“Qəbələ”nin sabiq prezidenti Tale Heydərov “Qarabağ”dan yazıb.
Sportal.az xəbər verir ki, Heydərov şəxsi bloqundakı “Cümə axşamı gecəsinin işıqları” məqaləsində Ağdam klubunun Avropadakı çıxışından, Lüksemburqdakı erməni təxribatından söz açıb:
“Futbol klubların loyallığı nöqteyi-nəzərindən adətən şəhərləri, cəmiyyəti, hətta ailələri ayırır. Buna baxmayaraq, Azərbaycanda keçirilən avrokubok oyunlarını bütün xalqlar izləyir və xüsusilə Azərbaycanın çempionu “Qarabağ” oynayırsa, hamı birləşir. 2017-2018 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu UEFA yarışlarında ümumilikdə 87 oyun keçirib, onların 33-də qələbə qazanıb, 22-də heç-heçə edib.
Qrupdakı ilk oyununu "Sevilya"ya qarşı keçirən "Qarabağ" oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub etmişdi. Bu həftə isə onlar avqustda Nikosiyada 2:1 hesabı ilə məğlub etdikləri APOEL-lə heç-heçə oynadı. Bu cür Avropa klubları ilə qarşılaşma Azərbaycan futbolunun keyfiyyətini yüksəldir və biz Messi və Ronaldodan ilhamlanan yaxşı futbolçuların yetişəcəyinə ümid edirik.
Ancaq yerli azarkeşlərin "Qarabağ"ı dəstəkləmələrinin daha ciddi səbəbi var. Bu, bir komandadan daha artıqdır. Onlar daha böyük məfhumun rəmzidir. 1951-ci ildə yaranmış komanda Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam şəhərini təmsil edir. "Qarabağ"ın təsirli bir ləqəbi də var - "hər zaman evindən uzaqda oynayan komanda". 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdi. Komandanın o vaxtkı baş məşqçisi Allahverdi Bağırov tank əleyhinə minaya düşüb, şəhid oldu. O, cəsur vətənpərvər idi. 1992-ci ildə törədilən Xocalı faciəsi zamanı xeyli Azərbaycan vətəndaşını xilas etmişdi.
"Qarabağ" işğaldan sonra 1966-cı il dünya çempionatında İngiltərənin Qərbi Almaniya üzərində qələbəsində həlledici rol oynayan yan xətt hakimi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna köçdü.
Faktdır ki, "Qarabağ" erməni işğalına görə indiyə kimi evində oynaya bilmir. Bu, hələ də qanayan yaradır. Onlar tez-tez təxribatla üzləşirlər. "Düdelanj"la oyunun 20-ci dəqiqəsində erməni nümayişçiləri dron vasitəsilə stadionda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmışdılar. İdmanda bu cür təxribatçı hərəkətlərə yer yoxdur. Bu addım yalnız iki xalq arasında düşmənçilik hissini daha da artırır.
Ermənistan - Azərbaycan münaqişəsi 30 ildən artıqdır davam edir. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğal olunmuş əraziləri tərk etməyə çağıran 4 qətnaməsi də heç bir nəticə vermədi. Yüz minlərlə azərbaycanlı, qadın, uşaq ölkə daxilində məcburi köçkün kimi yaşayır.
Hələ ki, "Qarabağ"a stadionlarda azarkeşlik edir və uğurlarına sevinirik. Amma hər qələbə sonradan yenə kədərə boyanır. Amma ümid edirəm ki, tezliklə beynəlxalq təşkilatlar onların öz stadionlarında oynaması və regionda davam edən problemə son qoyulması üçün lazımı diqqəti ayıracaq".
saytlarin hazirlanmasi