra baş məşqçi Qurban Qurbanovun verdiyi açıqlamada boy göstərdisə, dünən gecə futbolçu missiyasını inamla yerinə yetirən "döyüşçülər”in reaksiyalarında da nəzərə çarpdı.
..."Dığalar”ın xislətinə layiq həmləsini, bizim futbolçuların rəngli əskinin meydana düşməsinə mane olmasını, şotland referi Con Bitonun meydandakı qarabağlıları anlayışla qarşılamasını hamımız gördük. Elə fasilədəcə Lüksemburqun idman nazirinin təxribata görə təmsilçimizdən üzr istədiyini də eşitdik. Bəlli məsələdir, mövzu bir müddət gündəmdən düşməyəcək...
Düşmən qoxusu olan yerdə qələbəyə sevindik. Deməli, hələ son deyil. Zaman ötdükcə xarlayan balı xatırladan Qarabağ problemi də nə vaxtsa aradan qaldırıla bilər. Öz xalqının idman dünyasındakı uğurlu elçisi avropalıların diqqətini haqq davamıza yönəldə bilirsə, şübhəsiz çox böyük iş görür. Bəbəkləri inam işığına bürüyən, zülmətin sonundakı aydınlığı göstərən QARA ruhun "köhlən atlar”ı tərk etməyəcəyinə, ilklərə daşıyacağına inanaq.
Yeri gəlmişkən, bir futbol klubundan daha böyük anlayışın - "Qarabağ”ın Avropa matçlarında Azərbaycanın idman mətbuatının dəstəyini alması da mütləqdi. Dünən "Jozi Bartil” stadionunda baş verənlərin pərdə arxasında qalan məqamları xalqa vaxtında, necə deyərlər, isti-isti çatdırılmalıydı. Təbii, rəqib meydanındakı oyunları və matç ətrafında yaşananları işıqlandırılması işini təmin etmək Ağdam klubunun borcu deyil. Amma siyasi olayların idmanla əlaqəsini yaxşı bilən qələm əhlinin "Qarabağ”ı belə mənəvi, psixoloji döyüşlərdə tək qoymaması önəmli şərtdi. Ən azı oyunu canlı yaymlayan "CBC Sport"un şərhçisinin stadiona yer alması, baş verənləri vaxtında tamaşaçılara çatdırması daha yaxşı olardı. Bu halda yüzminlərlə insan dəqiqələr boyunca nəyin baş verdiyini anlamadan gözünü televizorun ekranına zilləmək, əlavə mənbələr axtarmaq məcburiyyətində qalmazdı. Bu dəfə belə oldu, ümid edək ki, gələn oyunlarda hər şey daha yaxşı olacaq...
Fanat.az
saytlarin hazirlanmasi