"Neftçi" ilə qalmaqal yaşayan futbolçu Azərbaycandan təklif alıb

16:30 - 28 Aprel 2020

"Levski"nin və Monteneqro millisinin qapıçısı Milan Miyatoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az "Tema Sport"a istinadən xəbər verir ki, 32 yaşlı əlcək sahibi Bolqarıstan klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq.

 

Miyatoviç Azərbaycandan başqa, Qazaxıstan və Kiprdən də təklif alıb.

 

Təcrübəli qapıçının 2016-cı ildə "Neftçi"yə keçmək ehtimalı olub. Paytaxt təmsilçisi Miyatoviçin tibbi müayinədən uğursuz keçdiyini əsas gətirərək, futbolçu ilə müqavilə bağlamamışdı. Qolkiper isə sportal.az-a açıqlamasında səhhətində problem olmadığını bildirmişdi. O, ölkəsinin "Bokel" klubuna keçdikdən qısa müddət sonra Avropa Liqasının matçına çıxmışdı.

 

Miyatoviçi geri göndərən "Neftçi" əvəzində Krşevan Santinini transfer etmişdi. Xorvatiyalı qapıçının müqaviləsi mövsümün gedişində ləğv edilmişdi.

Xəbər xətti