“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Kabo-verdeli futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasına tam olmasa da, hazır olduğunu deyib:
“Premyer Liqanın XXIII turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.
Aprelin 29-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda keçirilən ilk oyun qolsuz başa çatıb.
saytlarin hazirlanmasi